Əməlinə haqq qazandıran qatil "qəhrəman"a çevrilə bilərmi?

   Əməlinə haqq qazandıran qatil "qəhrəman"a çevrilə bilərmi?
  11 Oktyabr 2024    Oxunub:1041
Xəbər verdiyimiz kimi, 20 yaşlı arvadını və 8 aylıq körpəsini amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hökmə əsasən, o, ömürlük azadlıqdan məhrum edilib.
Fərid Hüseynlinin məhkəmədə son sözləri isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"Mən kişi kimi ölərəm, kişi kimi də yaşayaram. Mənim həyatımda bir prinsipim var. Həyatım qeyrətimdən yüngül gələr, mənim qeyrətim də ağırdır. Kişi namusunu qorumalıdır" - deyən cinayətkar bir növ əməlindən peşman olmadığını nümayiş etdirib. Sosial şəbəkə istifadəçiləri bu cür qısqanclıq zəminində adam öldürülməsinə haqq qazandıran videoların yayılmasını tənqid edirlər. İnsanlar haqlı iradlarını bildirərək məhkəmə salonundan yayılan videonun arzuolunmaz məsələləri təbliğ etdiyini yazırlar.

Maraqlıdır, belə radikal çıxışlar edən müttəhimlərin görüntülərinin mediada yayılması ciddi fəsadlara səbəb ola bilərmi? Əməlinə haqq qazandıran canilərin bu kimi fikirlərinin insanlara psixoloji təsiri varmı?

Mövzu ilə bağlı AzVision.az -a danışan psixoloq Dilşad Məmmədli bildirib ki, Azərbaycanda dəyişməyən mentalitet və namus mövzuları hələ çox qadını ölümə aparacaq.

Leyla və körpəsinin amansız qətlinin təfərrüatı - VİDEO
"Fərid və Leylanın ailə hekayəsinə nəzər salanda məlum olur ki, onlar evliliklərinin ilk vaxtlarından anlaşmayıblar. Burada yaş faktorunu, xarakterlərin uygunsuzlugunu göstərə bilərik. Amma bu, bir insanın öldürülməsinə gətirib çıxarmamalı, ciddi səbəb olmamalıdır. Burada və məlum faciəyə bənzər bütün hadisələrdə əsas məsələ məişət zorakılığı və qadınların fiziki təzyiqlərə tabe olub səssiz qalmalarıdır. Onların ailə hekayələrini dinləyəndə ən çox vurğulamaq istədiyim məsələ Azərbaycanda və bir çox müsəlman ölkələrində kişilərə verilən ixtiyar olur.

Kişilər daha çox ailəsinə öz “mülkü”, əşyası kimi baxırlar. Bunun əsas səbəbi onları bu cür böyüdən ata, ana və cəmiyyətdədir. Heç bir ana oğlan uşağında patoloji qısqanclıq problemini görmür və qaynanalıq vəzifələrini yerinə yetirib narsist, qısqanc, dar düşünücəli qətl törədən bir şəxsiyyət yetişdirməyə meyllidirlər. Çünki oğlanlar bu cəmiyyətdə səhvin bədəlini ödəmədən, sağalmadan, inkişaf etdirilmədən böyüdülürlər. Halbuki psixologiyada qısqanclıq patoloji problem kimi görülür və bu duyğunun ifrat həddə olması Leyla-Fərid-8 aylıq körpə üçbucağı kimi hekayələrin arzuolunmaz sonunu göstərir".

Psixoloqun sözlərinə görə, bu kimi mövzuların azalmamasının səbəbi media və sosial şəbəkələrin doğru şəkildə hadisələri cəmiyyətə təqdim etməməsidir:

"Saytlarda şərhləri oxuduqda həqiqətən Fərid kimilərinin davranışına haqq qazandıran minlərlə “kişi” görmək olar. Elə təkcə bu məsələdən aşkar görünür ki, əslində cəmiyyətimizdə potensial qatillərin sayı çoxdur. Və bu paylaşılan məlumatlar doğru şəkildə təqdim olunmayanda, hadisə həmin “kişilərə” nümunə kimi görünür.

Marifləndirmələr məişət zorakığı zəminindən aparılmalıdır. Bununla yanaşı azyaşlı qızların özlərindən böyüklərlə evləndirilməsi, qaynana-gəlin münasibəti, "uşağımın adı çıxar" deyə qızlarımızın müdafiəsiz qalması, şiddət və təhdidlərə yalnız ailənin daxili sirri kimi baxılması və görən gözlərin yumulması cəmiyyətin əsas problemlərindəndir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   qətl   cinayət   psixologiya  





Xəbər lenti