Fətullah Gülən Türkiyəyə verilib?

   Fətullah Gülən Türkiyəyə verilib?
  05 İyun 2024    Oxunub:1574
ABŞ-nin Pensilvaniya ştatında yaşayan və son günlər “oğurlandığı” deyilən FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunduğu iddia edilib.
Jurnalist Müyesser Yıldız ABŞ-nin FETÖ lideri Fətullah Güləni Türkiyəyə təhvil verdiyini və onu aparan təyyarənin Türkiyəyə doğru uçduğunu bildirib.

Fətullah Gülənin qardaşı oğlu Ebuseleme Gülən isə sosial media hesabında əmisinin Pensilvaniya ştatındakı malikanəsindən qaçırılaraq başqa yerə aparıldığını yazıb.

İddialardan sonra Gülənin ətrafının idarə etdiyi "Herkul" sosial media hesabında onunla bağlı iki paylaşım edilib. Onlardan birində qeyd edilib ki, FETÖ lideri həkimlərin məsləhəti ilə daha sakit bir yerə aparılıb. Digər paylaşımda isə Gülənin fotosu paylaşılaraq belə bir şərh yazılıb: "Sağlamlığından narahat olanların rahat olması ümidi ilə...".

CHP-li millət vəkili Oğuz Kaan Salıcı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində Gülənin ABŞ tərəfindən MİT-ə təhvil verildiyi iddiasını gündəmə gətirib və bununla bağlı hər hansısa məlumatın olub-olmadığını soruşub.

AK Partiya Komissiya sədri Fuat Oktay Salıcının sözlərinə belə reaksiya verib:

“Mənim heç bir məlumatım yoxdur, kimin məlumatı varsa, paylaşsın bilək. Bizim Xarici İşlər Nazirliyində belə bir məlumat varmı?". Xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay isə ona “Bizim də məlumatımız yoxdur”, - deyə cavab verib.


Aygün Xankişiyeva
AzVision.az


Teqlər:





Xəbər lenti