Xamenei: "ABŞ-nin Yaxın Şərqdə varlığı münaqişə mənbəyidir"

      Xamenei:    "ABŞ-nin Yaxın Şərqdə varlığı münaqişə mənbəyidir"
  02 Oktyabr 2024    Oxunub:983
"ABŞ və Avropa ölkələrinin Yaxın Şərqdə bu, ya digər dərəcədə mövcudluğu münaqişələrin, müharibələrin, narahatlıqların və düşmənçiliklərin əsas mənbəyidir".
Bu sözləri İranın ali dini lideri Əli Xamenei bir qrup ziyalı şəxslə görüşü zamanı dilə gətirib. O vurğulayıb ki, sözügedən ölkələr regiondan çəkilsələr, burada "sülh və sabitlik yaranar".

"Çünki region xalqları özünüidarə gücünə malikdir. Ümidvarıq ki, düşmənlərin şərindən qurtulacağıq", - o deyib.

O vurğulayıb ki, İran öz ətrafındakı ABŞ qoşunlarının potensial təhlükə kimi qiymətləndirir və "onların qonşu İraqdan, regionun digər yerlərindən çıxarılmasını istəyir".

Maraqlıdır ki, Xamenei İranın ötən gecə İsrailə genişmiqyaslı raket hücumu barədə xüsusi şərh verməyib.
Lapid: "Tehrana cavabımız ağır olacaq"

Xatırladaq ki, ötən gecə İrandan "Hizbullah" lideri Həsən Nəsrullahın aviazərbə nəticəsində öldürülməsinə cavabən İsrailin əsasən hərbi obyektlərinə doğru iki mərhələ ilə 200-dən artıq raket atılıb. Onların əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilsə də, bir çoxu hədəfə çatıb. ABŞ-nin "Axios" xəbər saytı yazır ki, İsrail bu hücuma qarşı cavab əməliyyatı hazırlayır. Öz növbəsində, İsrailin bir sıra hökumət rəsmisi, o cümlədən müxalifət lideri Yair Lapid diqqətə çatdırıblar ki, "İran hücuma görə ciddi və ağır cavab verəcək".

"Bu cavab sərt olmalı, Suriya, İraq, Yəmən, Livan, Qəzza və İranın özündə terror oxlarına birmənalı mesaj göndərməlidir", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   Yaxın-Şərq   münaqişə  





Xəbər lenti