“Maaş ayın axırına çatmır, deputatların çoxu kreditdədir” - Siyavuş Novruzov |
”Deputatlar üzdədir deyə daha çox onların maaşları müzakirə olunur. Deyirlər ki, ayda 5 min manat alırlar, onu nəyə xərcləyirlər? Reallıqda isə vəziyyət başqadır. Təsəvvür edin ki, 3 gün ərzində mənə yardımla bağlı təxminən 50 nəfər adam müraciət edib. Kimisi dərman almaq üçün, kimisi isə Yeni il bazarlığı etməyə pul istəyir. Mən bu adamların heç birini əli boş geri qaytara bilmərəm. Bəzən 50 manat, bəzən isə 30 manat göndərirəm. Cibimin puluna baxır.
Yardım etməyəndə ürəyimdə qalır, əzab çəkirəm, haradan olsa tapıb göndərirəm. Mənim dərdim daha böyükdür. Təkcə seçildiyim rayonlardan deyil, digər bölgələrdən də müraciət edirlər. Parlamentdə olmayanda qəzetin redaksiyasında işləyirəm. Gəlib görürəm ki, qapının ağzında adamlar yığılıb. Qəbul günləri 1 saat oturun, görün kimlər gəlir. Bəzən bir adam başqa adla iki dəfə pul istəyir. Söz deməyə üzüm gəlmir, verirəm.
5300 manat maaş alıram. Bu, ailəmi saxlamaq üçün normal puldur. Şikayətçi deyiləm. Ancaq nəzərə alın ki, deputatdan uman çoxdur”.
A.Abbas bildirib ki, millət vəkillərinin 12-13-cü əmək haqları onların illik maaşlarının üzərinə əlavə olunub. Amma vergilər də buna uyğun olaraq artırılıb.
“Mükafatdan və müalicə pulundan isə vergi tutulmurdu. .. Hər ay iki və ya üç dəfə rayona gedirəm. Seçicilərlə, rayon əhalisi ilə görüşürəm. Hər gedişimdə imkansız ailələrə yardım aparıram, bazarlıq edirəm, benzinə pul xərcləyirəm. Bütün bunları aldığım maaşdan edirəm...
Digər deputatlar kimi mən də redit götürmüşəm. Borcum var. Bank mənə kredit vermirdi ki, yaşın çoxdur. Çətinliklə həll etdim”.
Qeyd edək ki, deputat Siyavuş Novruzov Müsavat TV-nin canlı efirində bildirib ki, aldığı maaş ayın axırına çatmır:
“Bu maaş da tək bizim deyil. Gündə nə qədər insan qəbul edirik. Biri dərman puluna, biri yemək puluna, biri təhsilhaqqına gəlir. Elə olur ki, heç maaş ayın axırına çatmır. Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil ki. Eləsi var kirayədə yaşayır, kirayəhaqqını çatdıra bilmir. Deputatların əksəriyyəti kreditdədir”.
Şahanə Rəhimli
AzVision.az