Rusiyanın Müdafiə nazirliyi yenə süzgəcdən keçirilir - TƏHLİL

   Rusiyanın    Müdafiə nazirliyi yenə süzgəcdən    keçirilir -  TƏHLİL
  17 May 2024    Oxunub:3068
Son həftələr Rusiyanın müdafiə nazirliyində aparılan yoxlamalar və kadr dəyişiklikləri böyük rezonans doğurub. Bəzi məqamlar bu proses çərçivəsində nazirliyin bir sıra yüksək vəzifəli şəxslərinin nəinki tutduğu postdan, hətta azadlıqdan məhrum olacaqlarından xəbər verir.
Yaxın adamları Şoyqunun isti aşına su qatdılar

Külli miqdarda rüşvət almaqda günahlandırılan Müdafiə nazirinin müavini Timur İvanovun həbsindən sonra, yeni hökuməti formalaşdıran Vladimir Putin İvanovun şefi Sergey Şoyqunu tutduğu vəzifədən uzaqlaşdıraraq, onu Təhlükəszilik Şurasının Katibi təyin etdi. Əksər ekspertlər belə yerdəyişməni məhz onun müavini Timur İvanovun həbsi ilə əlaqələndirirlər. İvanovun vəkili Murad Musayev müştərisinin inşaat xidmətlərinin yerinə yetirilməsi zamanı 1 milyard rubl (təxminən 10 milyon 870 min ABŞ dolları) məbləğində rüşvət almaqda ittiham olunduğunu açıqlayıb.

İvanovun ardınca onunla korrupsiya əməllərində əlbir olmuş iş adamları Sergey Borodin və Aleksandr Fomin də həbs edildilər.

Lakin həbslər bununla bitmədi. Bir neçə gün əvvəl Rusiyanın Müdafiə nazirliyinin kadrlar üzrə Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov da həbs olunu. Onun iş yerində və evində keçirilən axtarışlar zamanı milli və xarici valyutada 100 milyon rubldan (təxminən 1 milyon 87 min ABŞ dolları) çox nağd pul, qızıl sikkələr, kolleksiya saatları və digər dəbdəbəli əşyalar aşkar edilərək götürülüb. Maraqlıdır ki, axtarışları Rusiyanın İstintaq Komitəsi yox, Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks-Kəşfiyyat Departamenti aparıb.

Rusiyanın İstintaq Komitəsindəki mənbənin verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi olan zaman Kuznetsov kommersiya strukturlarının təmsilçilərindən rüşvət alıb. Amma cinayət barədə yalnız indi məlum olub. Kuznetsovun ardınca ona xüsusi böyük məbləğdə rüşvət vermiş erməni əsilli Rusiya vətəndaşı fərdi sahibkar Lev Martirosyan da həbs edilib.

Digər mararqlı məqam isə odur ki, Kuznetsov həmin vəzifəyə 2010-cu ilin may ayında məhz Rusiya prezidenti Vladimir Putinin Sərəncamı ilə təyin olunub. Ötən il isə yenə də Rusiya prezidentinin Sərəncamı ilə Müdafiə nazirliyinin kadrlar üzrə Baş İsarəsinin rəisi vəzifəsinə irəli çəkilib. Xüsusilə böyük məbləğdə rüşvət almaqda günahlandırılan Kuznetsovun vəkilinin fikrincə, istintaq çərçivəsində yeni maddələrin və ittihamların meydana çıxaca biləcəyi istisna deyil.

Eyni zamanda, Müdafiə nazirinin birinci müavini Sergey Tsalikov və “Kalaşnikov” konserninin keçmiş rəhbəri, Şoyqunun hərbi-texniki təminat üzrə birinci müavini Aleksey Krivoruçko da könüllü olaraq işdən çıxıblar. Aşağı keyfiyyətli zirehli jiletərin tədarükü ilə bağlı Krivoruçkoya qarşı da cinayət işinin açıla biləcəyi barədə iddialar səsləndirilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov korrupsiya əməllərinə görə Müdafiə nazirliyinin yüksək vəzifəli məmurlarına qarşı açılmış cinayət işlərinin gedişatı barədə jurnalistlərin sualların Kremlə yox, istintaq orqanlarına aid olduğunu bildirib.

Amma, əslində, Kremlə və şəxsən Rusiya prezidenti Vladimir Putinə bununla bağlı ən azı bir neçə konkret sual var: “Niyə hakimiyyətdə olduğu 24 il ərzində o, Rusiyanın Müdafiə nazirliyini korrupsiya mərəzindən xilas edə bilmir? Hansı məntiqlə Vladimir Putin 2001-ci ildən bəri Müdafiə naziri vəzifəsinə peşəkar hərbçiləri yox, mülki şəxsləri təyin edir? Onun etimad göstərərək bu vəzifəyə təyin etdiyi şəxslər niyə son nəticədə korrupsiya əməllərində ifşa olunurlar?”. Bu suallara cavablar həm Rusiya cəmiyyətində, həm də xaricdə maraq doğurur.

Qədim ənənənin müasir davamçıları
Tarixi faktlar Rusiya ordusunda korrupsiyanın dərin kök saldığını, hətta bu mərəzin bir estafet kimi əvvəlki rəhbəlikdən yenisinə ötürüldüyünü sübut edir. Həmin dövrün tələblərinə uyğun şəkildə Rusiyanın hərbi qüvvələrində köklü islahatlar aparan I Pyotrun ən yaxın silahdaşı, generalissimus Aleksandr Menşikovun korrupsiya əməlləri tarixdə böyük iz qoyub.


II Yekaterinanın orduda xidmət göstərən və bəzi hallarda silahlı qüvvələrə rəhbərlik edən favoritlərinin başdan-ayağa korrupsiyaya qurşanması barədə çoxsaylı təkzibolunmaz faktlar var. Bu mərəz I Nikolayın hakimiyyəti zamanı 1853-1856-cı illərdə Krım müharibəsində və onun nəticəsi II Nikolayın hakimiyyəti dövründə 1904-1904-ci illərdə Rus-Yapon və 1914-1918-ci illərdə I Dünya müharibəsində Rusiyanın ağır məğlubiyyətini şərtləndirən əsas amillərdən biri olub.

Sovetlər İttifaqında mövcud olan totalitar rejim bu məsələdə müəyyən məhdudiyyətlər yaratmağa müvəffəq olsa da, hətta “Qələbə marşalı” adlandırılan Georgi Jukov kimi sərkərdə də adını belə əməllərlə ləkələdi. Onun Böyük Vətən müharibəsindən sonra məğlub olmuş Almaniyadan qiymətli əşyalarla dolu 7 vaqon gətirməsi böyük qalmaqal yaratdı.


Amma ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərində SSRİ, sonradan isə Rusiya ordusunda korrupsiya elə miqyas aldı ki, onun qarşısının nə vaxtsa alına biləcəyinə heç bir ümid qalmadı. Sonrakı hadisələr bu ehtimalı tamamilə sübut etdi. Həmin dövrdə SSRİ-nin Almaniyadakı hərbi kontingentinin çıxarılması böyük korrupsiya qalmaqalları ilə müşayiət olundu. Rus generalları və onların şərikləri milyonlarla ABŞ dollarını mənimsədilər. Bir çox hallarda Almaniyada SSRİ-nin hərbi kontingentinə məxsus silahlar, daşınan və daşınmaz əmlaklar dəyər-dəyməzinə satılaraq, Rusiyanın yüksək vəzifəli hərbçilərinin və məmurlarının ciblərinə axdı.

1992-1996-cı illərdə Rusiyanın Müdafiə naziri, ordu generalı Pavel Qraçov isə korrupsiya əməllərinə görə tarixə adını “Paşa Mersedes” ləqəbi ilə yazdı. Yeri gəlmişkən, məhz onun nazirliyi dövründə Rusiyanın Ermənistana 1 milyard ABŞ dolları həcmində silah ötürməsi ilə bağlı qalmaqallı faktlar ortaya çıxdı. Eyni zamanda, Rusiyanın Müdafiə nazirliyində digər korrupsiya əməlləri barədə 1996-cı ilin yayında Rusiya Dövlət Dumasının deputatı, “Orduya dəstək hərəkatı”nın lideri, general-leytenant Lev Roxlinin məruzəsi böyük rezonans doğurdu.


1996-cı ilin iyun ayında istefaya göndərilən Pavel Qraçovun ardınca onun müavinləri olan 7 general da vəzifəsindən çıxarıldı. İki il sonra isə Lev Roxlin müəmmalı şəkildə guya arvadı tərəfindən güllələndi. Həmin qalmaqal zamanı aydın oldu ki, Pavel Qraçov Ermənistana silahları böyük məbləğdə “qonorar” müqabilində ötürüb.
(Ardı var)
Sahil İsgəndərov, politoloq
AzVision.az



Teqlər: Rusiya   Putin   Müdafiə  





Xəbər lenti