ATACMS raketləri Rusiya üçün ciddi təhlükədir

   ATACMS raketləri    Rusiya üçün ciddi təhlükədir
  26 Aprel 2024    Oxunub:1260
Bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası nəhayət ki, Ukraynaya 61 milyard dollar həcmində yardım ayrılması barədə qərar qəbul etdi. Senatda əlüstü təsdiqlənən Qanun layihəsini ABŞ prezidenti Co Bayden də dərhal imzalayıb. Qərb mediası və Vaşinqtonun bəzi rəsmiləri hərbi yardım çərçivəsində Ukraynaya verilməsi nəzərdə tutulan silahların artıq yolda olduğunu bildirblər.
AzVision.az ABŞ-nin Ukraynaya verəcəyi silahlar arasında Kiyevin böyük səbirsizliklə gözlədiyi və Rusiyanı ən çox narahat edən ATACMS taktiki raketləri öndə gedir. Çünki 300 km məsafədə yerləşən hədəfləri və infrastrukturu vurmağa qadir olan bu raketlər Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə imkan verir.

Rusiyalı hərbi ekspert Andrey Klintseviç ölkənin Voronej, Kaluqa, Krasnodar, Lipetsk, Rostov-Don və Tula kimi şəhərlərinin ATACMS raketlərinin zərbə zonasına düşməsi təhlükəsinin yarandığını deyib. Lakin o, Ukraynanın həmin şəhərlərə bu rakeütlərlə yox, dronlarla zərbə endirmək taktikasını seçəcəyinə əmindir. Çünki raketlərin uçuş məsafəsi böyüdükcə, onun zərbə gücü azalır.


Onun həmkarı Vzasili Dandıkinin fikrincə, Kiyev ATACMS raketlərinin zərbələrini ilk növbədə Rusiyanın tutduğu Ukrayna ərazilərinə - Krım yarımadasına, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə yönəldəcəyini düşünür.

Lakin onlarla razılaşmayan politoloq Sergey Markov rusiyalı hərbçilərin Rusiyanın dərinliyində yerləşən yaşayış məntəqələrinə, o cümlədən də paytaxt Moskvaya ATACMS zərbələrinin endiriləcəyinə hazır olmağa çağırıb. O, ilk belə zərbələrin təxminən bir ay sonra baş verə və Krıma, xüsusən də Sevastopola və Krım körpüsünə zərbələrin güclənə biləcəyini proqnozlaşdırıb.

“Krım körpüsü Ukrayna Silahlı Qüvvələrinin əsas hədəfinə çevriləcək. Onun uğrunda Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri və raketləri ilə Rusiyanın hava hücumundan müdafiə və dəniz müdafiə sistemləri arasında real döyüş balayacaq” , - Sergey Markov deyib.


Hazırda Rusiyanın əsas qayğısı ATACMS raketlərinin yaratdığı təhlükəni necə neytrallaşdırmaqla bağlıdır. Rusiyalı hərbi müxbir Aleksandr Kots bu raketlərin Ukraynaya çatdırılmasınnı qarşısını almağın daha düzgün olduğunu düşünür.

- Bu raketlər atəş mövqelərinə çatmasaydı, çox yaxşı olardı. İki il ərzində bizim hava hücumundan müdafiəmiz (HHM) sübut etdi ki, istənilən uçan hər şeyi vura bilir. Ancaq düşmən tərəfində hər gün müdafiəmizdə boşluqlar tapmağa çalışan NATO-nun hava elektron kəşfiyyatı var. Habelə, Kiyevin nə qədər raket alacağı məlum deyil”, - Kots vurğulayıb.

Bu arada adı çəkilməyən amerikalı məmura istinad edən “New York Times” qəzeti ABŞ-nin fevralın ortalarından bəri gizli şəkildə Ukraynaya 100-dən çox ATACMS əməliyyat-taktiki raketi verdiyini yazıb.

“Fevralın ortalarında prezident Bayden gizli şəkildə 100-dən çox uzaqmənzilli raketin, eləcə də çoxlu sayda kassetli sursatın yerləşdirilməsini təsdiqləyib. Onlar mart ayında Ukraynaya 300 milyon dollarlıq silah göndərilməsi planının bir hissəsi idi” , - amerikalı məmur deyib.

Uzaqmənzilli ATACMS raketlərinin Kiyevə verildiyini təsdiqləyən Pentaqon isə onların “yalnız Ukraynanın suveren əraziləri çərçivəsində istifadə ediləcəyini" bildirib.

Həmin silahdan artıq Ukrayna Silahlı Qüvvələrinin aprelin 17-də Krımda yerləşən Cankoy aerodromuna hücum zamanı istifadə etdiyi də vurğulanır.

“Reuters” agentliyinin məlumatına görə, 300 kilometrə qədər uzaqda yerləşən hədəfləri vura bilən ATACMS raketlərinin Ukraynaya verilməsi məsələsi bir neçə ay Bayden administrasiyası daxilində müzakirə mövzusu olub. Onların Rusiya qüvvələri tərəfindən tutula və tədqiq oluna biləcəyindən, habelə onlardan Ukraynanın Rusiya ərazisinə hücum üçün istifadə edəcəyindən ehtiyatlanan Pentaqon bu raketlərin Kiyevə verilməsinə qarşı çıxırdı. Lakin Rusiya Silahlı Qüvvələrinin Ukraynanın infrastrukturuna zərbələr endirməsi uzaqmənzilli ATACMS-ların Ukraynaya ötürülməsi ilə bağlı yekun qərara təsir göstərib. Həmçinin, Vaşinqtonun Rusiyaya bu barədə xəbərdarlıq etdiyi vurğulanır.

ABŞ-nin Ukraynaya gizli şəkildə 100-dən çox ATACMS raketləri ötürməsi ilə bağlı “etiraf”larına baxmayraq, bu barədə söhbətlər artıq mart ayında açıq şəkildə müzakirə olunurdu. Sadəcə, həmin vaxt Ukraynaya yardım paketinə 165 kilometr məsafəni qət edə və yüzlərlə kasset bombası olan döyüş başlıqları daşıya bilən ATACMS uzaqmənzilli raket sisteminin köhnə versiyası olan bir neçə APAM-ların daxil olacağı bildirilirdi.

Bu baxımdan, 300 kilometrlik məsafəni qət edən ATACMS əməliyyat-taktiki raketlərinin Kiyevə verilməsini məhz Rusiyanın son həftələrdə Ukraynanın infrastrukturuna endirdiyi ağır sərbələrin şərtləndirdiyi barədə iddialar həqiqətən də ağlabatandır. Lakin müharibə qanunlarına əsasən, ən azı Rusiyanın cəbhədə son irəliləyişinə mane olmaq üçün istənilən halda gec-tez Ukraynaya uzaqmənzilli raketlərin veriləcəyi gözlənilən idi.

Yeri gəlmişkən, ABŞ-nin hələ 2023-cü ildə gizli şəkildə Kiyevə 20-dək ilk ATACMS raketi verdiyi bildirilir. Ağ Ev həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin 165 kilometr məsafəni qət edə bilən ATACMS Block 1 raketlərinin Kiyevə göndərildiyini etiraf etmişdi. Məhz həmin raketlər vasitəsi ilə ötən ilin oktyabrında Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətində yerləşdirilmiş aerodromuna zərbələr endirilmişdi.


300 kilmetrlik məsafədə yerləşən hədəfləri vura bilən ATACMS-ların Ukrayna Silahlı Qüvvələrinə verilməsi artıq Rusiyanın öz ərazilərinin zərbə altına düşəcəyinə ciddi zəmin yaradır. Bu məsələdə isə Kiyevin onlardan yalnız Ukrayna ərazilərində istifadəsi ilə bağlı Vaşinqtonun məsləhətlərini, hərçənd bu da yalnız gəlişi gözəl söz ola bilər, nəzərə alacağı heç də inandırıcı görünmür. Çünki müharibənin öz qanunları var. Ərazilərinin təxminən 22%-ni itirmiş və dövlət kimi mövcudluğu təhlükəsi ilə üzləşmiş Ukrayna üçün qaradan artıq rəng qalmayıb.

Məhz bu reallıqlardan çıxış edən əksər rusiyalı ekspertlər Kiyevə uzaqmənzilli ATACMS-ların verilməsinin Rusiya üçün ciddi təhlükə yaradacağını iddia edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ATACMS   Rusiya  





Xəbər lenti