Dizel dövrü bitir

// Fransa dizel yanacağının satışını dayandırdı. Biz də gec-tez belə edəcəyik...

Dizel dövrü bitir
  07 Oktyabr 2024    Oxunub:5690
Bir vaxtlar dizel texnologiyasının mərkəzi hesab edilən Fransa bu istiqamətdə radikal addımlar atmağa başlayıb. 2024-cü ilin oktyabr ayının əvvəlində Parisdəki bir neçə yanacaqdoldurma məntəqəsi dizel yanacağının satışını dayandırıb. Hökumət bunu 2030-cu ilə qədər şəhərdə dizel satışının tamamilə dayandırılmasına doğru ilk addım sayır.
Paris isə hazırda təkcə qadağalar tətbiq etmir, həm də avtomobil bazarında trendləri müəyyənləşdirir. Uzun illər idi ki, "Renault" və "PSA" (indiki "Stellantis" - red.) kimi şirkətlər sayəsində dizel mühərrikləri Fransa bazarında dominantlıq edirdi. DCi və HDi mühərrikləri bu şirkətlərin uğuruna əhəmiyyətli töhfə verib. Bununla belə, ekoloji qaydalar və "Dieselgate" kimi qalmaqallar artıq hər şeyi dəyişib. Nəticədə Avropanın bir çox şəhərində dizel yanacağı qadağan edilməyə başlayıb.

Əgər 2024-cü ilin avtomobil biznesinə baxsaq, "Renault" və "Nissan"ın artıq öz elektrik və hibrid seriyalarını aqressiv şəkildə inkişaf etdirdiyini və dizeldən uzaqlaşan əsas oyunçulara çevrildiklərini görərik. "Volkswagen" ilə "Ford" da şəhər mühiti və uzun səfərlər üçün yeni həllər təklif edərək rəqiblərindən geri qalmırlar.

“Volvo Cars” dizel avtomobillərinin istehsalını dayandırıb
Yeni reallığı və gözlənilən dəyişiklikləri nəzərə alaraq, avtomobil mütəxəssisləri ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə tələbatın əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırırlar. Bu məsələdə Asiya ölkələri də sözünü deyir. "Hyundai" və "Kia" hibrid modellərinin geniş çeşidini təklif edirlər. Dünya tədricən dizeldən imtina dövrünə gedir. Maraqlıdır, bu proses Azərbaycanda da özünü göstərə bilərmi?

"Avtomobil parkımız çirklənib"

Məsələni AzVision.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, artıq bir neçə müddərdir, dünyada bənzər tendensiyalar gedir. Bundan öncə Almaniya oxşar addım atmışdı. Baxmayaraq ki, Almaniya dizel mühərrikli avtomobillərin istehsalçısı sayılır, öz ölkəsində dizel mühərrikinin istismarına qadağa qoydu. Hazırda bu qadağa bir çox şəhərdə qüvvədədir. Almanlar sadəcə olaraq belə avtomobilləri başqa ölkələrə satırlar.


Ekspert qeyd edib ki, dizeldən imtinanın qlobal səbəbləri var. Azərbaycan da bu istiqamətdə ciddi tədbirlər görəcək: “Dizel mühərrikli avtomobillərin ətraf mühitə vurduğu zərərin miqyası digərləri ilə müqayisədə daha böyükdür. Ölkəmizdə dizelin qiymətinin sonuncu dəfə qalxmasından sonra hökumət bu addımı belə izah etmişdi ki, vətəndaşlar dizel mühərrikli avtomobillərdən istifadəni çəkindirmək məqsədi daşıyır. İlk dəfə idi ki, bu məsələ dövlət səviyyəsində açıq şəkildə bəyan edilmişdi. Gələcəkdə bu cür avtomobillərin ölkəyə gətirilməsi tam şəkildə məhdudlaşdırıla bilər. Gec-tez dizeldən imtina Azərbaycanda da baş verməlidir. Çünki son dövrlərdə ölkəmizə gətirilən dizel mühərrikli avtomobillərə baxsaq, ən bərbad maşınların idxal olunduğunu görərik. Təəssüf ki, bu işləri hər zaman maşın alverçiləri görüblər və ən ucuz variant nə olubsa, onu seçiblər. Nəticə də göz qabağındadır. Azərbaycanın avtomobil parkı xeyli çirklənib. Bu gün biz bunun əziyyətini çəkir, mənfi fəsadlarını müşahidə edirik. Məsələn, yəqin dəfələrlə görmüsünüz ki, qarşınızda qara tüstü buraxan avtomobillər hərəkət edir. Bunlar əvvəlki dövrlərdə maşın alverçilərinin ölkəyə kütləvi şəkildə daşıdığı köhnə, dizel mühərrikli avtomobillərdir”.

Mütəxəssis qeyd edib ki, son dövrlərdə ölkəyə keyfiyyətli dizel mühərrikli avtomobillər də idxal olunur: “ Amma elə bir zaman gələcək ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da dizel mühərikindən tam imtina olunacaq. Bu, qaçınılmazdır. Çünki artıq elektriklə çalışan, hibrid avtomobillərinin fonunda dizel saxlamağın mənası yoxdur. Amma bizdə Fransadakı kimi birbaşa radikal addım atılmayacaq. Yanacaqdoldurmalarda dizel satışını birdən-birə dayandırmayacağıq. Fransa, Almaniya kimi ölkələr avtomobil istehsalçıları sayılırlar. Xarici ölkələrə də istədikləri qədər maşın satırlar. Ona görə də bu kimi ölkələr çox rahat şəkildə dizelin satışına qadağa qoya bilirlər. Amma biz istehsalçı sayılmırıq və avtomobil parkımızı dünyanın müxtəlif bölgələrindən maşın almaqla doldururuq".

Tural Tağıyev
AzVision.az


Teqlər:   Dizel   Avtomobil   Yanacaq  





Xəbər lenti