"Utancverici hadisədir" - Teatr direktoru

   "Utancverici hadisədir" -    Teatr direktoru
  15 Aprel 2024    Oxunub:1427
“Məhkəmənin son qərarını səbirsizliklə gözləyirəm. Çünki mənimsəmə faktına görə ölkədən çıxış qadağası qoyulub. Bu, isə məni sənətimlə bağlı bir çox işlərdən uzaqlaşdırdı”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev Teatrın 332 min manatı mənimsəməkdə ittiham olunan kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimovanın məhkəmə prosesindən danışarkən deyib. O bildirib ki, teatrın direktoru olduğu üçün proseslə əlaqədar ölkədən çıxışına icazə verilmir.
"Ölkədən çıxışıma qadağa qoyulub, 150 min borc var" - Teatr direktoru korrupsiyadan danışdı


“Türkiyədən, Rusiyadan mənə rol təklifi gəlib. Ancaq bu qadağaya görə getmədim. Bu mənimsəmə işi mənə çox ziyan vurdu. Teatr bir çox festivallarda iştirak edir. Mən isə onlara qatıla bilmirəm. Qızım ABŞ-də yaşayır. 30 yaşı olanda gedib onu görmək istəyirdim, amma mümkün olmadı.

Ona görə də məhkəmənin yekun qərarını səbirsizliklə gözləyirəm. Heç vaxt istəməzdim ki, belə bir hadisə baş versin. Bu, Azərbaycan mədəniyyətinə bir zərbə idi və utancverici bir haldır. İllərlə qazandığım bu adın iştirak etmədiyim cinayət əməlində ləkələnməsini istəmirəm. Əfsuslar olsun ki, belə şeylər olur”.

Qeyd edək ki, Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. Dövlət ittihamçısı A.Kərimovanın külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirli bilinməsini, məhkəmə zalındaca 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Xatırladaq ki, A.Kərimova 2019-cu ildən 2023-cü ilə kimi teatrın kadrlar idarəsinin mütəxəssisi işləyib. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Kərimova işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

O, 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti