Cəbrayılda Günəş elektrik stansiyasının tikintisi üçün torpaq ayrıldı

Cəbrayılda Günəş elektrik stansiyasının tikintisi üçün torpaq ayrıldı
  30 Oktyabr 2024    Oxunub:524
Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilir.

AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə 100 MVt gücündə olan Günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilir (torpaq sahəsinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).

Azərbaycan Respublikasının Energetika Nazirliyinə qərarla müəyyən edilmiş bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun olaraq həyata keçirmək həvalə olunub.

Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 229 hektar torpaq sahəsində Günəş elektrik stansiyasının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti