Yaxın Şərqin atəşi: ABŞ söndürmək, yoxsa qızışdırmaq istəyir?

    Yaxın Şərqin atəşi:    ABŞ söndürmək, yoxsa qızışdırmaq istəyir?
  07 Avqust 2024    Oxunub:1209
İsrail və Livanın "Hizbullah" terror qruplaşması arasında ötən ilin oktyabrında başlayan sərhədboyu toqquşmalar son günlər daha da şiddətlənib. Fələstinin HƏMAS təşkilatın lideri İsmayıl Haniyənin öldürülməsi də Yaxın Şərqdəki münaqişədə bu təşkilatları himayəsində saxlayan İranı yenidən birbaşa aktiv hala gətirib. Beləliklə, İranın İsrailə qarşı cavab əməliyyatının gözləndiyi bir vaxtda Qərb nümayəndələri regionda genişmiqyaslı və çoxtərəfli müharibə riskindən narahatdırlar.
İsrail isə, öz növbəsində, "Hizbullah"ın timsalında Livanı mütəmadi hədələməkdədir. Müharibəyə çağırış ritorikası iyulun 29-da terrorçuların İsrailin nəzarətindəki Colan təpələrinə ağır raket hücumu nəticəsində xüsusilə yüksəlib. Nəticədə İsrailin birbaşa paytaxt Beyruta aviazərbəsi zamanı qruplaşmanın yüksəkrütbəli komandiri Fuad Şükr ölüb.

Əvvəlki açıqlamalarından birində "təkcə "Hizbullah"ın yox, bütövlükdə Livanın cəzalandırılmasının" vacibliyini vurğulayan İsrailin energetika naziri Eli Koen ölkənin "Ynet" xəbər saytına son müsahibəsində "artıq diplomatik həllin qeyri-mümkün hala gəldiyini" diqqətə çatdırıb.

(İsrailin energetika naziri Eli Koen)

"Hizbullah" İsrailə PUA-lar və raketlərlə hücumlarını artırmaqdadır. Livana qarşı var gücümüzlə hərəkətə keçməliyik. İsrailə zərər vuran hər kəs ağır cavab verəcək - Qəzzadakı kimi", - nazir bildirib.
Yaxın Şərqdə ikinci cəbhə: Livan "Hizbullah"ın güdazına gedəcəkmi?

Digər tərəfdən, "The Washington Post" qəzeti Ağ Evin rəsmi nümayəndələrinə istinadən yazır ki, "ABŞ-nin diplomatik səyləri Tehranın qisas üçün qəzəbini yumşalda bilər". Hərçənd İranın ali dini lideri Əli Xamenei hücum əmrini versə də, Vaşinqtonun gözlənilən hücumla bağlı məlumat almadığı bildirilir. Hərçənd ABŞ Dövlət katibi Antoni Blinkenin "İranın İsrailə hücumu 48 saat ərzində başlaya bilər" açıqlaması, digər hökumət nümayəndələrinin "The Wall Street Journal" qəzetinə " İran Silahlı Qüvvələrində hərəkətliliklə" bağlı xəbərdarlığı başqa bir təəssürat oyadır. Hər halda, Vaşinqtonun mesajı açıq-aydındır:

(ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller və Dövlət katibi Antoni Blinken)

"Bölgədəki müttəfiqlər və tərəfdaşlarla söhbətlərimizin təfərrüatlarına varmadan eskalasiya istəmədiyimizi deməklə kifayətlənəcəyəm. İran hər hansı tədbir görməməlidir”, - ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Əlbəttə, ABŞ qoşunlarının regiona göndərilməsi də İranı çəkindirən ən vacib məqamdır.

"İran yaxşı başa düşür ki, ABŞ öz maraqlarının, tərəfdaşlarının və xalqının müdafiəsində sarsılmazdır. Məhz bu prinsipi vurğulamaq naminə əhəmiyyətli miqdarda hərbi qüvvələrimizi regiona köçürdük", - Bayden hökumətinin yüksəksəviyyəli nümayəndəsi "The Washington Post"a söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   münaqişə  





Xəbər lenti