Kəşfiyyat müharibəsi: ABŞ Ukraynanın Rusiya ilə sərhədində 12 baza yaradıb

      Kəşfiyyat müharibəsi:    ABŞ Ukraynanın Rusiya ilə sərhədində 12 baza yaradıb
  26 Fevral 2024    Oxunub:1154
Son səkkiz il ərzində ABŞ Ukraynaya Rusiya ilə sərhəddə 12 casus bazası yaratmağa kömək edib.
Bu fikirlər "The New York Times" qəzetində dərc olunan məqalədəndir. İddialara görə, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Rusiya Federasiyası, Avropa, Kuba və başqa yerlərdə fəaliyyət göstərən “yeni nəsil Ukrayna casuslarının” hazırlanmasına kömək edib.

Kosmosda nüvə qalmaqalı böyüyür: ABŞ Rusiyaya xəbərdarlıq etdi
İndi isə ABŞ-nin kəşfiyyat orqanları Ukraynanı raket zərbələri ilə bağlı kəşfiyyat məlumatları ilə təmin edir. Bundan başqa onlar rus qoşunlarının yerdəyişmə və fəaliyyətlərini izləyir, ümumilikdə isə casus şəbəkələrinə kömək edir.

Nəşr yazır ki, Rusiya qoşunlarının Ukrayna ərazisinə yeridilməsindən az əvvəl prezident Vladimir Putinə Mərkəzi Kəşfiyyat İdarəsi ilə yanaşı Böyük Britaniyanın "Mİ6"sının da bu ölkəyə nəzarət etməsi barədə məlumat verilib.

Kəşfiyyat sahəsində birgə tədbirlərin, əməkdaşlıqların təfərrüatları on il ərzində ciddi şəkildə qorunan sirrə çevrilib. Lakin "The New York Times"ın əməkdaşları Ukrayna, ABŞ və Avropadan olan 200-dən çox indiki və keçmiş məmurla söhbət aparıblar. Jurnalistlərdən biri isə hətta məlum casus şəbəkəsinin obyektinə baş çəkib. İddia olunur ki, 12 casus bazası demək olar ki, tam şəkildə maliyyələşdirilir və təchizat işləri qismən Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən aparılır.

Avropalı yüksək vəzifəli mənbələrdən birinin qəzetə verdiyi məlumata görə, Rusiya prezidenti 2021-ci ilin sonunda Ukraynaya qoşun yeritmək planlarını nəzərdən keçirərkən Moskvanını əsas casus xidmətlərindən birinin rəhbəri ilə görüşüb: "O, Vladimir Putinə məruzə edərək deyib ki, Mərkəzi Kəşfiyyat İdarəsi Britaniya Mİ6-sı ilə birlikdə nəzarət etdiyi Ukrayna ərazisini Rusiyaya qarşı əməliyyatlar üçün tramplinə çevirib”.

Məqalə müəllifi yazıb ki, “cənab Putin və onun müşavirləri kritik dinamikanı səhv anlayıblar”. Mərkəzi Kəşfiyyat İdarəsi “Ukraynada iddia olunan kimi cığır açmırlarmış”. Bundan başqa, Amerika rəsmiləri ukraynalılara etibar oluna bilməyəcəyindən ehtiyat edirlərmi. Bir sözlə, Vaşinqton Kremli təxribata cəb etmək istəyində olmayıb. Amma vəziyyət 2015-ci ildə o vaxt hərbi kəşfiyyata rəhbərlik etmiş Valeri Kondratyuk tərəfindən dəyişdirilib. O, MKİ rəhbərinin müavini ilə görüşərkən ona xəbərdarlıq etmədən bir yığın məxfi fayl verib: "Beləliklə cənab Kondratyukun ofisindən mütəmadi olaraq MKİ əməkdaşlarından ibarət qruplar çıxmağa başladı. Onlar otaqdan əlində içində mühüm sənədlər olan çantalarla çıxırdılar. Cənab Kondratyuk isə məsələni bizə belə izah edib ki, Ukrayna sadəcə “etimad şəraiti yaratmaq” istəyib.

Ümumilikdə isə kəşfiyyatla bağlı sıx tərəfdaşlığın başlanğıcını 2014-cü il fevralın 24-nü saymaq olar. Yəni bu, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan düz səkkiz il əvvələ təsadüf edir. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko MKİ və MI6 rəhbərlərinə zəng edərək onlardan daxili kəşfiyyat xidmətinin sıfırdan, yenidən qurulmasında kömək istəyib. O, həmkarlarına üçtərəfli tərəfdaşlıq təklif edib: "Hər şey belə başladı. Daha sonra ölkəyə həmin vaxt MKİ-nin direktoru olan Con Ouen Brennan gəlib. O, Kiyevin təklifinə cavab verib və əməkdaşlıqda maraqlı olduğunu bildirib. Lakin Brennan ABŞ-dən yardımlar almaq üçün ukraynalıların amerikalılara dəyərli kəşfiyyat məlumatları təqdim etməyi təklif edib".

Prezident Barak Obamanın müşavirləri Moskvanı qıcıqlandırmaq, təxribata cəlb etməkdən ehtiyatlanırlarmış. Onlar bu səbəbdən “ukraynalıları hiddətləndirən” gizli qaydalar işləyib hazırladılar. Belə ki, Ukraynaya ölümcül nəticələrə səbəb ola biləcək hər hansı yardımın göstərilməsi qadağan edilib.

Bundan sonra ukraynalılar Vaşinqtonun kəşfiyyat mövzusunda həddindən artıq ehtiyatlı davranmasına dözümsüzlük nümayiş etdiriblər: “Kiyev Ağ Evin onlarla razılaşdığı şərtləri pozdu. Ukraynalılar sui-qəsdlər və digər ölümcül əməliyyatlar təşkil etməyə başladılar”.

Bütün bunlara cavab olaraq Vaşinqtonun qəzəblənmiş rəsmiləri Ukraynanı öz lazımi dəstəklərini geri götürəcəkləri ilə hədələyiblər. Lakin amerikalılar heç vaxt buna getmədilər". Keçmiş ABŞ rəsmisi nəşrə açıqlamasında qeyd edib ki, hər iki tərəf əməkdaşlıqda fayda gördüyü üçün münasibətlər dayanmaq əvəzinə daha da güclənib.

Gizli əməkdaşlıqlar həm Donald Trump, həm də Co Baydenin dövründə də davam etdi. Müəllifin fikrincə, "cənab Trampın neytral davranışlarına baxmayaraq, onun administrasiyası bu mövzuda tez-tez fərqli istiqamətə yön alıb. Belə ki, o zaman MKİ rəhbəri olmuş Mayk Pompeo və milli təhlükəsizlik müşaviri Con Bolton Ukrayna ilə tərəfdaşlığa dəstəyi nümayiş etdirmək üçün üçün Kiyevə səfər etmişdilər".

Sonrakı illərdə münasibətlər o qədər möhkəmlənib ki, Co Bayden administrasiyası rus qoşunlarının Ukraynaya girişindən öncə amerikalıları təxliyə edərkən MKİ zabitlərini Ukraynanın qərbində saxlayıb. Ukrayna təhlükəsizlik xidmətinin keçmiş rəhbəri İvan Bakanov “Onlarsız bizim ruslara müqavimət göstərmək imkanımız olmazdı” deyib.

Qeyd edək ki, “The Wall Street Journal” (WSJ) bir neçə gün öncə ABŞ-la Rusiya arasında yeni qalmaqalın yaranması barədə məlumat yaymışdı. Nəşr yazıb ki, Amerika rəsmiləri Rusiya tərəfini kosmosda silahlar yerləşdirməmək barədə xəbərdar ediblər. Söhbət nüvə və peykləri sıradan çıxara biləcək silahlardan gedir. Hətta iki ölkə arasında soyuq münasibətlərin yaranmasına baxmayaraq Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin arasında bu mövzuda danışıqlar da olub. Məqalədə bu iki danışıqlar kanalı vasitəsilə aparılan dialoqun təfərrüatlarını açıqlamayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   Kəşfiyyat   Ukrayna  





Xəbər lenti