"Əlimi stola çırpıb deyə bilmərəm ki, bunu etməlisən ..." - Faiq Qarayevlə "65"in söhbəti
- Faiq müəllim, yeni yaşa qədəm qoydunuz. Deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, yaşdan var -dövlət olar?
- Məncə, mənim yaşımda olan insanlar üçün ən birinci var-dövlət həyatını necə yaşamasıdır. Dövlətinə, xalqına, dostlarına qarşı necə insan olmasıdır. Gəncliyindən, yetkinliyindən, indindən zövq alırsansa deməli, səni zəngin hesab etmək olar. 40 ildir ki, məşqçi işləmişəm və yenə də işləyirəm. Uğurlarım olub, həm SSRİ zamanı, həm də müstəqillik dövrümüzdə yaşamışam, çalışmışam. Həyatımdan zövq almışam. Xoşbəxt adamam ki, həyatımı belə yaşamışam.
Maraqlıdır, 65 ili tərəziyə qoyanda nələr ağır gəlir?
- Mən 1984-cü ildə ikinci məşqçi kimi işə başlamışam. Daha sonra 1985-1986-cı illərdə baş məşqçi olmuşam. SSRİ yığma komandasında vəTürkiyədə neçə il işləmişəm. Ancaq ən gözəl, şərəfli həyat indidir. Çünki azad bir ölkədə yaşayıram. Qarabağ azaddır. Əvəllər isə elə bil ki, bir az yetim kimi yaşayırdıq.
Problemlərimiz hər sahədə ola bilər, danmırıq. Əsas olan odur ki, azad dövlətdə yaşayırıq. Bu, bir qürurdur.
-Qarabağ demişkən, işğaldan azad olunan yerlərə getmisinizmi?
-Xankəndidəki futbol oyununa getməliydim. Əməliyyat olundum deyə gedə bilmədim. Xəstəxanada televizordan gözümdə yaşla izlədim. Orada olmağı çox istəyirdim.
Xankəndidə 3 il dalbadal -1986-1987-1988-ci illərdə Azərbaycan çempionatı keçirmişəm. O stadion mənim üçün uğurlu olub. Ondan sonra SSRİ çempionatlarında iştirak etmişəm.
Cavanlığımda Şuşada, Xankəndində, Ağdamda Azərbaycan çempionatları olub.
- Erməni idmançılarla əlaqələriniz olurdumu? Münasibətləriniz necə idi?
-Hamı bir-biri ilə mehriban idi. Bəli. Bunu bütün azərbaycanlılar bilir. Xankəndidə, azərbaycanlılarla qarışıq kəndlərdə ermənilər azərbaycanlı adətlərini, xarakterini mənimsəmişdilər. Müharibə istəmirdilər. Xankəndidəki oyunlarda ermənilər məşqlərdə iştirak edirdilər. Hörmətlə yanaşırdılar. Aqressiv ermənilər isə başqa cür idi.
-Doğum gününüzə qayıdaq. Bu günü necə qeyd etməyi planlaşdırırsınız?
- Bu gün qeyd etməyəcəm. Fedarasiyanın iclası var. Səfərə getməliyik. Adi bir gün kimi olacaq.Həm də sizə bir sirr açım. Mənim əsl doğum günüm oktyabrın 15-dir. Nənəm o vaxtı sənədlərimi səhvən yanvarın 11-nə yazdırıb. Adam iki dəfə doğum gününü keçirməyə utanır e. Hər insanın bir doğum günü olar da.
- Bu yaxınlarda yenidən baş məşqçiliyə qayıtdınız. Buna sizi nə vadar etdi?
-Gördüm ki, həyatımda nəsə çatmır. Hansısa vəzifədə ola bilərəm, ancaq məşqçi kimi işləməyəndə həyatdan adrenalin ala bilmirəm. Alqış istəyirsən, azarkeşin xoş sözünü eşitmək istəyirsən, gecə yuxunda oyunları görməyi arzulayırsan. Mən nə edirəmsə, ürəkdən edirəm.
Üç-dörd nəsil qızlarla işləmişəm. Hamısına təşəkkür edirəm. Kapriz də, gərginlik də ola bilər. Qızlarımın hamısını çox istəyirəm. Mənim uğurlarım onlarla bağlıdır. Onlar olmasa idi, indi bu mövqedə deyildim. Bu hörməti o qızlara görə qazanmışam. Kollektivin hamısına, məşçilərə, oyunçulara, rəhbərliyə təşəkkür edirəm. Həyatımı o insanlarla bağlamışam.
-Sizin nömrənizi axtarırdım. Çox adam verməyə cəsarət etmirdi. Danışan deyil, qapalı adamdır deyirlər. Mənə əksinə təsir bağışladınız...
-Mən açıq fikirli adamam. Reklamdan, üzdə olmaqdan uzağam. İnsanın nəyi varsa, odur da. Bizim kollektiv ailədir. Hamının şəxsi həyatı var. Bizim də komandanın öz problemləri ola bilər. 25-30 nəfər cəmləşib bir iş görürük. Orada hər gün bir söz çıxa bilər. Nə varsa, aramızda qalmalıdır. Kənara çıxanda şişirirlər. Bu da oyunçuların psixologiyasına təsir edir. Biz hər gün 6-7 saat məşq edirik. Jurnalist nəsə yazanda qızlarım 2-3 gün özlərinə gəlmirlər. Bu da fikri dağıdır, oyuna təsir edir. Biz idmançıyıq, şou adamı deyilik.
- Qızlara kəskin qadağa qoydunuz şeylər varmı?
- Bir qadağa qoymaq üçün insana gərək birinci onu başa salasan. Bildirməlisən ki, mən səndən nə istəyirəm və bunu niyə edirəm. Əlimi stolun üstünə çırpıb deyə bilmərəm ki, bunu elə etməlisən vəs. Qadındırlar, evlidirlər, öz həyatları var. Onlar gərək sənə hörmət qoysunlar. Bunun üçün gərək sən də onlara hörmət edəsən. Hegomonluq etməyi sevmirəm. Xoşlayıram ki, necə varamsa, elə də olum.
Ən birinci qaydam intizamdır. O olmasa, heç bir şey olmaz. Mən bunu etməsəm, heç kim etməz. Elə olub ki, qızdırma ilə məşqə gəlmişəm, toy, nişan nədir bilməmişəm. Yaxın adamımın toyuna axşam 9-10-da getmişəm. Özüm intizamlı adam olmuşam. Hamı bilir ki, məşqə 15 dəqiqə tez gəlməlidir. Uğurun arxasında bu durur.
Ən böyük arzum qızlarım sağlam olsun, yayada önəmli oyunlarımız var. Komanadanın xaricdəki oyunçularının geri qayıtmasını istəyirəm.
- Özünüz qaldınız axı. Özünüzə nə arzulayırsınız?
-İnsanın verimli, yaxşı çalışması üçün ona can sağlığı lazımdır. Hər gün 7 saata işləməliyəm. Alalh mənə güc versin ki, ömrü gözəl yaşayım. Uğur qazanım, insanları sevindirim. Həyatda bundan gözəl şey yoxdur.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: FaiqQarayev