JunctionX Baku 2024 “Yaşıl İqtisadiyyatda Süni İntellekt” mövzusu ilə start götürdü - FOTOLAR

     JunctionX Baku 2024 “Yaşıl İqtisadiyyatda Süni İntellekt” mövzusu ilə start götürdü    -    FOTOLAR
  12 Oktyabr 2024    Oxunub:1046
Azərbaycanın ən böyük hakaton tədbirlərindən biri olan JunctionX Baku 2024 bu gün “Yaşıl İqtisadiyyatda Süni İntellekt” mövzusu ilə start götürdü. Açılış mərasimində əsas sənaye tərəfdaşlarının iştirakı müşahidə olundu.
AzVision.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnkişafı Fondunun dəstəklədiyi və EESTEC Baku-nun təşkil etdiyi tədbir, süni intellektdən istifadə edərək ekoloji problemlərin həllinə yönəlmiş parlaq zehinləri bir araya gətirdi.

UFAZ-ın icraçı direktoru Lətifə Nəsibova qonaqları və iştirakçıları salamlayaraq universitetin bu kimi tədbirlərin təşkilinə marağını və texnoloji ekosistemlə bağlı layihələrə dəstəyini vurğuladı.

Hakatonun beynəlxalq və lokal təmsilçiləri Junction X-dən Qlobal Əlaqələr şöbəsinin rəhbəri Daniil Frieden və EESTEC Baku-nun rəhbəri Adil Qasımov hakaton haqqında məlumat verərək Azərbaycanda ilk dəfə keçirilməsi ilə bağlı hazırlıq prosesindən bəhs etdilər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin Sədri Elnur Nəsibov bu tipli layihələrə Fondun dəstəyinin hər zaman olduğunu və beynəlxalq miqyaslı proyektlərin Azərbaycanda keçirilməsinə daha çox imkan yaradılacağını bildirdi. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin direktoru Səbuhi Rzayev təşkilati komandanın layihənin icrası prosesinə necə başlaması, layihənin təşkilati komandasının gördüyü işlər, əməkdaşlıqların necə qurulması barəsində fikirlərini bölüşdü.

4SİM-in Analiz və Monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi və Gənclər Fondunun Gənclər Təşkilati ilə işlər şöbəsinin rəhbəri Orduxan Qəhrəmanzadə ekosistemdə bu kimi tədbirlərin önəmini və təmsil etdikləri qurumun bu sahəyə dəstəyindən bəhs etdilər. Code Academy-nin Marketinq Direktoru Goktug Sarı, PwC Azərbaycandan Texnoloji Menecer Zaur Mustafayev, United Payment Daxili Nəzarət şöbəsinin rəhbəri Rauf Həsənov və ATL Akademiyanın rəhbəri Aydan Həşimova da açılış mərasimində iştirak etmiş və komandalara bu önəmli yarışmada uğurlar arzu ediblər.

Hakatonun əsas mövzuları COP29 istiqamətlərinə uyğun olaraq müəyyən edilmiş şəhər iqlim dözümlülüyü, emissiyaların azaldılması və dövri iqtisadiyyat texnologiyalarını əhatə edir. İştirakçılar növbəti 36 saat ərzində süni intellekt əsaslı həllər hazırlayacaqlar, bir qalib isə Helsinkidə, Finlandiyada keçiriləcək əsas Junction tədbirində Azərbaycanı təmsil edəcəklər.

JunctionX Baku 2024 Finlandiyada yaranan və bütün dünyaya yayılan qlobal Junction hakathon hərəkatının bir hissəsidir və gənc texnologiya həvəskarları arasında innovasiyanı təşviq edir.

JunctionX Baku haqqında:

JunctionX Baku, Azərbaycanda real dünya problemlərinə texnologiya əsaslı həllər yaratmaq üçün tələbələri, inkişaf etdiriciləri və yenilikçiləri bir araya gətirir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti