Rusiyadan İrəvana çağırış: "KTMT-yə hücum etmək əvəzinə..."

   Rusiyadan İrəvana çağırış:    "KTMT-yə hücum etmək əvəzinə..."
  08 Fevral 2024    Oxunub:1228
Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) işlərin vəziyyətini müzakirə etməyə çağırır.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti-yə müsahibəsində deyib.

Ermənistan Aİİ-dən "soyuyub"?
"Biz hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi səmərəliliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Təbii ki, buna Ermənistanın tez bir zamanda təşkilat daxilində normal işə qayıtması kömək edərdi. Təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər həqiqətən də proseslərdən uzaqlaşıblar. Biz İrəvandakı həmkarlarımızı ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində aktual problemləri müzakirə etməyə çağırırıq", - o qeyd edib.

Rusiya rəsmisinin sözlərinə görə, Moskvanın KTMT çərçivəsində Ermənistanla qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsi İrəvanın təhlükəsizlik sahəsində maraqlarına cavab verir və bu, Avrasiya məkanında, o cümlədən Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasına xidmət edir.

Qeyd edək ki, Ermənistan hakimiyyəti dəfələrlə KTMT və Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Paşinyan hakimiyyəti son bir ildə isə Rusiya ilə münasibətləri xeyli gərginləşdirib. İş o yerə çatıb ki, rəsmi İrəvan Ermənistanın KTMT-dən çıxmaq niyyətini müxtəlif vasitələrlə ortaya qoyur.

Parlamentin spikeri Alen Simonyan və baş nazir bir neçə dəfə “ola bilsin ki, KTMT Ermənistanı tərk etsin” fikrini təkrarlayıblar.

Rusiyalı ekspertlər isə Ermənistanın KTMT-dən çıxacağını proqnozlaşdırırlar.

Bundan başqa, hökumətə yaxın saytlarda Moskva əleyhinə silsilə yazılar dərc edilir, siyasətçilər tez-tez Gümrüdəki bazanın ləğvi məsələsini qaldırırlar. Bu mövzu son zamanlar da aktuallaşıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   KTMT   Rusiya   İrəvan  





Xəbər lenti