Son 62 ildə azalan gəncilk, dəyişən cins tərkibi: Azərbaycan əhalisi sürətlə qocalır

 Son 62 ildə azalan gəncilk, dəyişən cins tərkibi:  Azərbaycan əhalisi sürətlə qocalır
  04 Aprel 2024    Oxunub:1611
“Azərbaycan əhalisinin sayı 2 milyon nəfərdən çox azala bilər. Bu proqnoz-məlumatları Azərbaycanın rəsmi statistikası əsasında qlobal analitika hazırlayıb. İnandırıcı görünməsə də tendensiya azalmaya doğrudur. Bu baş versə, proses yalnız say azalaması ilə deyil, cins və yaş tərkibinin əhamiyyətli dəyişməsi ilə müşahidə olunacaq”.
AzVision.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşunas Sahib Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda 1950-ci illərdən başlayaraq əhalinin doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Bir qadına düşən uşaqların sayı ötən əsrin 60-cı illərinin əvvəllərində 6 nəfərə yaxın (5.0748) olub. 2024-cü ildə bu göstərici 2 nəfərdən daha aşağıdır (1.6467). Son 62 ildə azalma ümumilikdə -67.55% təşkil edir.

“Ümumdünya səviyyəsini götürəndə Azərbaycanda ümumi əhali artımında hələ ciddi bir problem yoxdur. Bir sıra Avropa ölkələri ilə müqayisə etsək, müsbət dinamika davam edir. Hətta MDB üzrə də bizdə müsbət tendensiya qalır. Amma ümumi demoqrafik proqnozlar ürəkaçan deyil. Vaxtında tədbirlər görülməsə, əhalinin həm yaş, həm də cins tərkibininin dəyişməsinə gətirib çıxara bilər. Bu da özü ilə çoxsaylı ciddi problemlər yaradacaq. Hazırda İtaliyada əhalinin 22-23 faizinin yaşı 70-dən yuxarıdır. Bunun iki səbəbi var: orta ömrün daha uzun olması və əhali artımının azalması fonunda yaş tərkibinin dəyişməsi. Azərbaycanda isə İtalyadan fərqli olaraq bu rəqəm 4 faizi keçmir.

Bizdə əhalinin 64 faizi 40 yaşına çatmayanlardır. Bu çox yaxşı göstəricidir. Gənclər əhali içərisində üstünlük təşkil edir. Amma uzunmüddətli planda bu dəyişə bilər. Onun dəyişməsi əhalinin yaş tərkibinin dəyişməsinə gətirə bilər”.


Azərbaycanda cins tərkibi niyə dəyişir? Hüquqşünasın sözlərinə görə, bu məsələdə selektiv abortların böyük payı var.

“Azərbaycan selektiv aborta görə dünya üzrə ən yüksək səviyyədədir. UZİ aparatları ilə yoxlama nəticəsində qız uşaqları abort elətdirilir. Bu isə Azərbaycanda reproduktiv qadınların sayının kişilərin sayından az olmasına gətirib çıxarır. Baxmayaraq ki, nisbi götürəndə Azərbaycanda qadınların sayı hələ kişilərdən çoxdur.

Çin uzun müddət əhali planlaşdırılmasını həyata keçirdi. Nəticədə çində kişi əhalinin sayı ciddi sürətdə artmağa, qızların sayı isə azalmağa başladı. Çünki orada milli adətə görə nəslin davamçısı bizdəki kimi kişi sayılır. Hətta bəzi əyalətlərdə yeni doğulan qız uşaqlarını aparıb kənara atırdılar. Əhali planlaşdırılması pis fəsadlar verdi. İndi onlar bu məsələni tənzimləməyə başlayıblar".

Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2050-ci ilə qədər demoqrafik sənəd proqnoz hazırlayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bununla bağlı planları var.

S.Məmmədov qeyd edib ki, ailə strategiyasının hazırlanması zamanı bu məsələlər nəzərdə alınacaq: "Burada ailələrin dəstəklənməsindən tutmuş doğulan qız uşaqları ilə bağlı stimullaşdırıcı tədbirlərin artırılmasına qədər çoxtərəfli və çoxşaxəli işlər görülməlidir.

Fransada əhalinin yaş tərkibi dəyişib və dövlətin sosial təminat sistemi buna tab gətirmir. Bu tendensiya bizdə də ola bilər. Onsuz da Azərbaycanda pensiya təminatı üçün sosial yığımlar aşağı səviyyədədir. Bir qədər də pensiyaçıların sayının artması dövlətə sosial təzyiqi artıracaq”.



Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Azərbaycanda demoqrafik proseslər hələlik müsbət istiqamətdə gedir. Doğum sayı ölüm sayından üstündür. Bu da əhalinin müəyyən dövrü üçün gənc nəslin üstünlüyü deməkdir.

“Dünyanının bir çox ölkələrində əhalinin qocalma prosesi gedir. Bəzilərində isə bu proses 30 il bundan öncə başlayıb. Biz gözləməli deyilik ki, bizdə də qocalma prosesi başlasın və əmək qabiliyyətli əhalinin sayının nisbəti ilə pensiyaçıların nisbəti arasındakı fərq mənfiyə ensin. Əhalinin qocalması bütün cəmiyyət, dövlət üçün çox ciddi problemlərə çevrilir. Bu, əmək bazarında boşluqların yaranmasına, həm də əmək məhsuldarlığının aşağı düşməsinə, pensiya, sosial fondun maliyyə gərginliyinin yaranmasına, bütövlükdə isə ölkənin dinamik əhali kütləsinin azalmasına gətirib çıxarır.

İndi Azərbaycandakı vəziyyəti 1940-1950-1960 –cı illərlə müqayisə etmək doğru deyil. Həmin dövrlərdə daha çox işçi qüvvəsinə ehtiyac var idi. Buna görə də doğumların sayının çox olmasına maraqlı idilər.

İndi isə insanlar 30 yaşdan sonra ailə qurmağa üstünlük verirlər. Ona qədər öz karyeralarını fikirləşirlər və həyatlarını bu cür daha maraqlı görürlər.

Boşanmaların sayının artması, sonsuzluğun həddən artıq yüksəlməsi də prosesə təsir edir. Bu bizi ciddi narahat edən məsələlərdəndir. Dövlət sosial təminat məsələlərini önə çəkməlidir. Maarifləndirmə aparılmalıdır. Boşanmaların qarşısının alınması, sonsuzluğun aradan qaldırılması üçün həm hüquqi, həm tibbi müstəvidə müəyyən işlər görülməlidir. Bu gün Azərbaycan fəlakət həddində deyil. Ancaq yaxın gələcəkdə lazımı addımlar atılmasa, demoqrafik böhranın baş verməsi qaçılmaz olacaq”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Əhali   Gənclər   Qocalıq  





Xəbər lenti