Ekspert: "Süni intellekt dezinformasiyanı aradan qaldıra bilər"

      Ekspert:    "Süni intellekt dezinformasiyanı aradan qaldıra bilər"
  04 Oktyabr 2024    Oxunub:2860
"Hazırda süni intellektin (Sİ) yalnız ABŞ-də qanunla tənzimlənməsinə dair müzakirələr gedir. Qalan ölkələrdə isə əsasən biznes çərçivəsində yalnız etika kodeksi müəyyənləşdirilən, sistemli proseslərə inteqrasiyası aparılan sənaye fəaliyyətidir".
Bu sözləri AzVision.az -a açıqlamasında Ukraynanın informasiya siyasəti nazirinin keçmiş müavini, Postinformasiya Cəmiyyəti İnstitutunun eksperti Dmitri Zolotuxin bildirib.

O, Sİ-dən irəli gələn dezinformasiya təhlükəsi ilə mübarizə imkanları barədə şərh verərək vurğulayıb ki, bu texnologiya, əslində, informasiyanın filtrasiyasında mühüm rol oynaya bilər.

"Ukraynada 2018-ci ildən bəri saxta məlumatların aşkarlanmasının avtomatlaşdırılması istiqamətində modellər hazırlayırıq. Sİ bu işi xeyli asanlaşdıra bilər. Ondan istifadə lazımınca şəffaf və etik mexanizmə əsaslanarsa, dezinformasiya fenomeninin özü aradan qalxar. Əlbəttə, bu məqamda siyasi yanaşma öz sözünü deyir: siyasətçilər heç vaxt hansısa robota nəyisə "yaxşı", nəyisə "pis" dəyərləndirmək hüququ verməyəcəklər. Odur ki süni intellekt indiyədək daha çox zərərli fəaliyyətlərdə işlədilir", - Zolotuxin diqqətə çatdırıb.

(Postinformasiya Cəmiyyəti İnstitutunun eksperti Dmitri Zolotuxin)

Ekspert bildirib ki, "zərərli fəaliyyət" əsasən sosial şəbəkədə həyata keçirilir; məsələn, Sİ vasitəsilə saxta hesablar (botlar) yaradaraq bu, ya digər təbliğat aparmaqla.

"Üstəlik, bu təbliğatlar hədəf şəxslərin, qrupların, ölkələrin dilində çox yüksək səviyyədə həyata keçirilir. Bot operatorlarına pul ödəməyə, gün ərzində neçə təbliğat mahiyyətli şərh yazdıqlarına nəzarətdə saxlamağa ehtiyac da qalmayıb. Sİ bütün prosesi istənilən dildə avtomatik həyata keçirir", - o deyib.
"Süni" saxtakarlıq: Artıq gördüyünüzə də inanmayın

Dmitri Zolotuxin Sİ zəminində yaradılan "dipfeyk" (müəyyən şəxsin, xüsusilə məşhurların, siyasətçinin səsini, surətini kopiyalayan saxta audio və video fayllar) probleminə də toxunub. Onun sözlərinə görə, bu istiqamət hələlik ciddi təhlükə yaratmasa da, mütəmadi şəkildə təkmilləşdirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   süni-intellekt   dipfeyk  





Xəbər lenti