İlk dəfə olaraq məhbusu azotla edam etdilər

 İlk dəfə olaraq məhbusu  azotla edam etdilər
  26 Yanvar 2024    Oxunub:1789
ABŞ tarixində ilk dəfə olaraq məhbus azotla edam edilib. Proses Alabama ştatında baş tutub.
Bu barədə ştatın baş prokuroru Stiv Marşal məlumat yayıb. Azotla öldürülən ilk amerikalı sifarişlə adam qətlə yetirməkdə təqsirli bilinən 58 yaşlı Kennet Yudjin Smit olub.

ABŞ-da ilk: Ömürlük məhbusu azotla öldürəcəklər
Qeyd edək ki, bu üsulla ilk edama ABŞ ilə yanaşı BMT-də və ümumiyyətlə bir sıra ölkələrdə hüquq müdafiəçiləri etirazlar edirdilər.

58 yaşlı Smit 1988-ci ildə törətdiyi cinayətə görə ölüm cəzasına məhkum edilib. Belə bir edama ABŞ-ın üç ştatında icazə verilir. Lakin azotla öldürmə praktikada heç vaxt tətbiq edilməmişdi. Edam zamanı məhkumun nəfəs orqanlarına xüsusi maska taxılır və onun vasitəsilə azot verilir. Bu isə hipoksiyaya və nəticədə ölümə səbəb olur.

Bu metodun tərəfdarları azotla edamın ağrısız olduğunu israr edirlər. Prosesin əleyhdarları isə edam zamanı problemlərin yarana biləcəyini, nəticədə bunun işgəncəyə çevrilə biləcəyini iddia edirlər.

Amerika mətbuatının yazdığına görə, Smit özü bu üsulu seçib.

Maraqlıdır ki, Smitə qarşı bir neçə ölüm cəzası tədbirini tətbiq etmək cəhdləri uğursuz oldu. Məsələn, edam hələ 2022-ci ilin noyabrında xüsusi iynədən istifadə edilərək həyata keçirilməli idi. Lakin edama məsul şəxslər cinayətkarın edamı üçün ayrılmış zaman çərçivəsində məhkumun damarına kateter yeridə bilməyiblər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Azot   Edam  





Xəbər lenti