FHN və DYP əhaliyə müraciət ediblər

FHN və DYP əhaliyə müraciət ediblər
  16 Oktyabr 2024    Oxunub:356
Fövqəladə Hallar Nazirliyinin qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib. Müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağı, bir sıra yerlərdə küləyin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə daha da enəcəyi gözlənilir.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır: "İntensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşların diqqətli olmaları, daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə edilir.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinliklər, eləcə də havanın temperaturunun enməsi fonunda qızdırıcılardan istifadənin artması nəzərə alınaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir".

Nazirliyin müraciətində qeyd edilib ki, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkədə müşahidə olunan yağışlı havanın oktyabrın 20-dək davam edəcəyi gözlənilir:

"BDYPİ verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Həmçinin piyadalar da məsuliyyətli olmalı, həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər".

AzVision.az





Teqlər:





Xəbər lenti