Qeyri-neft məhsullarının ixracı niyə azalır? | TƏHLİL

   Qeyri-neft məhsullarının ixracı niyə azalır?    | TƏHLİL
  04 Sentyabr 2024    Oxunub:3270
Ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi azalır. Səbəb təkcə neft-qaz deyil, qeyri neft-qaz məhsullarının da ixracının və dəyərinin azalması ilə bağlıdır. Statistikaya görə ölkə iqtisadiyyatı durmadan artır və bu, ən çox qeyri neft-qaz sektoru hesabına baş verir. Əlbəttə, xarici ticarətin azalması fonunda iqtisadi artım baş verə bilər. Lakin müəyyən müddət ərzində. Xariclə alış-verişin davamlı azalması fonunda iqtisadi artım istər-istəməz dalana dirənməlidir. Çünki iqtisadi aktivliyi təmin edən və gücləndirən xarici ticarətdir. Xariclə ticarətdə artım olmasa iqtisadiyyatın genişlənməsi davamlı ola bilməz.
Neft-qaz sektoru üzrə azalmanın səbəbləri aydındır: dünya bazarlarında qiymətlər əlverişli deyil, hasilat enir və sair. Ümumiyyətlə, söhbət sırf neftdən gedirsə, hasilatın davamlı enişi dünyada qiymətlər hətta indikindən yuxarı olsa belə, vəziyyəti kompensasiya edəsi deyil. Bəs qeyri-neft sektoru üzrə ixracımız niyə azalır?

Ölkəmizdə istehsal olunan qeyri-neft sektoru məhsulları ümumi ixracda onsuz da cüzi paya sahibdir. Hələ ki heç bir ciddi əhəmiyyətli kütləvi istehlak tələbatına malik sənaye məhsulu istehsal etmirik. Cari ilin yanvar-iyul ayları ərzində ölkəmizdən 383 milyon 863 min dollar dəyərində 368 min 549 ton meyvə-tərəvəz ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% və ya 16,3 milyon dollar azdır.

Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin 2/3-si Rusiyanın payına düşür. İqtisadiyyatımızın inkişafında Rusiyanın böyük önəmi var. Problem ondadır ki, biz qeyri-neft sektorunda şaxələnmiş bazar imkanlarına sahib deyilik. Xüsusən də kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz üzrə. Bu, çox ciddi mənfi haldır. Qeyri-neft sektorunun inkişafını bir nömrəli prioritet seçən ölkədə ixrac bazarlarının sayının çox olması və bu sahədə alternativlik ən vacib məsələlərdən sayılmalıdır.

Ümumiyyətlə, iqtisadi artımda əsas hərəkətverici qüvvə xırda istehsalçılar, fərdi təsərrüfatlardır. Bizdə isə onlar Rusiyanı ən əlverişli və alternativsiz bazar sayıblar həmişə. Qeyri-neft sektorunun inkişafı prioritet seçildikdən sonra da vəziyyət eyni qalır. Halbuki, son iki ildə həmin bazar öz səmərəliliyini itirib və adi meyvə-tərəvəz satışı üçün də əvvəlkitək effektiv sayılmır.

Sözün qısası, hazırda vəziyyət elədir ki, ölkəmizdən kənd təsərrüfatı məhsulları və meyvə-tərəvəz ixracı sahəsindəki tənəzzülün qarşısının alınacağı və bu prosesin səngiyəcəyi, tezliklə əks tendensiyanın start götürəcəyi gözlənilmir. Odur ki, hökumət bu məsələni nəzarətə götürsə, yaxşıdır. Neft-qaz sektoru məhsullarının ixracda payı yüksək olduğundan, onun azalması fonunda qeyri neft-qaz sektoruna daxil məhsulların ixracı gərək azalmasın, əksinə, artsın. Yeri gəlmişkən, hətta artım olsaydı belə, onun sürəti neftdən və qazdan əldə etdiklərimizi tezliklə əvəzləyəsi deyildi. Beləliklə, alternativ bazar imkanlarının vacibliyi bir daha üzə çıxır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Xarici-ticarət  





Xəbər lenti