Böyük Memarın regional inteqrasiya layihəsi | Mübariz Əhmədoğlunun yazısı

   Böyük Memarın regional inteqrasiya layihəsi    | Mübariz Əhmədoğlunun yazısı
  15 May 2024    Oxunub:2669
Ulu Öndər Heydər Əliyev və Gürcüstanın mərhum eks-prezidenti Eduard Şevardnadze öz ölkələrində hakimiyyətə gələndə Qərbdə onların ikisini də Sov.İKP MK bürosunun üzvləri kimi qəbul edirdilər. SSRİ-nin xarici işlər naziri olduqdan sonra Şevardnadzenin davranışında baş verən dəyişikliklərdən çoxlunun xəbəri yox idi.
Mixail Qorbaçov Əliyevlər ailəsinə - Ümummilli Lider Heydər Əliyev və o vaxt Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) müəllimi işləyən İlham Əliyevə qarşı düşmənçilik edirdi. Məhz bunun nəticəsində İlham Əliyevi də vəzifəsindən uzaqlaşdırmaqla bağlı Şevardnadzeyə göstəriş vermişdi. Çünki MDBMİ SSRİ Xarici İşlər Nazirliyinin tərkibində idi.

O zaman Şevardnadze Qorbaçovun yanında böyük inama malik idi. O, İlham Əliyevi bir kafedradan digərinə keçirməklə Qorbaçovu “tədbir gördüyünə” inandıra bilərdi. Amma belə etmədi, Qorbaçova İlham Əliyevlə bağlı heç bir müqavimət göstərmədi və vəzifədən çıxardı.

Eduard Şevardnadze Gürcüstanda hakimiyyətə gəldikdən bir müddət sonra həmin ölkədə çıxan azərbaycandilli “Sovet Azərbaycanı” qəzetinin jurnalisti mətbuat konfranslarının birində ona Heydər Əliyevlə əlaqələr barədə sual vermiş və o, əlaqələrin yaxşı olmadığını etiraf etmişdi. Aydın olmuşdu ki, özünü günahkar bilir. Ümummilli Lider Heydər Əliyev bunu biləndə oğluna qarşı Şevardnadzenin etdiyi xəyanəti bağışladı.

O vaxt Ermənistanla Azərbaycanın arasında müharibənin getməsinə baxmayaraq, regionda ən ağır vəziyyətdə olan dövlət Gürcüstan idi. Azərbaycan “kitab-dəftərə düşməyən” hərtərəfli yardımları ilə Gürcüstanı diriltdi. Heydər Əliyev həm Azərbaycan dövlətini xilas etdi, həm də Gürcüstanı. Gürcü xalqının və dövlətçiliyinin qarşısında Heydər Əliyevin, sonradan İlham Əliyevin əvəzsiz xidməti var. Dünya bazarında qazın min kubmetrinin qiyməti 350-400 dollara olanda biz Gürcüstana 60 dollardan satırdıq.

Kimsə bunu sırf Azərbaycan qazının ixracı marşrutu ilə əlaqələndirirsə, səhv edir. Azərbaycanın ixrac marşrutu olaraq Gürcüstanı seçməsi İran, Rusiya tərəfindən əlavə risklər yaratdı. Vaxtilə Mixeil Saakaşvili iki dəfə etiraf etmişdi ki, Azərbaycan Gürcüstana qaz və elektrik enerjisi verməklə özünə çətinlik yaradıb.

Prinsipial məsələlərdən biri Azərbaycanın Gürcüstanın dini məbədlərini havayı qazla təmin etməsidir. Təşəbbüs Gürcü Pravoslav kilsəsindən gəlmişdı. Gürcüstanda olan erməni kilsələri də Azərbaycandan gedən havayı qazla qızdırılır.

Ermənilərin Azərbaycanın neft-qaz siyasətinə münasibəti, “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı davranışları da xüsusi təhlil olunmalıdır. Onlar əvvəlcə “Əsrin müqaviləsi”nin imzalanmasına inanmadılar. Guya Azərbaycanın neftinin, qazının tükənməsi istiqamətində təbliğat apardılar. “Əsrin müqaviləsi” imzalandıqdan sonra isə kursu dəyişdilər. Azərbaycanın neft, qaz kəmərlərinin çəkilməsinə maneəçilik törətməyə başladılar. Böyük siyasi-diplomatik mübarizə başladı. Uğur qazana bilmədiklərini anlayanda Amerikadakı ermənilər ABŞ hökumətinə Ermənistanı da Azərbaycanın neft-qaz layihələrinə qoşmağı təklif etdilər. Vaşinqton bu mövzuda Bakıya təzyiq etməli idi. Avropadakı erməni diasporu da onları dəstəklədi. Rəsmi Bakı buna etiraz etmədi, amma əvəzində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını şərt kimi qoydu. İrəvan və diaspor erməniləri razılaşmadıqları üçün özlərini kənarda qoydular.

Heydər Əliyevin regional inteqrasiya kursu təməl fəaliyyət və beynəlxalq aləmdə tanınmış legitim xəttdir. Bu kursu sonradan Prezident İlham Əliyev davam etdirdi. Qərbin vaxtilə regionda Azərbaycanın gördüyü işləri unutması, bəzi proqramları arxa plana atması indi işi çətinləşdirir. Əgər Qərb, xüsusilə ABŞ yenidən əvvəlki yanaşmalarına qayıtsalar, regionda təhlükəsizlik indeksi güclənər, inteqrasiya başlayar və Cənubi Qafqaz vahid iqtisadi məkana çevrilməklə özünü təmin edən regiona çevrilər.

Bu məsələdə ermənilərin müstəsna rolu ola bilər. Regionun məhsulları Amerika bazarında yoxdur, amma ABŞ-da xeyli erməni yaşayır. Avropanın ticarət mərkəzlərində ermənilərin iştirakı və təsiri böyükdür. Üç ölkə əməkdaşlıq edərək, məhsullarını həmin bazarlara birlikdə çıxara bilərlər. Sadəcə, Ermənistanın uydurma mifologiyası bütün bunlara maneçilik törədir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
AzVision.az


Teqlər: Region   Siyasət   Təhlil  





Xəbər lenti