Qadınlar və kişilər bir-birlərini görməyəcəklər: Halal hotel nədir?

 Qadınlar və kişilər bir-birlərini görməyəcəklər:  Halal hotel nədir?
  09 İyul 2024    Oxunub:1617
Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə "halal hotel" sertifikatı veriləcək. Belə ki, hotellər maraqlı olduğu təqdirdə halal sertifikatlaşmadan keçib, özlərini müştərilərinə "halal hotel" kimi təqdim edə biləcəklər
Bəs, "Halal hotel" nə deməkdir?

VI çağırış parlamentinin deputatı olmuş Ceyhun Məmmədov AzVision.az -a bildirib ki, bu gün dünyanın əksər ölkələrində turizm standartları ilə bağlı müxtəlif modellər tətbiq olunur:

"Bu modellərdən biri də halal turizm modelidir. Halal turizm dedikdə, İslam qaydalarına uyğun turizm xidmətlərinin təşkilindən söhbət gedir. Əksər müsəlman ölkələri bu istiqamətdə davamlı olaraq addımlar atır. Azərbaycanda da belə bir modelin tətbiqi çox önəmlidir.

Bu xidmətin təşkilində halallıq prinsiplərinin gözlənilməsi nəzərdə tutulur. Söhbət yeməklərin halal standartlara uyğun olması, xidmətlərin şəriət qanunlarına uyğun olması, kişilər üçün ayrı, qadınlar üçün ayrı xidmətin göstərilməsindən gedir. Bir sıra ölkələrin əhalisi turist kimi gedərkən bu standartlara xüsusi önəm verirlər. Bunun bizim ölkəmizdə turizmin inkişafına böyük töhfəsi olacaq. Daha çox turisti ölkəmizə cəlb edə biləcəyik".

Turizm eksperti Ceyhun Aşurov
isə qeyd edib ki, beynəlxalq təcrübədə halal turizm xidmətləri göstərən hotellər mövcuddur.

"Halal hotel" standartına bazarda tələbat var. Azərbaycanda da bu standart artıq hazırlanır. Azərbaycana İslam ölkələrindən gələn xeyli sayda turistlər də var. Bu sertifikatda olan hotellərin olması onların məmnuniyyəti üçün müsbət təsir göstərən amillərdəndir. Amma bu o demək deyil ki, bütün hotellərə belə bir sertifikat lazımdır.

Halal hotellər müəyyən kriteriyaları yerinə yetirən otellərdir. Həmin hotellərdə qadın və kişilər üçün hovuzlar, çimmə yerləri, istirahət zonaları ayrıdır, onlar bir-birini görmürlər. Hotelin ərazisində kiçik də olsa namaz qılmaq üçün mütləq əlavə otaqlar olur. Hər otaqda cənamaz, qibləni göstərən işarə olur. Orada spirtli içkilər verilmir. Gələn bütün turistlərdən də bu qaydalara riayət etməsi tələb olunur", - C.Aşurov deyib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: turizm   halalhotel  





Xəbər lenti