Karapetyan hərbi sirləri açdı: "Əlimdə ordumuzda çalışacaq 80 rus zabitin siyahısı var idi"

 Karapetyan hərbi sirləri açdı:    "Əlimdə ordumuzda çalışacaq 80 rus zabitin siyahısı var idi"
  15 Mart 2024    Oxunub:888
Ermənistanın keçmiş müdafiə naziri, "Ümumerməni Cəbhəsi" hərəkatının lideri, general-mayor Arşak Karapetyan növbəti dəfə diqqət çəkən açıqlamalar verib.
O, yerli telekanallardan birinə müsahibəsində deyib ki, erməni xalqı İkinci Qarabağ müharibəsindən sonra təhlükəsizlik sahəsində toparlanmaq üçün xeyli vaxt, üç il yarım itirib: "Bu müddət bizə təhlükəsizliyimizi bərpa etmək, hətta onu inkişaf etdirmək üçün kifayət idi. Lakin heç nə edənmədik”.

General müsahibə zamanı bir neçə mühüm hərbi məlumatlar da səsləndirib.

Paşinyan eks-müdafiə naziri ilə vatsap yazışmalarını yaydı - Fotolar
“Mən 2021-ci ildə müdafiə naziri təyin olunanda rusiyalı həmkarımla müqavilə bağladıq. Bundan sonra Ermənistana Rusiyanın müxtəlif akademiyalarından 40 yüksək rütbəli general, zabit, hərb sahəsi üzrə professorlar gəldilər. Onlar öz sahələri üzrə təcrübəli zabitlər, generallar idilər. Həmin hərbi qruplar ölkəmizdə ay yarım çalışdılar. Müştərək bir sənəd də yaratdıq. Sənəddə gələcək təhlükəsizlik sistemimizdən danışılırdı. Hətta bundan sonra Rusiyanın müdafiə naziri ilə görüşəndə Moskvaya və şəxsən mən ona bu dəstəyə görə təşəkkür də etdim. Ona dedim ki, sizin işiniz bununla bitməyəcək. İndi zəhmət olmasa yeni mütəxəssislər göndərin ki, qəbul etdiyimiz sənədi tam şəkildə həyata keçirək. Hətta əlimizdə Ermənistana gəlməli olan 80-ə yaxın zabitin siyahısı var idi. Onlar 3 il Ermənistan ordusunda çalışmalı və silahlı qüvvələrimizi inkişaf etdirməli idilər”.

General açdığı hərbi sirrə dair qeyd edib ki, sözügedən sənəddə Ermənistan ordusuna verilməli olan silah-sursatların da adı olub. Hətta təchizatın bir hissəsini Rusiya tərəfi öz üzərinə götürübmüş: “Bütün bunlara nail olsaydıq, çətin ki, Qarabağı tam şəkildə əldən verər və bu gün qorxu ilə sərhəddən o yana baxmazdıq”.

O, müdafiə naziri olduğu dövrə toxunarkən Paşinyanla yanaşı separatçıların da adını xatırladıb: "Paşinyana dedim ki, mənə 3 il sülh şəraiti lazımdır. Hətta Qarabağa gedən zaman bunu Arayik Arutyunyana da demişdim. Həmin vaxt mənə bir şey aydın idi: biz hazırda Ermənistanı və Qarabağı var gücümüzlə qorumalıyıq”.

Karapetyan 2021-ci ildə erməni əsgərlərə dəqiqləşdirilməmiş sərhəddə Azərbaycan hərbçilərinə atəş açmamaqla bağlı verilən əmrə dair iradlara da cavab verib.

“Biz tez-tez baş verən bu əlbəyaxa davaları hər zaman xatırlayacağıq. Mən o vaxt Baş Qərargah rəisinin birinci müavini idim və düşmənə atəş açmaqla bağlı əmr verməyə haqqım yox idi. Müharibədən sonra məlum insidentlər zamanı əsgərlərimizə atəş açmamaqla bağlı verilən əmrlər məni təəccübləndirmişdi. Məhz bu səbəbdən əsgərlərimiz azərbaycanlı hərbçilərlə rastlaşanda əlbəyaxa davaya düşürdülər. Müdafiə naziri olanda isə ilk əmrim bu oldu ki, düşmənlə qarşılaşanda birinci xəbərdarlıq edilsin, ikinci addım isə atəş açmaq olsun”.

Qeyd edək ki, son günlər Ermənistanın baş naziri Nikol Paşinyanla Karapetyan arasında söz davası gedir. Paşinyan keçmiş müdafiə nazirinin ittihamlarına cavab verərkən mətbuata maraqlı məlumatlar ötürüb. Hətta "TikTok" sosial şəbəkəsində Paşinyanın 2021-ci il noyabrın 14-də Karapetyanla Whatsapp vasitəsilə yazışmalarının qısa videosu yayılıb. Videoya əsasən noyabrın 14-də səhər saat 09:38-də Karapetyan baş nazirə sərhəddə hər şeyin qaydasında olması ilə bağlı səsli mesaj göndərib. Saat 16:12-də isə Paşinyan nazirə mesaj yazaraq harada olduğunu soruşub. Ancaq nazir Paşinyanın sualını cavabsız qoyub. Baş nazir mətbuat konfransında bildirib ki, həmin gün Karapetyan ona hücum barədə məlumat verməli idi, lakin bunu etməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   General   Rusiya   Paşinyan  





Xəbər lenti