Mitinq cəhdi-2: Siyasi serial kimin üçün çəkilir? – TƏHLİL |
Həqiqətən də aksiya zamanı belə qənaət formalaşdı ki, jurnalist peşəsinə hörmət etməyən bu media təmsilçisi prosesə informasiya yayıcısı deyil, konkret tərəf olaraq qatılmışdı. Gülnazla yanaşı onun kimi digər əlinə telefon almaqla özünü jurnalist sayan və qışqır-bağırla çəkilişlər aparan digər şəxslər də öz vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarını hədəfə gətirməyə və ümumilikdə vəziyyətin gərginləşməsinə çalışdılar.
Hətta Gülnazın dəfələrlə polisləri təxribatçı ifadələrlə diqqət mərkəzinə gətirməsi, guya onların jurnalistlərin işinə mane olmasını deməsi birbaşa təxribat xarakterli addım idi. Çünki icazəsiz aksiyanın planlaşdırıldığı məkanda heç bir hüquq-mühafizə orqanı əməkdaşı əraziyə toplaşaraq çəkilişlər aparan jurnalistə göstəriş vermir onların fəaliyyətinə mane olmurdu. Yayılan videodan da aşkar görünür ki, polislər sadəcə öz vəzifə borclarını yerinə yetirir, icazəsiz aksiya keçirənləri ərazidən uzaqlaşdırırlar. Gülnaz isə polislərə özünün də bilmədiyi hansısa qanunlardan danışmağa çalışır. Əgər bu şəxs media nümayəndələrinin aksiyalarda nə polisin, nədə etirazçının yanında durmamasını bilmirsə, o zaman hansı adla "jurnalist" kimi fəaliyyət göstərir?
Onun hüquq-mühafizə orqanları əməkdaşları ilə aksiya iştirakçıları arasında hadisələrin gərginləşdiyi məqamlarda peyda olaraq əzbərlədiyi cümləni – “Siz bizə mane olursunuz!”u təkrarlaması qadının sadəcə aksiyaya prosesin iştirakçısı kimi qatılmasından xəbər verdi. Halbuki aksiyaları işıqlandıran jurnalistlər tərəflərin heç biri ilə mübahisəyə girməməli, qıcıq doğuracaq fikir və ifadələr işlətməməlidirlər...
Gülnazın polis kordonuna doğru şığıyaraq xidməti vəzilərini yerinə yetirən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisəyə cəhd etməsi də diqqət çəkirdi. Nəinki yersiz ifadələr, bu cür davranışlar da asayiş keşikçilərini gözdən salmaq cəhdidir. Gülnaz Qəmbərlinin aqressiv tonu, aksiyada media nümayəndəsindən çox haray-həşir salıb etirazçı görüntüsü yaradan fəaliyyəti peşəkar jurnalistika dəyərləri ilə bir araya sığmayan bir durum formalaşdırdı.
Bundan başqa, jurnalistin polisləri cərimələrlə hədələməsi də diqqətdən yayınmadı. O guya hansısa yeni qanuna görə, asayiş keşikçilərinin cərimə olunacağını deyir. Halbuki, aksiyanı işıqlandıran jurnalistlər polislərə bu cür təzyiq xarakterli ifadələr, təhdidlər işlətməməlidirlər. O zaman etirazçı ilə media nümayəndəsi arasında heç bir fərq qalmır.
Bir sözlə, icazəsiz aksiyaya prosesi işıqlandırmaq deyil, təxribat törətmək məqsədilə qatılan belə “jurnalistlər”, xüsusən də Gülnaz Qəmbərli belə tədbirlərdə nəinki müsbət təcrübə toplamadığını, heç bir peşəkar vərdişlərə yiyələnmədiyini də göstərmiş oldu!
AzVision.az