Bİ: “Rusiya dollardan imtina etmək üçün ciddi iş aparır”

   Bİ: “Rusiya    dollardan imtina    etmək üçün ciddi iş aparır”
  24 Oktyabr 2024    Oxunub:986
Rusiya dollardan imtina planının yeni detallarını açıqlayıb. Bu, Qərbin sanksiyalarına baxmayaraq, ticarət əlaqələrini gücləndirməyi nəzərdə tutan strategiyasının bir hissəsidir.
AzVision.az Almaniyanın “Business Insider (BI)” nəşrinə istinadən xəbər verir ki, bu ay Rusiyanın Maliyyə nazirliyi, Mərkəzi Bankı və Moskvanın “Yakov and Partners” adlı konsaltinq şirkəti Rusiyanın məqsəd və istəklərini əks etdirən hesabat təqdim edib. Məsələ təkcə dolların iştirakı olmadan alternativ ödəniş sistemlərinin yaradılması deyil, həm də xammal ticarəti üçün mərkəzlərin formalaşdırılması ideyasını təbliğ etməkdir.

Hesabatda əmtəə ticarəti mərkəzlərinin yaradılması təklif edilir, lakin detallar açıqlanmır. Bununla belə, müəlliflər təklifin niyə yaxşı ideya olduğunu izah ediblər.

“Belə bir tədbir müstəqil qiymətqoyma təmin edəcək və BRİCS ölkələrinin iqtisadiyyatlarının suverenliyini gücləndirəcək”, - hesabatda deyilir.

Sanksiyalarla mübarizənin digər qeyri-standart yolu barter ticarətidir. Məsələn, bu ay bir rus şirkəti Pakistandan gələn naringi, düyü və kartofla noxud və mərcimək dəyişdirmək üçün barter müqaviləsi bağlayıb.

- Bu cür alternativ ödəniş sistemi və barter ekstraterritorial məhdudiyyətlər şəraitində belə, bütün iştirakçıların bir-birinin daxili bazarına çıxışını saxlayacaqları anlayışına əsaslanır ki, bu da onlara daxili və transsərhəd əməliyyatları effektiv şəkildə həyata keçirməyə imkan verəcək. BRİCS ticarətinin daxili ticarət mərkəzlərinə keçməsi həm də yerli valyutaların istifadəsini və ticarət əməliyyatlarında dollardan imtinanı nəzərdə tutur”, - hesabatda vurğulanır

Kazanda keçirilən BRİKS sammitində ən qeyri-adi liderin adı açıqlanıb
Alternativ ödəniş sistemləri və ticarət sistemləri haqqında hesabat oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİCS-in illik sammitindən bir neçə həftə əvvəl dərc edilib. Bundan bir neçə ay əvvəl isə Rusiya BRİCS üçün taxıl birjasının yaradılmasını təklif edib.
Birliyə daxil olan ölkələr əsas taxıl istehsalçıları və dünya bazarına ixracatçılarıdır, buğda ixracının təxminən dörddə biri Rusiyanın payı düşür. Eyni zamanda, qlobal soya ixracının 60 faizi Braziliyanın, qlobal düyü tədarükünün isə təxminən 40 faizi Hindistanın payına düşür. Amma taxıl qiymətləri ilk növbədə ABŞ dollarının üstünlük təşkil etdiyi Çikaqo əmtəə birjasında müəyyən edilir.

“Qlobal taxıl bazarının əsas iştirakçıları olan BRİCS ölkələri ərzaq təhlükəsizliyi üçün son dərəcə vacib olan buğda, arpa və qarğıdalı kimi əsas kənd təsərrüfatı məhsullarının qiymətlərinin müəyyənləşdirilməsində tam iştirak edə bilmir və tez-tez üçüncü ölkələrdə manipulyasiyaya məruz qalırlar”, - BRİCS taxıl birjasının yaradılmasını təklif edən Rusiya Taxıl İxracatçıları İttifaqı ötən ilin dekabrında ölkənin Kənd Təsərrüfatı nazirliyinə göndərdiyi məktubda bildirib.

“Business Insider” yazır ki, Rusiya dollardan asılı olan ticarət sistemini dəyişmək üçün çətin mübarizə aparır. Hazırda dollarla ticarət edən bazar iştirakçıları asanlıqla mövqelərə girib-çıxa bilirlər, barter ticarəti və digər valyutalardan istifadə isə likvidliyi və çevikliyi azalda bilər. Çünki Çikaqo Ticarət Birjasının taxıl bazarlarında alış-veriş çox aktiv olduğundan, yeni birjalar öz məhsulları ilə iştirakçıları cəlb etməkdə çətinlik çəkəcəklər. Ancaq hələ də bunu etməyə dəyər, çünki təşəbbüslərin effektivliyini başqa cür qiymətləndirmək mümkün deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   BRİCS   birjalar  





Xəbər lenti