Yeni hərbi nizamnamə hazırlanır

Yeni hərbi nizamnamə hazırlanır
  05 Oktyabr 2024    Oxunub:348
Oktyabrın 5-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qaravul Xidmətləri, Daxili Xidmət nizamnamələrinin layihələrinin hazırlanması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən yaradılan işçi qrupunun görüşü keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nazirin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxsləri qeyd olunan nizamnamələrin təkmilləşdirilməsi məqsədilə görüləcək işlər barədə müzakirə aparıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan islahatlar, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər istifadədə olan hərbi nizamnamələrin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını və təkmilləşdirilməsini zəruri edir.

Bundan başqa, görüşdə nizamnamələrin təkmilləşdirilməsinə əsas verən digər səbəblər və məqsədlər, həmçinin işçi qrupunun fəaliyyət istiqamətində görüləcək işlər zamanı inkişaf etmiş ölkələrin ordularının təcrübələrindən yararlanmağa dair ətraflı fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti