Qərb Paşinyanın komandasının sürətlə varlanmasını araşdırır - "Hraparak"

   Qərb Paşinyanın komandasının sürətlə varlanmasını araşdırır    - "Hraparak"
  18 Sentyabr 2024    Oxunub:329
Ermənistanın “Hraparak” qəzeti ölkədə oliqarxlaşma prosesinin dərinləşməsinə dair maraqlı məqalə dərc edib.
Nəşr yazıb ki, Qərb artıq İrəvanın inqilabçı hökumət nümayəndələrinin maddi durumunun kəskin şəkildə artmasına diqqət çəkir. Hansılar ki, 2018-ci ildə xalqa Qarabağ klanının uzun illər yaratdığı oliqarxiya sisteminə son qoyacağı vədini vermişdilər.

Politik: "İrəvanda ailə hakimiyyəti qurulur, Akopyan Nikolun yerini tutacaq"
Hakimiyyətə "demokratiya" vədi ilə yiyələnən baş nazir Nikol Paşinyanın qərbli sponsorları artıq ona açıq şəkildə mesajlar ünvanlayırlar. Nikolun havadarları deyiblər ki, artıq onun ölkədəki tərəfdaşlarının gəlirlərinin qanuniliyini müəyyənləşdirməyin vaxtı çatıb.

"Əvvəllər hökumət keçmiş məmurlara və müxalifətçilərə qarşı fəal şəkildə cinayət işləri qaldırırdı. Bununla belə, Qərb strukturları hazırkı hakimiyyətdə olanların da əmlaklarını diqqətlə araşdırıb, müxtəlif məmurlar və onların korrupsiya sxemləri ilə bağlı dosyelər tərtib ediblər", - müəllif yazıb.

Hətta varlanma faktları mətbuata sızdırılsa da, hüquq-mühafizə orqanları hələ də araşdırmalara başlamayıb.

"Hraparak" hakimiyyət kürsüsünə yiyələndiyi ilk gündən hiyləgər addımlar atan Paşinyanın bu situasiyadan da çıxmağa çalışacağını proqnozlaşdırıb. Nəşr ehtimal edir ki, baş nazir komanda üzvlərinin bəzilərini bu yolda qurban verəcək. Bununla da o, korrupsiyaya qarşı mübarizə tədbirlərinin həm keçmiş, həm də indiki məmuralara qarşı aparılması görüntüsü yaradır. Baş nazir beləcə Qərbin tələblərini də yerinə yetirdiyini göstərmiş olacaq.

Xatırladaq ki, qəzet bir neçə gün öncə də oxşar mövzuda məqalə dərc etmişdi. Yazıda baş nazirin Ermənistanın hakimiyyət elitasında “təmizləmələr” aparacağı və korrupsiyaya qarşı güclü mübarizə kartını oynayacağı qeyd edilmişdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qərb  





Xəbər lenti