Qərbin aqressivləşən “demokratiya”sı: İrəvanın saçdığı təhlükə - ŞƏRH

  Qərbin aqressivləşən “demokratiya”sı:  İrəvanın saçdığı təhlükə -  ŞƏRH
  02 Aprel 2024    Oxunub:1251
Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir. Son günlər sosial şəbəbkələrdə Ermənistanın şərti sərhədə qoşun yığması ilə bağlı görünütülər yayılıb. Dünən isə Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub.
Baş verən prosesləri AzVision.az -a şərh edən Milli Mıclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanla şərti sərhədin müxtəlif istiqamətlərində daimi hücum fartifikasiyalarının qurulması və bu gecə Naxçıvan istiqamətində atəşkəsin pozulması Ermənistanın növbəti təxribata hazırlaşdığının göstəricisi hesab edilməlidir. O qeyd edib ki, bu, Ermənistanın sülh istəməməsinin göstəricisidir:
Ermənistan şərti sərhədə niyə qoşun yığır? - Polkovnik şərh edir


“Əgər sülh istəsəydi, heç şübhəsiz ki, müharibədən dərhal sonra Azərbaycanın uzatdığı əli tutardı və bu gün regionda sabitlik olardı. Şərti sərhədə qoşun yığılması əslində 44 günlük müharibədən sonra Azərbaycana qarşı Ermənistanın törətdiyi təxribat silsiləsinin növbəti həlqəsidir. Bütün hallarda olduğu kimi bu da eyni məntiqi yekunla nəticələnəcək. Azərbaycan Ermənistanın bütün təxribatlarına cavab verib və bu gün onun təxribat imkanlarını məhdudlaşdırıb.



Hazırda isə bu proseslər aprelin 5-də Brüsseldə Ermənistan, Avropa Birliyi və Amerika Birləşmiş Ştatları arasında keçiriləcək görüş ərəfəsində baş verir. Görünür, Ermənistan olanları Azərbaycanın ayağına yazmaqla Brüsseldə bizi ittiham edəcək və hər hansı bir addımın və yaxud gizli razılaşmanın əldə olunmasına nail olacaq”.

Deputatın fikrincə, rəsmi İrəvan ölkəsində olan Avropa missiyasına hansısa status almaqla hərbi pakt qismində "təhlükəsizliyi" üçün bir qərarın qəbul edilməsinə çalışacaq:

“Təxribatlar Ermənistana ona görə lazımdır. ABŞ rəsmiləri üçtərəfli görüşdə regional məsələləri deyil, sadəcə, Ermənistanın iqtisadiyyatının dirçəldilməsi, demokratiyanın və qanuniliyinin təmin olunması ilə bağlı mövzuları müzakirə edəcəklərini deyirlər. Lakin iqtisadiyyatın dirçəldilməsi nəticə etibarilə həm də Ermənistanın hərbi istiqamətdə güclənməsinə gətirib çıxaracaq. Baş verən məsələlərin mahiyyəti bundan ibarətdir"

Bəs bu təxribatlar böyük miqyaslı müharibəyə çevrilə bilərmi?

Deputat bunu istisna etmir. O qeyd edib ki, Azərbaycan təxribatlara cavab verəcək.

"Təxribatlar daha geniş miqyas alarsa, Azərbaycan beynəlxalq hüquqa əsaslanan məşru müdafiə hüququndan istifadə edərək öz şərti sərhədlərindən 30 km daha dərinliyə doğru irəliləməklə özünün təhlükəsizliyini təmin edəcək”.



Milli Məclisin deputatı Naqif Həmzəyev isə qeyd edib ki, Ermənistan çox təhlükəli oyun oynayır:

"Xüsusilə də Qərbin, Fransanın Ermənistanı qızışdırması, aktiv şəkildə silahlandırması, Cənubi Qafqazda zəif bənd olaraq qalmasını istəməməsi onu daha da cəsarətləndirir. Rusiyanın Ermənistandan çıxacağı təqdirdə bu boşluğu Fransa və ABŞ doldurmaq niyyətindədir. Eyni zamanda, Ermənistan ərazisindən Qərb İrana qarşı da istifadə etmək planları qurur. Bu baxımdan Cənubi Qafqazda Ermənistan çox təhlükəli oyun oynayır. Faktiki olaraq Rusiya ilə hərbi əməkdaşlığı, KTMT üzvlüyünü donduran rəsmi İrəvan Qərbə aktiv şəkildə meyllənir".

Deputat qeyd edib ki, Ermənistanın həm Azərbaycanla sülh danışıqlarında aktiv iştirak etməsi, eyni zamanda silahlanmaya üstünlük verməsi və şərti sərhədə qoşunlar toplaması da diqqətdən yayınmır:
"Rəsmi dairələr bunun bir hərbi təlim məqsədilə edildiyini bildirirlər. Ancaq videogörüntülərdən belə bir qənaətə gəlmək olar ki, onlar faktiki olaraq şərti sərhəd ərazilərində möhkəmlənmək istəyirlər. Atəşkəsin pozulması da Ermənistan tərəfindən növbəti təxribatların ola biləcəyini deməyə imkan verir. Çünki Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyası uzunmüddətli fəaliyyət göstərir. Şərti sərhəd ərazisində atəşkəsin pozulması, mərhələli şəkildə müxtəlif təxribatların törədilməsi də məhz həmin missiyanın burada qalmasını təmin etmək üçün edilir. Çünki əgər sərhəddə heç bir problem yaranmırsa, heç bir toqquşma, hər hansı bir narahatçılıq yoxdursa, o zaman burada hansısa müşahidədən söhbət belə gedə bilməz. Bu baxımdan da həmin müşahidə missiyasının Ermənistanda müddətini uzatmaq üçün də bu cür aktivlik və təxribatların törədilməsi mütəmadi olaraq həyata keçirilir".

Müsahibimizin sözlərinə görə, Ermənistan əgər hansısa təxribata əl atsa, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını məharətlə alacaq:

"Sülh danışıqlarına çox böyük kölgə salına bilər. Mən ehtimal edirəm ki, Ermənistan belə bir addıma risk etməyəcək. Qərbin Ermənistanın qızışdırması onu müəyyən dərəcədə cəsarətləndirir. Eyni zamanda, sülh danışıqlarında müəyyən dərəcədə istəklərinin reallaşdırıla bilməsi üçün də onlar bir güc göstərmək niyyətində də ola bilərlər. Yəni "biz lazım gələrsə, döyüşməyə də hazırıq" mesajını verməklə sülh danışıqlarında, xüsusilə də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiyaların görüşündə nələrisə istəmək niyyətində olduqları üçün belə bir addım da atıla bilər. Biz ümid edək ki, yenidən toqquşma və yaxud gərginlik baş verməyəcək. Azərbaycan və Ermənistan arasında ən qısa zamanda sülh anlaşması imzalanacaq. Nəhayət ki, Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhə nail ola biləcəyik".

Həmçinin bax:
Ermənistanın qoşun yığmaqda məqsədi nədir? - Hərbi ekspertdən AÇIQLAMA

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Azərbaycan  





Xəbər lenti