Qərb mediası: İranla İsrail müharibəyə gedəcəkmi?

  Qərb mediası:  İranla İsrail müharibəyə gedəcəkmi?
  08 Avqust 2024    Oxunub:1561
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı İranın işarəsini gözləmədən İsrailə qarşı hücuma keçəcək.
AzVision.az xəbər verir ki, belə bir iddianı "CNN" telekanalı kəşfiyyat mənbələrinə istinadən irəli sürüb. Bildirilir ki, "Hizbullah" hücuma İrandan daha sürətli şəkildə hazırlıq görür, İran isə hələ hücum əməliyyatını planlaşdırma ilə məşğuldur".

"İran İsrailə qarşı böyük əməliyyatla bağlı hazırlığın yalnız müəyyən qismini tamamlayıb", - ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi telekanala bildirib.

Digər hərbi nümayəndə isə vurğulayır ki, "Hizbullah"ın genişmiqyaslı hücumu gözlənilməz şəraitdə baş verə bilər".

"Hazırda İran və "Hizbullah"ın mümkün hücum üzərində hansı dərəcədə əməkdaşlıq apardığı məlum deyil, hətta belə fikir var ki, onların arasında bu barədə ixtilaf da yaranmasıı mümkündür", - "CNN" məlumata əsasən yazır.

Digər tərəfdən, Qəzza zolağındakı müharibə də İran və İsrail arasında gərginliyin əsas amillərindəndir. HƏMAS terrorçularının mətbuata açıqlamaları göstərir ki, "Qəzzada atəşkəs razılaşması baş tutarsa, İran İsrailə hücumu təxirə sala bilər".

Belə bir şəraitdə həm İsraildə, həm də Livan və İranda vəziyət qeyri-sabitdir. "Reuters" nəşri yazır ki, İsrail eyni anda müxtəlif cəbhələrdə (Qəzzada HƏMAS-la, şimalda "Hizbullah"la, habelə Yəməndə fəaliyyət göstərən "Husi" terrorçuları ilə) müharibə aparır və bu da ölkənin vətəndaşları üçün vəziyyəti çətinləşdirir. Əlbəttə, adıçəkilən hər üç qruplaşma da İranın himayəsindədir.

"The New York Times" isə İrandakı vəziyyətə diqqət çəkir. Əhali gileylənir ki, hökumət baş verənlərlə bağlı onlara tutarlı məlumat ötürmür, İsrailin hücumları zamanı vətəndaşlar üçün müvəqqəti sığınacaqlar hazırlanmır, fövqəladə vəziyyət üzrə tədbirlər planı irəli sürülmür. Sosial şəbəkədə, xarici mətbuatda iranlıların "təşviş içində çaşqın qaldıqları" vurğulanır.

"The Washington Post" Livanda qeyri-sabitliyin hökm sürdüyünü bildirir. Gözlənilən müharibə ərəfəsində vətəndaşlara hər hansı təlimat verilmədiyi üçün "onlar çarəsiz vəziyyətdə qalıblar". Britaniya, Fransa, Almaniya hökumətləri isə Livanda yaşayan vətəndaşlarına oradan dərhal çıxmağı söyləyiblər. Əlbəttə, "Lufthansa" və "Air France" kimi böyük aviaşirkətlər də bu ölkəyə uçuşları dayandırıb. Nəticədə biletlərin ikiqat, üçqat bahalaşması ölkədən çıxmaq istəyən livanlıları daha da çıxılmaz vəziyyətə salıb.
Yaxın Şərqin atəşi: ABŞ söndürmək, yoxsa qızışdırmaq istəyir?

Xatırladaq ki, İsrail və "Hizbullah", eləcə də İran arasında gərginlik ötən günlərdə Fələstinin HƏMAS terror təşkilatın lideri İsmayıl Haniyənin Tehranda, həmçinin Livan qruplaşmasının yüksəkrütbəli komandiri Fuad Şükrün isə Beyrutda öldürülməsinin ardınca daha da şiddətlənib. İranın ali dini lideri Əli Xamenei hücumlarda İsraili günahlandıaraq, bu ölkəyə hücum əmri verib.

Digər tərəfdən, ABŞ İranı gözlənilən genişmiqyaslı əməliyyatdan çəkinməyə çağırıb. Üstəlik, Yaxın Şərqə əlavə qoşunlar göndərib.

"İran yaxşı başa düşür ki, ABŞ öz maraqlarının, tərəfdaşlarının və xalqının müdafiəsində sarsılmazdır. Məhz bu prinsipi vurğulamaq naminə əhəmiyyətli miqdarda hərbi qüvvələrimizi regiona köçürdük", - Bayden hökumətinin yüksəksəviyyəli nümayəndəsi "The Washington Post"a söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Hizbullah   İsrail   münaqişə  





Xəbər lenti