Türkiyəli nazir: COP29 tədbiri zamanı Azərbaycana dəstək olacağıq

      Türkiyəli nazir:       COP29 tədbiri zamanı Azərbaycana dəstək olacağıq
  10 Oktyabr 2024    Oxunub:822
Azərbaycanın noyabrın 11-22-də ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müddətində Türkiyə olaraq hər cür dəstəyi verəcəyik.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mətbuat nümayəndələrinə açıqlamasında deyib.

Azərbaycanın dost və qardaş ölkə olduğunu vurğulayan Kurum COP29 müddətində Azərbaycan dövlətinə hər cür dəstək göstərəcəklərini qeyd edib. O, bu tədbirin dünya üçün əhəmiyyətli qərarların qəbul ediləcəyi bir platforma olmasını diləyib.

Kurum COP29-da inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizələrində maliyyə resurslarına çıxışını asanlaşdıracaq addımların atılmasını gözlədiklərini də vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın “2053-sıfır emissiya” hədəfinin dünya ilə paylaşıldığını qeyd edən Murat Kurum nazirliyin iqlim dəyişikliyi ilə mübarizə və adaptasiya sahəsində çox önəmli addımlar atdığını bildirərək deyib: “İstəyirik ki, gələcək nəsillərimizə təmiz bir dünya qoyaq”.

Nazir bərpaolunan enerji mənbələrindən istifadə edərək Türkiyənin enerji tələbatını qarşılayacaqlarını və bu sahədəki gücü hər keçən gün artırdıqlarını bildirib. O, İqlim Qanununun bu il Türkiyə Böyük Millət Məclisindən (TBMM) keçəcəyini və bu mövzudakı qərarlı mövqelərini ortaya qoyacaqlarını qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti