İsrail Moskvadan vasitəçi olmağı xahiş edir

   İsrail Moskvadan    vasitəçi olmağı    xahiş edir
  01 Noyabr 2024    Oxunub:911
İsrail Livanın iranyönümlü “Hizbullah” qruplaşması ilə silahlı münaqişənin dinc yolla həllində vasitəçilik istəyi barədə Rusiyaya müraciət edib.
AzVision.az xəbər verir ki, Yaxın Şərq KİV-lərinə istinad edən “Newsweek” nəşri belə məlumat yayıb.

İsrailin “Ynet News” və Səudiyyə Ərəbistanına məxsus “Asharq Al-Awsat” kimi beynəlxalq nəşrlər son günlərdə mənbələrə istinadən, İsrailin Rusiyadan ABŞ prezidentinin müşavirləri Amos Hoxştayn və Brett Makqurkun dəstəyi ilə hazırlanan atəşkəs razılaşmasında iştiraka razılaşmasını xahiş etdiyini yazıb.

“Ukraynada öz hərbi münaqişəsini apardığı vəziyyətdə Moskvanın nə dərəcədə effektiv rol oynaya biləcəyi bəlli deyil. Lakin demək olar ki, hər bir əsas maraqlı tərəflə əlaqəsi olan qlobal gücün iştirakı Vaşinqtonun Yaxın Şərqdəki liderliyinin getdikcə daha çox şübhə altına alındığı bir vaxtda təşəbbüsə mühüm dəstək verə bilər”, - məlumatda vurğulanır.

Bu arada, Ər-Riyadda keçirilən investisiya konfransında çıxış edən Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərxan Əl Saud İsraili Qəzza zolağının şimalında “soyqırım” törətməkdə ittiham edib.

- Hazırda, biz ABŞ-la, İsraillə normallaşmanı nəzərdə tutmayan, ikitərəfli münasibətləri uğurla inkişaf etdiririk. Fələstin dövləti elan olunmayana qədər biz İsraili tanımayacağıq və bu istiqamətdə vəziyyətin irəliyə doğru getməsini gözləməklə bağlı problemimiz yoxdur”, - İsrailin “Detali” nəşri Səudiyyə XİN-in rəhbərindən sitat gətirir.

Feysəl bin Fərxan Əl Saud qeyd edib ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında ticarət və süni intellektlə bağlı təklif olunan razılaşmalar “heç bir üçüncü tərəflə bağlı deyil” və kifayət qədər tez bağlana bilər.

“Biz onları ABŞ seçkilərinə qədər yekunlaşdırmaqdan məmnun olardıq, lakin bu, bizdən asılı deyil. Eyni zamanda, bəzi digər razılaşmalarla bağlı vəziyyət daha mürəkkəbdir”, - səudiyyəli nazir bildirib.

“Detali” nəşrinin yazdığına görə, Səudiyyə Ərəbistanı və ABŞ nüvə enerjisi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa aid bir sıra sazişləri nəzərdən keçirirlər ki, bunlar ilkin olaraq İsraillə münasibətlərin normallaşdırılmasını ehtiva edir.

Axios: ABŞ Qəzzaya görə İsrailə ciddi təzyiq edir
Yeri gəlmişkən, ABŞ-nin “Axios” portalı, öz növbəsində, Ağ Ev administrasiyasının Qəzzadakı humanitar böhranın həlli ilə bağlı Vaşinqtonun tələblərinin yerinə yetirilməsi ümidi ilə İsrail hökumətinə təzyiqləri artırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   Rusiya   Səudiyyə  





Xəbər lenti