CNN: "HƏMAS lideri atəşkəsə maraqlıdır"

      CNN:    "HƏMAS lideri atəşkəsə maraqlıdır"
  12 Avqust 2024    Oxunub:1134
"Qəzza zolağında atəşkəs danışıqları üzrə Misir və Qətər vasitəçiləri İsrail hökumətinə belə bir mesaj çatdırıblar ki, HƏMAS-ın yeni lideri Yəhya Sinvar razılaşma niyyətindədir".
Bu məlumatı "CNN" telekanalına adı açıqlanmayan İsrail nümayəndəsi bildirib.

Baş nazir Benyamin Netanyahunun müttəfiqləri onun da "razılaşmaya getmək istədiyini" mətbuata açıqlasalar də, bu hələ də qeyri-müəyyəndir. Çünki bir sıra ifrat sağçı nazir Netanyahunun "güzəştə getdiyi" iddiası ilə danışıqlara müqavimət göstərir.

"Onun nə istədiyini heç kim bilmir. Hər halda isə, bu həftə atəşkəs və əsir mübadiləsi ilə bağlı sazişə razılıq vermək üçün ABŞ-nin təzyiqi ilə üzləşəcək", - israilli nümayəndə vurğulayır.
HƏMAS-ın yeni lideri İsraillə barış istəyir

Digər tərəfdən, Misir və Qətər vasitəçiləri İsrailə Yəhya Sinvarın "uzlaşma" mesajını ötürsələr də, HƏMAS atəşkəs danışıqlarının cümə axşamı günü keçiriləcək növbəti mərhələsində iştirakdan boyuna qaçıra bilər. Belə ki, qruplaşmanın vasitəçilərdən "ABŞ Prezidenti Co Bayden və BMT Təhlükəsizlik Şurasının irəli sürdüyü planın həyata keçirilməsini" istədiyi deyilir.

(İsrailin maliyyə naziri Betsalel Smotriç)

İsrailli nümayəndə söyləyir ki, Vaşinqton İsrailə regionda daha böyük müharibəyə yol verməmək üçün tezliklə atəşkəs üzrə razılaşmanın vacibliyini çatdırıb. Əlbəttə, İsrail daxilində də Əsir və İtkin Ailələr Forumu kimi təşkilatlar, habelə əhalinin böyük qismi oktyabrda müharibə başlayandan bəri HƏMAS-la razılığın tərəfdarıdır. Hərçənd Netanyahu hökuməti isə terrorçulara qarşı güzəştə getməyi qətiyyətlə istəmir və ona mütəmadi təzyiq göstərir. Məsələn, İsrailin maliyyə naziri Betsalel Smotriç atəşkəs sazişini "təslim olma müqaviləsi" adlandırıb.

"Baş naziri bu tələyə düşməməyə, özünün qoyduğu "qırmızı xətlə"rlə bağlı güzəştə getməməyə çağırıram", - o, "X" hesabında yazıb.

Smotriçin bu çağırışna Vaşinqtondan cavab gecikməyib. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi onun fikirlərini "tamamilə yanlış" kimi qiymətləndirib.

(Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi)

HƏMAS-ın sabiq lideri İsmayıl Haniyənin, "Hizbullah"ın hərbi rəhbəri Fuad Şükrün öldürülmələri, İranın ali dini lideri Əli Xameneinin İsraili günahlandıraraq bu ölkəyə hücum əmri verməsi də Qəzzada atəşkəs danışıqlarına ötüşmür. Britaniya, Almaniya və Fransa hökumətlərinin İrana cari xəbərdarlığı da bu məqama toxunur. Vurğulanır ki, İsrail və HƏMAS arasında atəşkəsin reallaşa biləcəyi bir vaxtda İranın mümkün hücumu münaqişəni yenidən qızışdırması qaçılmazdır".

"İran və müttəfiqləri sülh və sabitliyi pozan hərəkətlərə görə məsuliyyət daşıyacaq. Yaxın Şərqdə eskalasiya heç bir ölkənin xeyrinə deyil", - ölkələrin birgə bəyanatında bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   İsrail   İran   münaqişə   atəşkəs  





Xəbər lenti