“Hindquşu ovu”: İsrail üç ölkənin aviasiyasını bir gündə necə məhv etmişdi

      “Hindquşu ovu”:    İsrail    üç ölkənin aviasiyasını bir gündə    necə məhv etmişdi
  18 Noyabr 2023    Oxunub:6319
1967-ci il iyunun 5-də saat 8:15-də İordaniyanın Ajlun radiolokasiya stansiyasının operatoru ekranda yanıb-sönən nöqtələrin sayrışdığını gördü. Bunlar göyərtəsində Davud Ulduzları olan təyyarələr idi. Bir saniyəlik duruxdu və özünə gələn kimi qərargaha bircə söz çatdırdı - "üzüm". Bu şərti siqnal “müharibə” demək idi.
Ajlundan bir neçə yüz kilometr aralıda, Təl-Əvivdəki Hərbi Hava Qüvvələrinin qərargahında İsrailin müdafiə naziri Moşe Dayan , Baş Qərargah rəisi İshaq Rabin və Hərbi Hava Qüvvələrinin komandanı Moti Hod gərgin halda pilotlarından xəbər gözləyirdilər. Ölkənin taleyi başladılan “Fokus” əməliyyatının uğurundan asılı idi.


Təxminən eyni vaxtda Mixirdə səhər patrulunu yenicə başa vurmuş MiQ-lər ağır-ağır anqarlara girirdilər. Misir kəşfiyyatında müharibənin iyunun əvvəlində başlayacağı ilə bağlı məlumat var idi, lakin... quru qoşunlarının komandanı, feldmarşal Amirin nədənsə bu məlumatdan xəbəri yox idi. Müdafiə naziri Badran isə İordaniyadan təcili radio mesajı alındığını öyrənsə də, onu narahat etməməyi tapşıraraq, yatmağa getdi!

Yəhudi dövlətinin kəşfiyyat xidmətləri üçün bu, görünməmiş uğur idi: hərbi əməliyyatlar başlayanda onlar təkcə hər bir Misir təyyarəsinin dayanacağını deyil, həm də bütün pilotların adlarını və rütbələrini bilirdilər.
General Hod saat saat 10.35-də İshaq Rabinə məruzə etdi: "Düşmən aviasiyası daha mövcud deyil!" Saat yarım ərzində Misirin 420 döyüş təyyarəsinin 300-dən çoxu məhv edilmiş, İsrail isə yalnız doqquzunu itirmişdilər.
Bu əməliyyatdan dərhal sonra generallar Tal, İoffe və Şaronun diviziyaları Sinayda sərhədi keçdilər...

Birinci Sinay Kampaniyası (1956) ilə Altıgünlük Müharibə (1967) arasındakı onillikdə İsrail Dövləti sözün hər mənasında çiçəklənmişdi. BMT qoşunları onun “problemli” cənub-qərb sərhədlərində sabitliyi qoruyurdu. Tiran boğazının blokadasının götürülməsi isə İsrailin Afrika və Cənub-Şərqi Asiya bazarlarına çıxışını təmin etmişdi. İqtisadiyyat rekord sürətlə böyümüş, minlərlə immiqrantın rifahı yüksəlmiş, yeni universitetlər və tədqiqat mərkəzləri açılmışdı. Fransa ilə sıx elmi və hərbi əməkdaşlıq nəticəsində İsrail öz nüvə proqramını inkişaf etdirə bilmişdi.

Levi Eşkol

1963-cü ildə bir sıra siyasi qalmaqallardan sonra dövlətin qurucu atası David Ben-Qurion baş nazir vəzifəsindən istefa verməyə məcbur oldu. Onun yerini istedadlı maliyyəçi və bürokrat, lakin xarizmadan tamamilə məhrum, qorxaqlığı dillərə düşən Levi Eşkol (Əslən Kiyev vilayətinin Uratovo kəndindən olan Lev Şkolnik ) tutdu. 1967-ci ilin kritik günlərində İsrailə məhz belə sakit, təvazökar və güzəştə meyilli rəhbər lazım idi.

Müharibəni kim istəyirdi?

Suriyada elə həmin 1963-cü ildə Ərəb Sosialist İntibah Partiyası - Baas hakimiyyətə gəldi. Gənc zabitlərin və sekulyar ziyalıların üstünlük təşkil etdiyi yerli liderlər ölkəni sovet tipli “işıqlı gələcəyə” aparmağa can atırdılar. Buna görə də kömək üçün Sovet İttifaqına müraciət etdilər. Suriya dərhal Sovet İttifaqının Yaxın Şərqdəki əsas müttəfiqinə çevrildi. Rəsmi Moskva Dəməşqi silah-sursatla təmin edirdi. Onun göndərdiyi çoxsaylı mütəxəssis və məsləhətçilər orduya təlim keçir, iqtisadiyyatın modernləşdirilməsinə yardım edirdi. Vaşinqtonun daha çox müttəfiqlərinin olduğu Yaxın Şərqə nüfuz etmək üçün Brejnev və silahdaşlarına Suriya plasdarmı son dərəcə vacib görünürdü. Çünki SSRİ ilə sıx əməkdaşlıq edən Misirin sadiqliyi böyük suallar doğururdu.

Amma Baas Partiyası və onun islahatları xalqın dəstəyini qazana bilmirdi. Ona görə də ərəb əhalisinə hər zaman və hər yerdə təsir edən köhnə üsula əl atıldı: İsraillə qarşıdurma!
Tezliklə iki ölkə arasında 1948-ci il müharibəsindən qalan atəşkəs xətti davamlı atışmalar və artilleriya duelləri ilə doldu. Yeri gəlmişkən, ərazi mübahisəsinin başqa əhəmiyyətli və praktiki səbəbi də var idi. Məlum olduğu kimi, Yaxın Şərqdə su “qızıldan bahadır”. Ərəblər İsrailin Tiberiya gölündən Negev səhrasına kanal çəkməsinə mane olur və İsrailin əsas içməli su mənbəyi olan İordan çayının məcrasını öz xeyrlərinə dəyişməyə çalışırdılar. Gənc dövlət də borclu qalmadı, Suriya və İordaniyanın onlarla kilometr dərinliklərinə cəza hücumları etdi.

Qəribə səhv

1967-ci ilin mayında, yəni müharibənin başlamasına bir neçə həftə qalmış parlamentin sədri Ənvər Sədatın başçılıq etdiyi Misir nümayəndə heyəti Moskvaya gəldi. Sovet tərəfi Suriya sərhədində böyük İsrail qüvvələrinin cəmləşməsi barədə misirlilərə məlumat verdi. Misir və Suriya birgə müdafiə haqda müqavilə bağladılar. Ölkələrdən birinə hücum olacağı təqdirdə ikincisi ona kömək edəcəkdi.

Mayın 15-də Qahirədə iki tank diviziyası paytaxtın bulvarları ilə gurultu salaraq, İsrail sərhədinə doğru irəlilədi. Ertəsi gün Nasir BMT-nin Sinaydakı qüvvələrinin komandanı hindli general Rihyedən bəzi mövqeləri tərk etməyi tələb etdi. General BMT-nin baş katibi U Tanın əmri olmadan tələbi yerinə yetirməyəcəyini bildirdi. Baş katib isə dedi ki, “Biz yarımçıq hərəkətlər edə bilmərik, ya bütün sülhməramlılar öz mövqelərində qalacaqlar, ya da Sinayı tamamilə tərk edəcəklər”.

Prezident Camal Əbdül Nasir və feldmarşal Əbdül Hakim Amir

Nasir və feldmarşal Amir məsləhətləşdikdən sonra çağırışı qəbul etmək qərarına gəldilər: qoy rədd olub getsinlər! Təəccüblü olsa da, U Tan asanlıqla razılaşdı. "Mavi dəbilqəlilər" getdi, Misir əsgərləri sevinərək onların mövqelərini tutdular.

Beləliklə, Nasir bir güllə də atmadan daha bir “siyasi qələbə” qazandı. Sinay yarımadası və Tiran boğazı yenidən Misirin tam nəzarətinə keçdi. Mayın 22-də Misir Tiran boğazını yenidən blokadaya almaqla İsrailin Qırmızı dənizə yeganə çıxışını bağladı.

İsraillilərin susqunluğu ərəblər tərəfindən zəiflik əlaməti kimi qəbul edildi. Asan qələbəyə inam ərəb dünyasını ruhlandırdı. “Əgər yəhudilər müharibə istəyirlərsə, biz onlara deyirik: “Buyurun!” Qoy gəlib Misirin necə güclü olduğunu görsünlər!” - Nasir minlərlə insanın qarşısında bəyan etdi.

“Qələbə qazandıqdan sonra biz sağ qalan yəhudilərin Avropaya qayıtmasına kömək edəcəyik. Bununla belə, kiminsə sağ qalacağına şübhə edirəm”, - bunu isə başqa bir mitinqdə Fələstin Azadlıq Təşkilatının icraiyyə komitəsinin sədri Əhməd Şükeyri demişdi.

Məhvin iki addımlığında

Mayın sonuna yaxın İsrailin boynundakı ilgək tamamilə daraldı. Nasirin ən qatı düşmənlərindən olan İordaniya kralı Hüseyn gizli şəkildə Qahirəyə gəlib, onunla qarşılıqlı hərbi yardım müqaviləsi imzaladı və bununla da Misir-Suriya ittifaqına qoşuldu. Kiçik yəhudi dövləti hər tərəfdən mühasirəyə alınmışdı və belə görünürdü ki, ABŞ-ın ehtimal olunan birbaşa hərbi müdaxiləsindən başqa heç nə onu xilas edə bilməz. Zəfərin qoxusunu hiss edən ərəblər amerikalılardan qorxmadıqlarını iddia edirdilər. Amir inamla bəyan etmişdi ki, onun ordusu guya qısa zamanda ABŞ-ın 6-cı Aralıq dənizi donanmasının öhdəsindən gələ bilər. Lazım olsa, Sovet İttifaqı da mütləq köməyə yetişəcək.

İsrail-ərəb münaqişəsinin tarixi ilə bağlı bu yazılar da çox maraqlıdır:
Hər şey belə başladı: Birinci yəhudi-ərəb müharibəsi, yaxud İsrail necə yaranmışdı
"Muşketyor" əməliyyatı və Süveyş böhranı: İsrail Qəzzanı necə tutmuşdu

İsraildə isə bu zaman son və həlledici döyüşə sürətli hazırlıqlar gedirdi. Eşkol qan tökülməməsi üçün var gücü ilə çalışdığına görə Rabinin qabaqlayıcı zərbə ideyasını qətiyyətlə rədd edirdi. Baş Qərargah rəisi daim dövlət başçısının razılığını almağa çalışsa da, “yox” cavabı eşidirdi. Müttəfiqləri Şarl de Qoll da “İsrail heç bir halda birinci atəş açmamalıdır!” deyirdi. ABŞ prezidenti Lindon Conson da oxşar mövqedə idi: "Sizi tək qoymayacağıq, ancaq özbaşına qərar verməyin". Bununla belə, o heç bir real kömək təklifi edə bilmədi - Vyetnamda ilişib qalan amerikalılar nəticəsi şübhəli olan başqa bir lokal müharibəyə qoşulmağa qətiyyən həvəs göstərmirdilər. Konqres heç vaxt bu “tədbir”ə icazə verməzdi.

"Dişlərini sıx və döz"

Eşkol BMT qoşunlarının Sinaydan çıxarılmasından dərhal sonra, mayın 19-da ehtiyat qüvvələrin qismən səfərbərliyini elan etdi. Ordu komandanlığı - İshaq Rabin və Baş Qərargahın əməliyyat şöbəsinin rəisi Ezer Veysman qələbəyə şübhə etmirdilər. Onlar da eynilə düşmənləri kimi şövqlə döyüşə atılmaq istəyirdilər. İsrailin ilk prezidentinin qardaşı oğlu və gələcək prezidenti Ezer Veysman İkinci Dünya Müharibəsində Britaniya Hərbi Hava Qüvvələrində pilotu kimi xidmət etmiş, sonradan həyatını İsrail aviasiyasını gücləndirməyə həsr etmişdi.
“Müharibə zamanı biz tez-tez deyirdik: “Almanlar bizi yenidən mühasirəyə aldılar... yazıqlar!” İndi eyni şeyi ərəblər haqqında demək olar”, - bu, Veyzmanın məşhur sözləridir.
Lakin hakimiyyət, artıq qeyd edildiyi kimi, hərəkətə keçməyə tələsmirdi.

Belə olanda, iyunun 1-də müxtəlif qüvvələrin təzyiqi ilə müxalifət partiyalarının birləşdiyi milli birlik hökuməti yaradıldı. Onun nümayəndəsi, Baş Qərargahın keçmiş rəisi və 1956-cı ildə Nasirə qalib gəlmiş məşhur “təkgöz general” Moşe Dayan müdafiə naziri oldu. Başlamaq zamanı gəldi.

Ezer Veyzman və Moşe Dayan

İsraillilər əsas diqqətlərini Sinaya yönəltdilər. Şimali və Mərkəzi Cəbhələrin komandirləri David Elazara Uzi Narkisə Suriya və İordaniyanın təxribatlarına cavab verməmək, həmçinin əlavə qüvvələr istəməmək əmri verildi. Moşe Dayan Uzi Narkisə "Dişlərini sıx və döz" demişdi.

İyunun 3-dən 4-nə keçən gecə İsrail kabinetinin üzvləri gizli şəkildə müharibəyə səs verdilər.

Düşməni aldatmaq üçün bir çox ehtiyatda olan hərbçiyə eyni gündə məzuniyyət verildi. Bu o qədər inandırıcı oldu ki, artıq gözləməkdən yorulmuş xarici müxbirlər belə qərara gəldilər ki, İsrail blokada ilə barışıb və yavaş-yavaş dağılışmağa başladılar. Ərəblər isə yenə döyüşsüz qalib gəldiklərinə inandılar.
Amma ertəsi gün səhər bu yazının əvvəlində təsvir etdiyimiz hadisə baş verdi.

“Hindquşu ovu”

İsrail təyyarələri bir-birinin ardınca süzərək Prezident Consonun dəqiq ifadə etdiyi kimi, “hindquşu ovuna” davam edirdi. Yüzlərlə yeni, nəhəng MİQ və “İl”lər yanan metal yığınına çevrildi. Ərəb pilotlarının üçdə biri havadan açılan atəşlərlə öldürüldü. Maşınlarını havaya qaldırmağı bacaran bir neçə pilot hündürlük yığmadan vuruldu. Yanacaq doldurmaq üçün aerodromlarına qayıdan İsrail təyyarələri 7 dəqiqə ərzində yenidən havaya qalxmağa hazır olurdular. Misirlilər üçün hətta sülh dövründə bu, bir neçə saat çəkirdi.


Günortaya yaxın Nasirin hava qüvvələri tam şəkildə məhv edildi. Nəticələr inanılmaz idi (Veysman və Hod sevincdən atılıb-düşürdülər). Az sonra İordaniya və Suriya aviasiyasının üçdə ikisi də eyni aqibəti yaşadı. Günün sonuna qədər israillilər düşmənin 416 təyyarəsini məhv etmiş, özləri yalnız 26 təyyarə itirmişdilər. Hər şey o qədər sürətli baş vermişdi ki, Misir fəlakətin miqyasını dərhal dərk etmədi. Qahirə radiosu hələ də Təl-Əvivə qaçan tank diviziyaları haqqında saxta xəbərlər yayımlayırdı. Ərəblər küçələrə çıxaraq qələbəni qeyd edirdilər...


Yüksək rütbəli zabitlərin şüurunda reallığın konturları yavaş-yavaş sezilməyə başlayanda belə onlar panikaya düşdülər. Müdafiə naziri Badran kabinetinə girib, qapını bağladı və çölə çıxmaqdan imtina etdi. Baş Qərargah rəisi Fauzi mövcud olmayan eskadrilyalara sayıqlama xarakterli əmrlər verdi. Hərbi Hava Qüvvələrinin komandanı Sadki Məhəmməd özünü güllələməyə teatral cəhd göstərdi. Amir isə Ali Komandanlığın Qərargahında ya sərxoş, ya da narkotik maddənin təsiri altında peyda oldu. Axşama qədər heç kim prezidentə vəziyyətin necə olması barədə məlumat verməyə cəsarət etmədi.


Qarşıda isə 5 gün və yerdəki döyüşlər var idi. Bu barədə növbəti yazıda danışacağıq.

Tariyel Həsənov

AzVision.az

Bu hadisələrdən əvvəl olanlar haqqında:
Hər şey belə başladı: Birinci yəhudi-ərəb müharibəsi, yaxud İsrail necə yaranmışdı
"Muşketyor" əməliyyatı və Süveyş böhranı: İsrail Qəzzanı necə tutmuşdu


Teqlər: İsrail  





Xəbər lenti