Milyonçular: “Milyarderlər demokratiyaya təhdiddir”

   Milyonçular:    “Milyarderlər demokratiyaya təhdiddir”
  19 Yanvar 2024    Oxunub:1210
Milyonçular milyarderlərlə məşğul olmağın vaxtının yetişdiyini bildirirlər.
AzVision.az Böyük Britaniyanın “Survation” marketinq agentliyinin keçirdiyi sorğuların nəticələrinə istinadən xəbər verir ki, sərvətlərin həddindən artıq məhdud sayda insanların əlində cəmləşməsi demokratiyanın mövcudluğuna təhlükə yaradır.

“Survation” agentliyinin G20 ölkələrində yaşayan və sərmayələri ailə başına bir milyon dollardan çox (ailənin yaşadığı əmlak istisna edilməklə) olan 2385 milyonçu arasında keçirdiyi sorğunun iştirakçılarının 54 faizi bu qənaətdədir.

Respondentlərin 28%-i 1 milyard dollardan çox varidatı “həddindən artıq sərvət” sayıb. 33 faiz isə 51 milyon dollardan çox səviyyəni hədsiz hesab edib. “Hədsiz sərvət” anlayışına yanaşmadakı fərqi G20 ölkələrinin sakinlərinin kimi super varlı saydığı barədə müxtəlif təsəvvürləri ilə izah etmək olar.

Rəyi soruşulanlardan yarıdan çoxunun (57%) fikrincə, sərvətin həddindən artıq təmərküzləşməsi sosial irəliləyişə və daha az varlı insanların həyat keyfiyyətini yaxşılaşdırmağa mane olur.

Maraqlıdır ki, respondentlərin 72 faizi fövqəl varlıların pulla siyasi nüfuz “alaraq” siyasi proseslərə təsir göstərdiklərini iddia edir.

Araşdırmada qeyd edilir ki, demokratiyaya inam xüsusilə iqtisadi təcrid və sosial irəliləyiş imkanlarının olmaması ilə üzləşən gənclər arasında zəifləyir. Bu vəziyyət isə demaqoqların populist bəyanatlarında öz ifadəsini tapır. Milyarderlərin sərvətləri artmaqda davam etdikcə sadə insanların üzləşdiyi iqtisadi böhran demokratiyaya təhdidi gücləndirir.

Populistlərin nüfuzunun artması isə “böyük geosiyasi risk”ə çevrilir. Tədqiqatın müəllifləri xatırladırlar ki, cari ildə təxminən iki milyard insanın səsvermə hüququna malik olduğu 50 ölkədə ümumi seçkilər gözlənilir.

Sorğuda iştirak edən milyonçuların 53%-nin fikrincə, məhz super varlılar qlobal səviyyədə yeni təhlükələrin mənbəyidirlər. Belə reallıq onların şəxsi təyyarələrdən, helikopterlərdən, yaxtalardan və bahalı avtomobillərdən istifadəni əhatə edən həyat tərzi ilə şərtləndirilir. Çünki bu, öz növbəsində, qlobal istiləşməni stimullaşdırır.

Bu baxımdan, respondentlərin əksəriyyəti problemin yeganə həllini super sərvət üçün daha yüksək vergilərin tətbiq olunmasında görürlər.

Müstəqil “EU Tax Observatory” mərkəzinin ekspertlərinin “milyarderlərə sərvətlərinin 2%-i həcmində illik əlavə vergi qoyulması” barədə 2023-cü ilin oktyabrında irəli sürdüyü təklifi rəyi soruşulan milyonçulardan 75 faizi dəstəkləyib.

Bundan başqa, sorğuda iştirak edən milyonçuların 66%-i belə bir vergi ödəməyə hazır olduqlarını bildiriblər. Amma bir şərtlə ki, yığılan vəsait dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və digər ictimai məqsədlər üçün istifadə olunsun.

Bu şərtin milyarderlər üçün də məcburi olub-olmadığı araşdırmada bildirilmir. Hərçənd, onların da arasında əlavə vergi tələbini dəstəkləyənlər var. Amma hakimiyyətin bununla bağlı təşəbbüsləri hələ də məlum deyil.

Quterreş: “Dünyanı son 30 ilin ən pis beşilliyi gözləyir”
Yeri gəlmişkən, BMT-nin Baş katibi Antonio Quterreş Davosda keçirilən dünya iqtisadi forumunda beş milyard insanın ümumilikdə cəmi beş milyarderdən daha yoxsul olduğuna diqqət çəkib.

Qeyd edək ki, məşhur “Forbes” jurnalının məlumatına görə, hazırda dünyada 2,5 mindən bir qədər çox milyarder var.
Sahil İsgəndərov
AzVision.az



Teqlər:   milyonçular   milyarderlər  





Xəbər lenti