Mədəniyyət Nazirliyində sirk rəhbərlərilə görüş keçirilib

Mədəniyyət Nazirliyində sirk rəhbərlərilə görüş keçirilib
  15 Oktyabr 2024    Oxunub:443
Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir.
Mədəniyyət Nazirliyindən AzVision.az -a verilən məlumata görə, səfərin məqsədi Bakı Dövlət Sirki ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Qeyd edilir ki, Mədəniyyət Nazirliyində Bakıda qonaq olan sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib.

Görüşdə Budapeşt Sirkinin direktoru, Budapeşt Beynəlxalq Sirk Festivalının rəhbəri, Şərqi Avropa Sirk Assosiasiyasının prezidenti, Macarıstanın keçmış mədəniyyət naziri Peter Fekete, “Svetnoy bulvarda” Moskva Nikulin Sirkinin bədii rəhbəri və baş direktoru Maksim Nikulin, Belarus Dövlət Sirkinin direktoru Vladimir Şaban, Kazan sirkinin (Tatarıstan Respublikası) direktoru Elmira Bulatova, Rusiyanın ən böyük tematik parkının baş direktoru Lyudmila Kuznetsova və digər qonaqlar iştirak ediblər.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli ölkəmizdə sirk sənətinin zəngin ənənələri olduğunu bildirib. Qeyd edilib ki, Bakı Dövlət Sirki uzun inkişaf yolu keçib və kollektiv Azərbaycandan kənarda da yaxşı tanınır.

Söhbət zamanı sirk rəhbərləri təcrübələrini bölüşüblər. Bakı Dövlət Sirki ilə əməkdaşlığın quruması və qarşılıqlı birgə layihələrin icrası müzakirə olunub. Eyni zamanda təmir dövründə yüngül konstruksiya tipli sirkin, şapitonun qurulması ilə bağlı müzakirə aparılıb, bu mənada, Macarıstan sirkinin təcrübəsi diqqət mərkəzinə çəkilib.

Görüşdə Bakı Dövlət Sirki yaradıcı heyətinin xarici ölkələrin müvafiq təhsil ocaqlarında ixtisaslaşması məsələləri barədə də fikir mübadiləsi aparılıb. Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti