Beş məntəqənin nəticələri ləğv edilib

 Beş məntəqənin nəticələri ləğv edilib
  11 Sentyabr 2024    Oxunub:940
Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 78 saylı Lənkəran kənd seçki dairəsinin iki seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. MSK-nın Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd Əzizov Əzizxan İman oğlu bu şikayətlərlə MSK-ya müraciət edib:

"Səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntularla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə və sənədlərdə uyğunsuzluq aşkarlanıb. 42 saylı məntəqədə çəkildiyi deyilən görüntülərə baxarkən aydın olub ki, belə bir məntəqə olmayıb. Dairənin 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla, digər məntəqələrdə pozuntu aşkarlanmayıb. Ona görə də həmin məntəqələrdə seçkinin nəticələri ləğv edilib".

MSK üzvü qeyd edib ki, dairədəki 53 seçki məntəqəsindən ikisinin nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

Eyni zamanda 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin üç seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb. Həmin dairədən qeydə alınmış deputatlığa namizəd İlqar Məmmədov bu şikayətlərlə MSK-ya müraciət edib: "Namizəd səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntular, müşahidəçilərə maneələr yaradıldığını iddia edib. O həmçinin, 2 və 21 saylı məntəqələrə aid videogörüntü təqdim edib.

İddia olunan qanun pozuntuları təsdiqini tapmadığından müraciət təmin edilməyib. Təkrar araşdırma zamanı təqdim olunan sənədlərə yenidən baxılıb, müşahidəçilərdən izahatlar alınıb. Beləliklə, dairənin 2, 14 və 20 saylı məntəqələr istisna olmaqla, digər məntəqələrdə pozuntular aşkarlanmayıb. Adıçəkilən 3 məntəqənin nəticələri etibarsız hesab edilib".

MSK üzvü əlavə edib ki, dairədəki 38 seçki məntəqəsindən 3-nün nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti