Hirkan Milli Parkında Asiya bəbirləri artıb - FOTO

Hirkan Milli Parkında Asiya bəbirləri artıb -    FOTO
  28 Oktyabr 2024    Oxunub:270
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birgə Hirkan Milli Parkının ərazisində keçirilən növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə Asiya bəbirlərinin artımı müşahidə olunub.
Hirkan Milli Parkı ərazisində quraşdırılan müşahidə kameraları həm video, həm də şəkil lentə alır. Hər üç aydan bir yoxlanılır və məlumatlar bazaya ötürülür.

Hirkan Milli Parkının sahə müfəttişi Sahil Mikayılovun sözlərinə görə, keçən rüb kameraya iki bəbir düşmüşdü. Bu rüb də bəbir foto-tələyə rast gəlib: “Hətta ayı da öz balaları ilə kameraya düşüb. Bəbirlər demək olar bütün kameralarda lentə alınıb. Bu da onların sayında artım olduğunu deməyə əsas verir”. O, əlavə edib ki, Hirkan Parkı ərazisində yaşayan bəbir cinslərinə Naxçıvanda da rast gəlinib.

Bu faktlar son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərində heyvan aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsi, ekoloji maarifləndirmə işlərinin aparılması nəticəsində əldə edilib. Artımın bir çox səbəbi var. Birincisi güclü mühafizə rejimi, digəri isə yem bazasıdır. “Bəbirin yaşaması üçün yem lazımdır. Hirkan Milli Parkında şükürlər olsun ki, yem bazası çoxdur. Kameralara baxıb görürük ki, qabanların sayı ilbəil çoxalır, yeni balaları görünür, sürü ilə gəzirlər. Tirandazların, canavarların, çaqqalların, yenotların sayı da çoxalıb. Təbiətdə belə qanun var ki, biri digərinin yemi olmalıdır”, - deyə o vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər öz bəhrəsini verir. Aparılan tədbirlərin nəticəsidir ki, son zamanlar xüsusi mühafizə olunan təbiət ərazilərində bəbirlər özlərini daha təhlükəsiz hiss edərək sərbəst yaşayır və tez-tez müşahidə olunurlar.

Xatırladaq ki, Asiya bəbiri yırtıcılar dəstəsinə aid olub, Ümumdünya Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti