“Times” radiosunun COP29-la bağlı müzakirələr aparılıb

“Times” radiosunun COP29-la bağlı müzakirələr aparılıb
  11 Oktyabr 2024    Oxunub:753
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Times” radiosunun efirində çıxış edib.
Diplomat dünya ictimaiyyətinin Azərbaycanın paytaxtı Bakıda böyük iqlim sammitinə toplaşacağını diqqətə çatdırıb. Səfir qeyd edib:

“COP29 böyük əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, maliyyə komponenti ilə bağlıdır. Məqsədlərimizə çatmaq üçün kollektiv maliyyə öhdəliklərini müzakirə etməliyik. Özünüz düşünün: iqlim gündəmi ilə bağlı qərar - Paris Sazişi qəbul ediləndə heç bir maliyyə resursları yox idi. Biz çox danışırıq, amma təşəbbüsləri maliyyə resursları ilə dəstəkləyə bilmirik. Bakıda keçiriləcək konfrans insanların iqlim dəyişikliyi ilə bağlı bütün təklifləri üçün real maliyyə zəmininin yaradılması baxımından vacibdir. Bunun baş verməyəcəyi təqdirdə bizi nə gözləyir? Hər şey adi söhbətə və ya Dubayda baş verənlərə çevriləcək. Yeri gəlmişkən, bu, bizim Əmirliklərdə olan həmkarlarımızın və ümumilikdə dünya ictimaiyyətinin böyük nailiyyəti idi, amma maliyyə dəstəyi olmadan hər şey ambisiya olaraq qalacaq”.

E.Süleymanov konfransın yeri ilə bağlı məsələyə və bəzi dairələrdə bu mövzu ətrafında baş verən səs-küyə toxunub. “Bakı COP29-a ev sahibliyi edən yer kimi heç də mübahisəli məkan deyil. Bu məntiqə görə, dünyanın istənilən nöqtəsini “ziddiyyətli” adlandırmaq olar. Hansı yeri “problemli” adlandırmaq olmaz? Hamını tənqid edirlər”, - deyə o bildirib.

Diplomat daha sonra vurğulayıb: “Ancaq gəlin, bu barədə düşünək. Biz bəşəriyyətin qarşısında duran ən mühüm problemi - iqlim böhranı məsələsini həll etmək üçün toplaşırıq. Təbii ki, çoxları bunu Azərbaycana hücum etmək üçün əla fürsət kimi görəcək. Bu, onların öz işidir. Amma bu mövzu Azərbaycanla bağlı deyil, onunla heç bir əlaqəsi yoxdur. Əsas məsələ ondan ibarətdir ki, biz problemin özünü həll etmək üçün irəliləməyə razı olaq”, - deyə səfir vurğulayıb.

Aparıcı bəzi bədxahlar tərəfindən sifarişlə yazılan məqalələrdə qaldırılan “yaşıl yuma” məsələsini gündəmə gətirməyə çalışıb. O, “bu, “yaşıl yuma” nümunəsidir - iqlim problemindən ölkənin imicini təmizləmək üçün istifadə etməkdir” deyə sözlərinə başlamağa çalışıb, lakin Azərbaycan diplomatı bu ritorikanı dərhal rədd edib.

“Əlbəttə ki, xeyr. Bir ildən az müddət əvvəl COP29-a ev sahibliyi edəcəyimizi belə bilmirdik. Biz “yaşıl yuma” ilə necə məşğul ola bilərdik?! Bu tədbiri ölkədə keçirəcəyimizi bilmirdik. Biz yaşıl keçid proqramımızı Azərbaycanın COP konfransına ev sahibliyi etməyə razılıq verməsindən xeyli əvvəl başlamışıq”, - deyən Süleymanov tənqid xətrinə fikir bildirənlərin niyyətini tam başa düşmədiyini qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti