İran Prezidenti vəzifəsini kim icra edəcək?

   İran Prezidenti vəzifəsini kim icra edəcək?
  20 May 2024    Oxunub:872
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.

AzVision.az xəbər verir ki, İran konstitusiyasının 131-ci maddəsinə əsasən, İran prezidenti öldükdə, vəzifəsindən uzaqlaşdırıldıqda, istefa verdikdə, 2 aydan çox xəstələndikdə İranın Ali Liderinin razılığı əsasında 1-ci vitse-prezident prezidentin vəzifələrini müvəqqəti icra edəcək.

Odur ki, İranın Ali Lideri razılıq versə ölkəyə 1-ci vitse-prezident Məhəmməd Moxber müvəqqəti rəhbərlik edəcək.



Məhəmməd Moxber 1955-ci ildə Dizful şəhərində anadan olub. Beynəlxalq hüquq və menecment üzrə fəlsəfə doktoru və magistr dərəcəsinə malikdir. O, İran-İraq müharibəsi zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun tibb korpusunda zabit kimi xidmət edib. 8 avqust 2021-ci ildə İranın birinci vitse-prezidenti təyin edilib.

Moxber Moskvaya səfər edən və Rusiya ordusuna yer-yer raketləri və pilotsuz təyyarələr tədarük etmək barədə razılığa gələn İran rəsmiləri qrupuna daxil olub. Ona görə, 2010-cu ilin iyulunda Avropa İttifaqı Məhəmməd Moxberi sanksiyalar siyahısına daxil edib. Lakin, iki ildən sonra adı siyahıdan çıxarılıb.

O həmçinin “Setad” investisiya fonduna rəhbərlik edib. Tam adı Setad Ejraiye Farmane Hazrate Emam və ya İmamın Sərəncamının İcrası Qərargahı olan Setad İslam Respublikasının banisi, Xameneinin sələfi Ayətullah Ruhullah Xomeyninin əmri ilə yaradılmışdır. Fondun əməkdaşlarına 1979-cu il İslam İnqilabından sonrakı xaotik illərdə tərk edilmiş əmlakı satmaq və idarə etmək, əldə olunan gəlirin böyük hissəsini xeyriyyə işlərinə yönəltmək tapşırılıb. Qeyd edək ki, 2013-cü ildə ABŞ Maliyyə Nazirliyi “Setad”ı və nəzarət etdiyi 37 şirkəti sanksiyaya məruz qalan qurumlar siyahısına daxil edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti