Putin qərarını dəyişdi: Rus ordusu Ukrayna sərhədinə qayıdır - VİDEO
Rusiyanın Müdafdiə Nazirliyi ordunu Ukrayna sərhədlərindən geri çəkmək fikrindən daşınıb. Rastov və Belqrad vilayətlərində rus batalyonları yenidən gücləndirilir. Rus əsgərlərinin dəqiq sayı bildirilməsə bir neçı min olduğu qeyd olunur. Bununla yanaşı, Ukrayna prezidenti Pyotr Poroşenkonun ölkənin şərqində atəşkəsə-hərbi əməliyyatların dayandırılmasına hazır olduğunu bəyan etməsinə baxmayaraq, separatçılarla toqquşmaların müşahidə olunduğu rayonlarda hökumətin hərbi texnikasının sayı artırılmaqdadır.
Rus mətbuatının Rusiya Müdafiə nazirliyinə istinadla verdiyi məlumatına görə, Moskvanın qoşunlarını geri qaytarmasının əsas səbəbi Ukrayna şəhərlərində Rusiya səfirliyinin binasına hücum, prezident Poroşenkonun atəşkəs vədinə xilaf çıxması ilə bağlıdır.
Qeyd edək ki, Ukrayna ilə sərhəddə hərbi qruplaşmaların gücləndirilməsini Dövlət Dumasının qapalı iclasında müdafiə naziri Serqey Şoyqu da təsdiqləyib. Bunu, həmin iclasda iştirak edən deputatlardan biri RBK-ya bildirib. Onun sölərinə görə, nazir sərhədə qoşun göndərilməsinin səbəbini son zamanlar regionda NATO qüvvələrinin fəallaşması ilə əlaqədar hərbi təlimlərin daha da intensivləşdirilməsi ilə izah edib.
Deputatların Ukraynanın cənub-şərqində pilotsuz zona elan olunması mümkünlüyü ilə bağlı sualına, Serqey Şoyqu, “bu, texniki cəhətdən mümkündür, siyasi baxımdan isə özünüz də başa düşürsünüz ki, yox” , deyə cavab verib.
Bu arada, Dumada Müdafiə Komitəsinin sədri Vladimir Komoyedov Rusiya ordusunun Ukraynaya daxil olacağını istisna edib.
Qeyd edək ki, internetdə Rusiya-Ukrayna sərhədlərinə hərbi kolonnaların yaxınlaşmasını göstərən bir neçə video da yayılıb.
Ukrayna hökuməti də öz növbəsində Rusiya hərbiçilərinin yenidən fəallaşmasına biganə qalmayıb. RBK –Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Vladimir Çepov bildirib ki, Ukraynanın sərhəd rayonlarına 4 batalyon, motoatıcı briqada, desant və hərbi hava qüvvələri göndərilib.
Səbinə Həsənova