Pritzker : "Rusiyanın aktivlərinin müsadirəsi risklər yarada bilər"

   Pritzker :    "Rusiyanın aktivlərinin müsadirəsi risklər yarada bilər"
  19 Yanvar 2024    Oxunub:1609
Davosda keçirilən Dünya İqtisadi Forumunda Qərb rəsmiləri Rusiyanın təxminən 300 milyard dollarlıq aktivini müsadirə etməyə hazır olduqlarını açıqlayıblar. Lakin bunun üçün hüquqi mexanizmlərin işlənib hazırlanmasının vacibliyini bildiriblər.

AzVision.az “Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ-nin Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi Penni Pritzker aktivlərin müsadirəsi məsələsini həll etmək üçün çoxlu hüquqşünasların cəlb olunması zərurətini vurğulayıb. Eyni zamanda, xanım Pritzker belə addımın Ukraynanın bütün problemlərini həll edəcəyinə şübhə ilə yanaşıb.

Zelenski: "300 milyard dolları bizə göndərin"
Qeyd edək ki, Davos forumunda çıxış edən Ukrayna prezidenti Volodomir Zelenski Qərbdəki müttəfiqləri qarşısında dünya banklarında Rusiyaya məxsus 300 milyard dollarlıq dondurulmuş aktivlərin ölkəsinə bağışlanması tələbini qoyub.

“Reuters”in yazdığına görə, bəzi yüksək rütbəli məmurların digər narahatlığı ondan ibarətdir ki, belə bir müsadirə mərkəzi bankların digər ölkələrdə avro, dollar və funt sterlinq ehtiyatları saxlamaq inamını sarsıda bilər. Agentlik Rusiya aktivlərinin böyük hissəsinin Brüsseldə yerləşən “Euroclear” depozitarında dondurulduğunu, Belçikanın baş naziri Aleksandr de Krosun isə bu pulların ələ keçirilməsinin əleyhinə çıxmadığını, lakin bunun üçün aydın mexanizmin hazırlanmasının lazım olduğunu dediyini xatırladıb. Yeri gəlmişkən, Belçika mətbuatının yazdığına görə. Rusiya Brüsseldən dondurulmuş aktivlərinin əvəzinin ödənilməsini tələb edib.

Yanvarın 10-da ABŞ-nin Milli Təhlükəsizlik şurasının sənədinə istinadən, “Bloomberg” agentliyi Ağ ev administrasiyasının Rusiyanın təxminən 300 milyard dollar dəyərində dondurulmuş aktivlərini müsadirə etməyə imkan verən qanun layihəsini “ümumiyyətlə” dəstəklədiyi barədə məlumat yaydı.

Kreml belə bir addımın “dərin nəticələrə səbəb ola biləcəyi” barədə xəbərdarlıq etdi. Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova isə, aktivlərin müsadirə olunacağı təqdirdə Moskvanın “diqqətçəkən və ağrılı” tədbirlər görəcəyini açıqladı.

Yanvarın 12-də isə, “Bloomberg” nəşri öz mənbələrinə istinadən xəbər verdi ki, Rusiya bankı aktivlərin müsadirəsi ilə bağlı məhkəmə çəkişmələri zamanı ölkənin maraqlarını təmsil edəcək beynəlxalq hüquq firmaları ilə müqavilə bağlamağa hazırlaşır. Agentliyin məlumatına görə, Rusiya hakimiyyəti xaricdəki müvafiq qanunvericiliyi və digər ölkələrdəki presedentləri təhlil edən ekspert hesabatları da sifariş verib.

Əslində, Rusiyanın donmdurulmuş aktivlərinin müsadirəsini reallaşdırmağa çalışan ABŞ və Avropa İttifaqını Moskvanın adekvat cavabından daha çox, qlobal miqyasda dollara və avroya onsuz da azalmaqda olan etinadın tamamilə sarsılması perspektivi ehtiyatlandırır. Məhz bu baxımdan, Vaşinqton daha çox Avropanı qabağa salmağa çalışır ki, bu da məntiqi baxımdan başa düşüləndir. Belə ki, ABŞ-nin özündə Rusiyanın dondurulmuş aktivlərinin isə ümumi həcminin təxminən 5 milyard dollar olduğu bildirilir.
Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   müsadirə  





Xəbər lenti