Hər şey belə başladı: Birinci yəhudi-ərəb müharibəsi, yaxud İsrail necə yaranmışdı

      Hər şey belə başladı:    Birinci yəhudi-ərəb müharibəsi, yaxud    İsrail necə yaranmışdı
  23 Oktyabr 2023    Oxunub:4561
XIX əsrin axırlarında dünya yəhudiləri arasında ata-baba torpaqlarına qayıdış ideyası qətiləşir. Amma Birinci Dünya Müharibəsindən sonra Fələstin Britaniya mandatlığına verilir və ingilislər yəhudilərin ora qayıtmağına mane ourlar. İkinci Dünya Müharibəsi zamanı sionistlər anti-Hitler koalisiyasındakı müttəfiqləri dəstəkləsələr də, problem aradan qalxmır - Britaniya hakimiyyəti hətta 1945-ci ildən sonra da yəhudilərin Fələstinə miqrasiyasına ciddi məhdudiyyətlər qoymuşdu.
Belə olanda Fələstindəki yəhudi icması Britaniya mandatına qarşı silahlı üsyan hazırlıqlarına başlayır. Üç gizli təşkilat - HAQANA, IRQUN və LEHI ingilislərə qarşı təxribat və terror aktları həyata keçirirdilər. Cavabında ingilislər yəhudiləri kütləvi şəkildə repressiya məruz qoydular - həbs etdilər və Fələstindən qovdular.
1944-cü ildə LEHI yaraqlıları Yaxın Şərq İşləri üzrə nazir Baron Valter Ginnessi Misirdə güllələyirlər. O hesab edirdi ki, müasir yəhudilər qədim yəhudilərin varisləri deyil və "Müqəddəs Torpaqda heç bir hüquqları yoxdur".

1946-ci ilin sonlarında İngiltərə yəhudi-ərəb münaqişəsini həll edə bilməyəcəyini anlayır və Klement Ettli hökuməti Fələstin mandatından imtina etmək qərarına gəlir.

“5 mart. Məxfi.
1946-cı il sentyabrın 10-da açılan Fələstin üzrə London konfransı uğursuz başa çatdı.
London konfransında iştirak etməyən yəhudilər həm ingilislərin, həm də ərəblərin təkliflərini rədd etdilər.
Britaniya hökuməti Fələstin hökuməti üçün yeni plan təqdim etdi - iki muxtar kanton: mərkəzi üçtərəfli hökumətə tabe olmalı olan yəhudi və ərəb kantonu.
Bu layihə həm ərəblər, həm də yəhudilər tərəfindən rədd edildi”.
SSRİ Xarici İşlər Nazirliyinin Yaxın Şərq Departamentinin Fələstin problemi haqqında məlumatı.


Altı ay sonra, 1947-ci ilin noyabrında yeni yaradılmış Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstinin bölünməsi planını qəbul etdi. Bu plan Britaniya mandatının dayandırılmasını və iki dövlətin yaradılmasını nəzərdə tuturdu. Yerusəlim və Beytlehem beynəlxalq nəzarət altında olan ərazilərə çevrilməli idi.
Planın qəbulu ABŞ və SSRİ tərəfindən dəstəkləndi. Xalq komissarının köməkçisi Mixail Vetrovun xatirələrinə görə, Stalin deyibmiş ki, “İsrailin yaranması ərəb dövlətləri üçün ağrılı olacaq və onları İngiltərədən üz döndərməyə məcbur edəcək”.


Qismən Britaniya mandatı altında yəhudi hökuməti kimi fəaliyyət göstərən və “Soxnut” adı ilə tanınan Yəhudi Agentliyi BMT-nin planını qəbul edir. Lakin Ərəb Liqası bununla razılaşmır. Ərəb liderlərinin fikrincə, bu plan Fələstinin ərəb əksəriyyətinin - əhalinin 67%-nin hüquqlarını pozurdu.
1947-ci ilə qədər yəhudilər Fələstin əhalisinin 31%-ni təşkil edirdi. Şəhər ərazisinin yarısı və əkin sahələrinin təxminən 15%-i onlara məxsus idi. Qalan ərazilər ərəblərə və ya Britaniyanın mandat orqanlarına aid idi.
Lakin 1948-ci il mayın 15-də ingilislər Fələstindən geri çəkilməli oldular. Bəs onlardan qalan torpaqlar kimə çatmalı idi?

Britaniya mandatının sona çatmasından bir gün əvvəl, 1948-ci il mayın 14-də sionistlərin lideri David Ben-Qurion İsrail dövlətinin yaradıldığını elan edir. Hadisə Təl-Əvivdəki muzey binasında baş verdi. Müstəqilliyi elan etmək ideyasını Ben-Qurionun MAPAY partiyasındakı heç də bütün tərəfdarları dəstəkləmirdilər. Ancaq geriyə dönüş yox idi.


“Biz İsrail dövlətində yaşayan ərəb xalqının övladlarını bir neçə ay əvvəl bizə qarşı başlanmış qanlı təcavüzün bu günlərində belə sülhü qorumağa və tam vətəndaş bərabərliyi, bütün qurumlarda müvəqqəti və daimi müvafiq nümayəndəlik əsasında dövlət quruculuğunda iştirak etməyə çağırırıq”
İsrailin Müstəqillik Bəyannaməsindən

Həmin vaxt artıq Fələstində müharibə gedirdi - ingilislərin getməsini gözləyən yəhudilər daha çox ərazi tutmağa, ərəblər isə buna mane olmağa çalışırdılar. İsrail qoşunlarının sayı, müxtəlif mənbələrə görə, 20 ilə 50 min nəfər arasında dəyişirdi; fələstinlilər dağınıq idilər və onların bölgədəki nizami qüvvələrinin sayı 10 minə yaxın idi.

Əvvəlcə arabir atışmalar oldu, əhalisi qarışıq olan şəhərlərdə ərəblər yəhudilərə qarşı hücuma keçdilər. HAQANA vaxtaşırı basqınlarla cavab verirdi. 1948-ci ildə müharibə daha qanlı mərhələyə keçdi - Ərəb Azadlıq Ordusunun yüzlərlə əsgəri Yuxarı Qalileydəki Kfar Sold kibutsuna (kənd təsərrüfatı kommunası) hücum etdi, lakin uğur qazana bilmədi.
Qeyd etmək lazımdır ki, həmin müharibədə israillilərə tez-tez ingilis qoşunları kömək edirdi. Yaxud döyüşlər və cəza tədbirləri kral Quru Qoşunlarının razılığı ilə baş verirdi.


Həmin müharibədə xarakterik situasiyalar Tiberiya və Hayfa şəhərlərində gedən döyüşlədə baş verdi. Qədim Tiberiya yəhudilər üçün müqəddəs şəhər idi; bir zamanlar İsa Məsih onun yaxınlığında yaşadığı üçün bu şəhər xristianlar üçün də önəmlidir. 1948-ci ildə Tiberiya döyüş meydanına çevrildi. HAQANA ora hücum edərək 80-ə yaxın yerli sakini öldürdü. İngilis qoşunları ərəblərə müdafiə vəd etsələr də, qarışmadılar. Ərəb əhalisi şəhərdən təxliyə olundu.

Növbədə Fələstində ikinci ən böyük ərəb əhalisinə (70 min nəfərə yaxın) malik olan Hayfa idi. Varlılar şəhərdən qaçdılar. Ərəb əhalisi lidersiz qaldı. Ərəblər zəif silahlanmış və dağın ətəyində əlverişsiz strateji mövqe tutmuşdular. Yəhudilərin minaatanları var idi və yüksəklikdə yerləşirdilər. İngilislər onların arasında dayansalar da, tezliklə çıxıb getdilər. HAQANA ərəb məhəllələrinə hücum etdi. Şəhərdə çaxnaşma başladı. Hər tərəfdən yüzlərlə insan həlak oldu.


May ayında şiddətli döyüşlərdən sonra Safed şəhəri süqut etdi və ərəb əhalisi onu tamamilə tərk etdi. Yaffada yəhudi qoşunlarının hücumları nəticəsində bir çox ev dağıldı.
Müharibə davamlı terror aktları - partlayışlar və qətllərlə müşayiət olunurdu. Onları həm yəhudi, həm də ərəb yaraqlıları həyata keçirir, hər iki tərəfdən yüzlərlə dinc sakin həlak olurdu. Çox vaxt hər iki tərəfin hərbçiləri əsirləri güllələyirdilər. Repressiyalar çox qanlı idi - rəqiblər tez-tez bir-birinin başlarını kəsirdilər.

Yəhudi dövlətinin elan edilməsi ilə eyni vaxtda qonşu ərəb ölkələrinin orduları Fələstinə soxuldu. İşğalda Misir, İraq, Suriya, Transiordaniya, Livan və Səudiyyə Ərəbistanından olan qüvvələr - ümumilikdə təxminən 50 min süngü iştirak edirdi. Mayın 15-də Misir aviasiyası İsrail şəhərlərini bombalamağa başladı. Bombanın avtobus dayanacağına düşməsi nəticəsində 42 nəfər həlak oldu. Misirlilər Britaniyanın sonuncu hava bazasını da bombaladılar. Quruda Misir tankları və piyadaları Aşdoda çatdılar.


Transiordaniya kralı Abdullah öz ordusuna şəxsən rəhbərlik edərək tapançadan havaya atəş açmaqla irəliləmək siqnalı verdi. Onun qoşunu iki həftə ərzində İordan çayını keçərək, Yerusəlimi ələ keçirdi, yəhudi məhəlləsini qarət etdi və sinaqoqları partlatdı. Ancaq israillilər Qərbi Qüdsü nəzarətdə saxlamağa davam edirdilər.

Maraqlıdır ki, İsrail ordusu köhnə alman texnikasından – “Messerschmit Bf.109” təyyarələrindən və “PzKpfw IV” tanklarından fəal şəkildə istifadə edirdi. Ərəblərdə Fransanın “R.35” tankları kimi İkinci Dünya Müharibəsindən sağ çıxmış silahlar var idi. Hər iki tərəfdə Amerikanın “Şerman” tankları var idi. Amma əsas silah axını SSRİ-nin dəstəyi ilə Çexoslovakiya vasitəsilə İsrailə gedirdi. Kiçik çaplı silahlar əsasən köhnə “Wehrmacht” tüfəngləri və pulemyotları idi.

Ərəb orduları əvvəlcə uğur qazandılar. İlk atəşkəsdən sonra tərəflər yenidən güc toplayaraq mübarizəyə başladılar. On günlük döyüşlərdə İsrail Silahlı Qüvvələri (İSQ) ərəb qoşunlarını əvvəllər itirdiyi bir neçə bölgədən çıxara bildi. İkinci atəşkəs elan olundu. Bir neçə gün yatmayan Ben-Qurion dincəlmək üçün fürsət tapır və tezliklə digər komandirlər ilə bir yerdə zərbə planını hazırlayır. Bunun ardınca israillilər Misir donanmasının flaqmanını partladıb, misirlilərə hücum edirlər. İsrail Silahlı Qüvvələri ərəb ordularını məğlub etsə də, Şərqi Qüds və İordan çayının qərb sahilini geri ala bilmir. 1949-cu ildə BMT vasitəçiliyi ilə atəşkəs sazişləri bağlanır.


Müsəqillik uğrunda mübarizə İsrailin üzləşdiyi müharibələrin ən qanlısı olub. İtkilər təxminən 6 min nəfərə çatmışdı. Ərəblərin itkiləri bir qədər çox idi. Qaçqınların sayı yarım milyonu keçirdi. Müharibə başlamazdan əvvəl Fələstində 750 min ərəb yaşayırdısa, sonradan onların sayı 160 min nəfəri keçmirdi. Ərəb dünyasında bu hadisələri “Fəlakət” adlandırırdılar.

Qələbədən sonra başlayan axın nəticəsində 1948-1958-ci illərdə İsrailin əhalisi 2 milyon nəfərə qədər artdı. Mühacirlərin əksəriyyətinin mülkiyyəti yox idi, onlar çadırlarda və kazarmalarda yaşayırdılar. Onların düşərgələri “Maabarah” adlanırdı.


İsrail əhalisi həddindən artıq yoxsul olduğuna görə, o zaman ölkənin ilk baş naziri olmuş David Ben-Qurion Almaniya ilə “Holokost”a görə təzminatın ödənilməsi haqqında müqavilə bağlayır. Bu addım qınaqlara və kütləvi etirazlara səbəb olur. Baş nazirin qərarının əleyhdarları hesab edirdilər ki, almanlar altı milyon yəhudinin həbs düşərgələrində öldürülməsinin əvəzini heç vaxt ödəyə bilməyəcəklər. Buna baxmayaraq, 1965-ci ilə qədər İsrail Almaniyadan 3 milyard marka alır. Həmin pul İsrail iqtisadiyyatını və ordusunu yaratmağa sərf olunur.

İsrailin ərəb dövlətləri ilə növbəti toqquşması 1953-cü ilin Süveyş böhranı zamanı olur. Bu haqda növbəti yazıda danışacağıq.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti