Rusiyanın Müdafiə nazirliyi yenə süzgəcdən keçirilir - TƏHLİL

//İkinci yazı//

   Rusiyanın    Müdafiə nazirliyi yenə süzgəcdən    keçirilir -  TƏHLİL
  18 May 2024    Oxunub:2276
Son həftələr Rusiyanın müdafiə nazirliyində aparılan yoxlamalar və kadr dəyişiklikləri böyük rezonans doğurub. Bəzi məqamlar bu proses çərçivəsində nazirliyin bir sıra yüksək vəzifəli şəxslərinin nəinki tutduğu postdan, hətta azadlıqdan məhrum olacaqlarından xəbər verir.
Rusiyanın Müdafiə nazirliyi yenə süzgəcdən keçirilir - TƏHLİL
Dünən dərc etdiyimiz materialda biz əvvəlki dövrlədə Rusiya ordusunda və Müdafiə nazirliyində korrupsiya halları barədə yazmışdıq. Bu gün isə Vladimir Putinin təyin etdiyi Müdafə nazirlərinin Rusiyaya göstərdikləri “xidmət”lərdən bəhs edəcəyik.

Putin dövrünün “müdafiəçi”ləri
Müasir Rusiyanın Müdafiə nazirliyində korrupsiya halları ordu quruculuğu üçün dövlət büdcəsindən ayrılan pulların fanatstiuk şəkildə “Qara dəlik”də itməsi prosesini xatırladırdı. Müdafiə nazirliyinin ordu quruculuğuna və müdafiə məsələlərinə heç bir aidiyyəti olmayan qeyri-profil obyektləri alması və onların saxlanılması adı altında külli miqdarda vəsaiti mənimsəmsi korrupsiya sxeminin əsas elementlərindən biri idi.

2000-ci ilin martında ilk dəfə prezident seçilən Vladimir Putinin bu problemin aradan qaldırılması üçün ilk növbədə Müdafiə naziri vəzifəsinə sərt və ötkəm bir şəxs gətirməsi lazım idi. Həmin vaxt bu vəzifəyə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, ordu generalı Anatoli Kvaşnin ən layiqli namizəd sayılırdı.


Lakin keçmiş prezident Yeltsinin hakimiyyəti dövründə bu yüksəkliyə qalxmış və Rusiya Qəhrəmanı adına layiq görülmüş, ən əsası isə generallar arasında böyük nüfuza malik olan Kvaşninin həmin vəzifəyə təyinatını öz hakimiyyətinə potensial təhlükə kimi qiymətləndirən Putin, 2001-ci ilin martında Müdafiə naziri postunu özünə yaxın olan kəşfiyyatçıya, general-polkovnik Sergey İvanova etibar etdi. 2004-cü ilin iyulunda isə Kvaşnini Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırmaqla kifayətlənməyibelə həmin ilin sentyabrında onun ordudan tərxis olunması barədə Sərəncam imzaladı.

Sərtlikdə və ötkəmlikdə heç də Putindən və Kvaşnindən geri qalmayan İvanovun əsas vəzifəsi biri Baş Qərargah rəisinin generallar arasındakı böyük nüfuzunun zəiflədilməsi idi. Bu vəzifənin öhdəsindən gələn Sergey İvanov son nəticədə generallar arasında özü böyük nüfuz qazandı ki, bu da gələcəkdə onun əleyhinə işlədi. Belə ki, 2008-ci ildə prezident-baş nazir yerdəyişməsi edəndə Putin xaraktercə ona yaxın olan Sergey İvanova yox, böyük həvəslə onun kölgəsi olmağa razılaşan Dmitri Medvedevə üstünlük verdi. Çünki İvanov Müdafiə nazirliyinə rəhbərlik etdiyi 6 il (2001-2007) ərzində generallar arasında qazandığı nüfuza söykənərək, müvəqqəti olaraq prezidentlik kreslosunu baş nazir vəzifəsinə dəyişmiş Putinin himayəsindən qurtulmağa çalışacaqdı.


Kəşfiyyatçı Sergey İvanov ona həvalə olunan missiyanı yerinə yetirdikdən sonra, Putin Müdafiə nazirliyində təsərrüfat-maliyyə problemlərini həll etmək üçün bu posta Federal Vergi Xidmətinin rəhbəri (2004-2007) Anatoli Serdyukovu təyin etdi. Serdyukovun təyinatında rol oynayan əsas məqamlardan biri də onun Rusiyanın Maliyyə Kəşfiyyatının keçmiş rəhbəri (2001-2007) və Rusiyanın sabiq Baş naziri (2007-2008) , Putinə yaxınlığı ilə seçilən Viktor Zubkovun kürəkəni olması idi.

Serdyukovun qarşısında qoyulan əsas vəzifə ilk növbədə nazirliyin balansında olan qeyri-profil əmlakdan xilas olmaq (satış yolu ilə), illər boyu onların saxlanılmasına və fəaliyyətinə ayrılan xərcləri ixtisar etmək, ən əsası isə ordu quruculuğu üçün dövlət büdcəsindən ayrılan milyardlarla pulun oğurlanmasdının qarşısını almaq idi. Sözsüz ki, 3 il ölkənin vergi xidmətinə rəhbərlik etmiş şəxsin Putinin tapşırığının öhdəsindən gələ biləcəyi şübhə doğurmurdu.

Lakin onun bu vəzifəyə təyinatından 5 il sonra yaşanan böyük korrupsiya qalmaqalı göstərdi ki, ölkənin Silahlı Qüvvələrinin inkişafı və yenidən silahlandırılması üçün ayrılan nəhəng büdcə vəsaitlərinin xeyli hissəsini mənimsəyən Serdyukov, Müdafiə nazirliyinin qeyir-profil əmlakını da əlüstü “xırıd” edərək, həmin pulların da çoxunun yolunu öz cibinə salıb. Bu işlərə o, öz məşuqəsi, nazirliyin Əmlak məsələləri üzrə Departamentinə rəhbər təyin etdiyi Yevgeniya Vasilyevanı da cəlb edib. Bu məsələdə Putini qəzəbləndirən əsas məqam Serdyukovun onun tapşırığı ilə “xırıd” etdiyi qeyri-profil əmlaklardan götürülən qazancı dövlət büdcəsinə yox, özünün və məşuqəsinin mənffətinə çevirməsi idi.


Onun Rusiya ordusunda apardığı islahatların fəsadları barədə hələ də iddialar səngimir. Maraqlıdır ki, həmin korrupsiya əməllərinə görə məsuliyyətə cəlb edilməyən Anatoli Serdyukov hazırda hərbi sifarişləri yerinə yetirən “Rostex” dövlət aviasiya şirkətinin direktorudur. İstisna deyil ki, Serdyukovun mənimsədiyi külli miqdarda geri qaytarması qarşılığında ona belə mərhəmət göstərilib.

Serdyukovu yola saldıqdan sonra Vladimir Putin növbəti dəfə Müdafiə naziri vəzifəsinə peşəkar hərbçi yox, sabiq Fövqəladə Hallar naziri (1994-2012) Sergey Şoyqunu təyin edi. Lakin Müdafiə naziri postuna Şoyqu qısa müddətdə başçılıq etdiyi Moskva vilayətinin qubernatoru vəzifəsindən gəldi. İxtisasca inşaatçı-mühəndis olsa da, faktiki Rusiyanın Fövqəladə Hallar nazirliyini sıfırdan yaradan şəxs kimi Şoyqu böyük nüfuz qazanıb. Bununla belə, o, peşəkar hərbçi deyil. Yeri gəlmişkən, bəzi mənbələr Anatoli Serdyukovu ifşa edən korrupsiya faktları barədə materialların toplanmasında Sergey Şoyqunun böyük rol oynadığını iddia edirlər. Həmin hadisədən cəmi bir neçə ay əvvəl Rusiya hökumətinin müşavirələrindən birində Şoyqu iə Serdyukov arasında baş verən söz atışması bu iddiaların yaranamsını şərtləndirir.

Vladimir Putin isə Şoyqunun məhz təşkilatçılıq bacarığına və şəxsi sədaqətinə güvənərək, ona Müqdafiə nazirliyini etibar etdi. Onların dəfələrlə məzuniyyətlərini bir yerdə keçirməsi və ova getməsi münasibətlərin nə dərəcədə sıx olduğunu göstəriridi. Bu illər ərzində Putin Şoyqunun fəaliyyətini və onun məlumatlarını şübhə altına almayıb. Lakin Ukraynaya hərbi müdaxilənin zəifləməsi və bir çox hərbi əməliyyatların uğursuzluğu fonunda həm orduda, həm də Rusiya cəmiyyətində Sergey Şoyquya qarşı tənqidi münasibət sərtləşməyə başladı.
Hətta ordudakı probelmlərdən narazılıqlarını gizlətməyən bəzi generallar açıq şəkildə Müdafiə nazirliyinin rəhbərliyini tənqid etməkdən, cəbhədə qazanılan uğurların isə bilavasitə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun xidməti olduğnun bildirməkdən çəkinmədilər. Şoyqunun ünvanına səsləndirilən əsas iradlardan biri isə “Xüsusi hərbi əməliyyat” (Rusiya Ukraynaya hərbi müadxiləsini belə adlandırır – red.) üçün Hərbi-sənaye kompleksini hazırlaya bilməməsi ilə bağlıdır.

Vladimir Putinin əlaltısı olan və öz ağasının əleyhinə müəmmalı “üsyan” qaldırdıqdan sonra elə müəmmalı şəkildə də təyyarə qəzasında “ölən” rusiyalı sahibkar, “Konkord” və özəl “Vaqner” hərbi şirkətləri qrupunun rəhbəri Evgeni Priqojinin “Şoyqu, mərmilər hanı?” sualı silah-sursat tədarükü ilə bağlı Rusiyanın Müdafiə nazirliyinin fəaliyyətində qaranlıq məqamların olduğuna diqqət çəkməyə hesablanmışdı.


Yeri gəlmişkən, Şoyqunun sələfi Anatoli Serdyukova tutulan əsas iradlardan biri də “hərbi müdafiə sifarişlərinin yerinə yetirilməsini təmin edə və silah istehsalçıları il münasibətləri qura bilməməmsi idi”.

Son 1-2 ildə silah istehsalı ilə məşğul olan bəzi özəl şirkətlər hazırda Rusiyanın böyük ehtiyac duyduğu dronların istehsalı ilə bağlı təkliflərinin Rusiyanın Müdafiə nazirliyinin dolanbaclarında itib-batdığını dəfələrlə gübdəmə gətiriblər. Müharibə şəraitində belə yanaşma sözügedən məsələdə korrupsiya hallarının mövcudluğunun sübutudur ki, bu da ən azı Sergey Şoyqunun rəhbəri olduğu nazirliyin işinə tam nəzarət edə bilmədiyinin göstəricisidir. Ən pis halda isə omnun hər şeydən xəbərdar olduğu və bütün bu işlərin bilavasitə onun tapşırığı ilə görüldüyü istisna deyil.

Bu baxımdan, bir maraqlı fakta diqqətəlayiqdir. Sergey Şoyqu Müdafiə naizri vəzifəsinə məhz Rusiyanın İstintaq Komitəsinin nazirliyin nəzarəti altında olan “Oboronservis” şirkətində və digər strukturlarında mənimsəmə və fırıldaqçılıqla bağlı 5 cinayət işi açdıqdan sonra təyin edilib. Şoyqu isə Moskva vilayətininin vəzifəsini tutarkən elə həmin “Oboronservis”in törəməsi olan “Oboronstroy” səhmdar cəmiyyətinin rəhbəri olmuş Timur İvanovu özünün müavini kreslosuna əlyəşdirir. Müdafiə naziri təyin olunan kimi öz protejesini yenidən “Oboronstroy”un rəhbəri (2013-2016) vəzifəsinə gətirir.


Bəzi mənbələrin iddiasına görə, bir qədər sonra isə Timur İvanovun korrupsiya əməlləri barədə ciddi faktların omasına baxmayaraq, Şoyqu artıq onun müavini vəzifəsini tutan şəxsə qarşı cinayət işinin açılmasına imkan verməyib. Məhz bu reallığı nəzərə alan əksər analitiklər Şergey Şoyqunun Müdafiə nazirliyindəki korrupsiya hallarından yaxşı xəbərdar olduğunu və hətta həmin sxemlərdə iştirak etdiyini bildirirlər.

Buna baxmayaraq, Rusiya prezidenti Vladimir Putin artıq Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Sergey Şoyqunun iştirakı ilə Müdafiə nazirliyinin indiki rəhbərliyi və ölkənin hərdib dairələrinin komandanları ilə görüşdə Şoyquya xidmətlərinə görə təşəkkürünü bildirib.

“Ötən illər ərzində Silahlı Qüvvələrin qurulması və onlara yeni görkəm verilməsi üçün gördüyü işlərə görə Sergey Kujugetoviçə təşəkkür etmək istərdim” , - Vladimir Putin deyib.

Növbəti mülki nazirdən gözləntilər
Bu görüşdə yeni Müdafiə nazirini təqdim edən Vladimir Putin niyə iqtisadçı Andrey Belousova üstünlük verdiyini də açıqlayıb.

- Bu il müdafiə və təhlükəsizlik xərcləri ÜDM-in təxminən 8,7 faizini təşkil edəcək. Belousov isə bütün təhlükəsizlik blokunun və Müdafiə nazirliyinin iqtisadiyyatını ölkənin ümumi iqtisadiyyatına necə uyğunlaşdırmağı mükəmməl başa düşür. Bu, son dərəcə vacib bir şeydir” , - Rusiya prezidenti vurğulayıb.

Əvvəllər İqtisadi İnkişaf naziri və Rusiya prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi olmuş Andrye Belousov yeni formlaşımış hökumətdə Müdafiə naziri vəzifəsi ilə yanaşı, həm də Baş nazirin 1-ci müavini postunu tutacaq.

Bəzi mənbələr “maraqlı qrupların tərəfindən təsir göstərmək cəhdlərindən, bəzən hətta öz bəyəndiyi və ya bəyənmədiyindən mücərrədləşərək qərar qəbul etmək bacarığını” yeni Müdafiə nazirinin güclü tərəfi kimi qiymətləndirirlər .

Yeri gəlmişkən, bir materialda Belousovun Vladimir Putinə PUA istehsalının problemləri barədə məlumat verməsi göstərilir. Məhz həmin söhbətdən sonra müxtəlif bürokratik maneələrdən xilas olan bu sahədə böyük sıçrayış baş verib.


Lakin yeni nazirdən əsas gözlənti ordu idarəçiliyinin təşkilində islahatlar aparılması, qohumbazlıq və rüşvətxorluğun kökününün kəsilməsidir. Çünki Rusiyanbın Müdafiə nazirliyi heç cür korrupsiya qalmaqallarından və qeyri-peşəkarlıq mərəzindən xilas ola bilmir. Son 24 ildə nazirliyə rəhbərlik edən şəxslərin heç biri bu vəzifənin öhdəsindən gələ bilməyib.

Əslində bunun bir köklü səbəbi var. Rusiya ordusunun hərbi hazırlığı və hərbi-texniki təchizatı baxımından, əsas problem Putinin son 24 ildə Müdafiə naziri vəzifəsinə peşəkar hərbi təhsili və hazırlığı olmayan şəxsləri təyin etməsidir. Bu vəzifəyə namizədləri seçərkən Putin sırf şəxsi sədaqət amilinə üstünlük verir ki, bu da ötən əsrin 50-ci illərində SSRİ-nin o vaxtkı lideri Sergey Xruşovun yaxın silahdaşı, SSRİ komsomolunun (ÜLKGİ) 1-ci katibi Aleksandr Şelepinlə dilaoqunu yada salır. 1958-ci ildə Xruşovdan SSRİ DTK-na (Dövlət Təhlükəsizlik Komitəsi) rəhbərlik etmək təklifini alan Şelepin bundan boyun qaçırmaq üçün heç vaxt kəşfiyyat sahəsində işləmədiyini deyib.

“Orada sənsiz də kəşfiyyatçı kifayət qədərdir. Mənə isə DTK-nın rəhbərliyində öz adamım lazımdır. Səndən bir xahişim də var: elə edin ki, mənim danışıqlarımı dinləməsinlər” , - Xruşov Şelepinə cavabında deyib.

Analoji mövqe sərgiləyən yanaşan Putin də hər dəfə Müdafiə naziri postuna peşəkar hərbçi yox, şəxsi sədaqətini sübuta yetirmiş mülki şəxsləri təyin etməklə orduda onun hakimiyyətinə təhlükə yarada biləcək generalların nüfuzunu məhdudlaşdırmağa çalışıb. Rusiya ordusunun üzləşdiyi problemlərin kökündə əsasən bu məqam dayanır. Çünki peşəkar hərbi təhsili və təcrübəsi olmayan nazir ordunun hazırlığının, müdafiə qüdrətinin və onun hərbi-texnink təchizatının təminatı üçün zəruri sayılan fundamental amiilərə ciddi yanaşmayacaq.

Amma peşəkar hərbçinin də Müadfiə naziri təyin olunması da bu qurumda korrupsiya əməllərini cilovlaycağına təminat vermir. Əsrlər boyu Rusiya ordusunda yaşanan korrupsiya faktları bunu sübut edir. Yeri gəlmişkən, Sergey Şoyqu Moskva vilayətinin qubernatoru olarkən korrupsiya ilə ən sərt mübarizə aparan rəhbər kimi ad çıxarmışdı. Amma son hadisələr ən azı onun komndasındakı yaxın adamlarının da korrupsiya məsələlərində böyük usta olduqlarını üzə çıxardı.

İndi ümid iqtisadçı Andrey Belousovadır. İqtisadçı Belousovun ordunun hərbi-texniki təchizatı sahəsində uğurları ilk növbədə Müdafiə nazirliyindəki korrupsiya mərəzinə son qoyub-qoya bilməməsindən asılı olacaq. Nəticəni isə zaman göstərəcək.

Sahil İsgəndərov, politoloq
AzVision.az





Teqlər:   Rusiya   Müdafiənazirliy  





Xəbər lenti