Bu il 24 mindən çox köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb

Bu il 24 mindən çox köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
  11 Oktyabr 2024    Oxunub:859
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, Ağdam rayonu Baharlı qəsəbəsi, o cümlədən Sumqayıt şəhəri ərazisində yerləşən yataqxana və məcburi köçkün qəsəbələrində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair təlim keçirilib.
Təlim Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, ANAMA və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşlığı çərçivəsində təşkil edilib. AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət tərəfindən “Qapı-qapı” formatında keçirilən təlimlərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində geri qayıdacaq sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı artırmaq, mümkün risk faktorunu minimuma endirməkdir.

Təlimçilər hər bir evə və mənzilə gedərək sakinlərə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar. Təlimlər zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb.

Ümumilikdə, həftə ərzində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, Ağdam rayonu Baharlı qəsəbəsi, o cümlədən Sumqayıt şəhəri ərazisində yerləşən yatqxana və məcburi köçkün qəsəbələrində 2000-dən çox məcburi köçkün maarifləndirilib. Xatırladaq ki, buna qədər təlimlər mərhələli şəkildə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində, həmçinin yataqxanalarda, inzibati binalarda və yarımtikililərdə, Füzuli şəhərinə yeni köçürülmüş sakinlər üçün, həmçinin Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 6 saylı qəsəbədə və Bərdə rayonunda 588 saylı keçmiş məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə də təşkil edilib.

Mina və PHS təhlükəsi ilə bağlı bu ilin oktyabr ayınadək keçirilən maarifləndirici təlimlərə 24 mindən çox məcburi köçkün cəlb olunub. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, təlim prosesi oktyabr ayının ikinci həftəsindən etibarən Sumqayıt rayonu ərazisində kompakt məskunlaşmış digər yerlərdə də davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti