COP29 günlərində nəqliyyatın idarə edilməsi planının təqdimatına dair brifinq keçirilib

COP29 günlərində nəqliyyatın idarə edilməsi  planının təqdimatına dair brifinq keçirilib
  02 Noyabr 2024    Oxunub:831
COP29 konfransı zamanı paytatda nəqliyyatın idarə edilməsi planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) COP29 nəqliyyat planının təqdimatına dair birgə brifinq keçiriblər.
AzVision.az brifinqdə təqdimatla çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu bildirib ki, bu istiqamətdə hazırlanan müvafiq plan və konsepsiya COP29 müddətində təhlükəsiz və operativ qaydada qonaqların hava limanından konfrans məkanına və əks istiqamətdə daşınması, şəhər daxilində sərbəst hərəkətinin təmin olunması, paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi kimi elementləri özündə ehtiva edir.

Orxan Mahmudlu Bakı şəhərində fəaliyyət göstərəcək nəqliyyat qovşaqları barədə də ətraflı məlumat verib. Çıxışda həmçinin COP29 dövründə şəhərdə hərəkət edəcək xüsusi COP29 nəqliyyat vasitələri, xüsusi marşrutlu konfrans avtobusları, yüzlərlə xüsusi taksi və ekspress ictimai avtobusların fəaliyyəti, eləcə də COP29 xüsusi zolaqlar üzrə hərəkət qaydaları barədə də geniş məlumat verilib.

Daha sonra çıxış edən AYNA-nın İdarə heyətinin sədri Anar Rzayev COP29-da iştirak məqsədilə paytaxta səfər edəcək qonaqların sayı nəzərə alınaraq şəhər sakinlərini ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. O, həmçinin həmin günlərdə hava limanı istiqamətində hərəkət edəcək vətəndaşları alternativ olan Zığ şossesindən istifadə etməyi də tövsiyə edib. A. Rzayev qeyd edib ki, COP29 günlərində hava limanından iki istiqamətdə - 28 May metrosu və Əhmədli metrosu, ictimai ekspress avtobuslar fəaliyyət göstərəcək, həmçinin, konfrans günlərində Bakıda avtobusların marşrut xətlərində müəyyən dəyişikliklər olacaq, bununla əlaqədar vətəndaşların qarşıdakı günlərdə məlumatlandırılacağını əlavə edib.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev isə çıxışında COP29 günləri müddətində şəhərin müxtəlif istiqamətlərindən giriş və çıxışlarla bağlı məlumat verib. O qeyd edib ki, qlobal əhəmiyyətli bu tədbirin ölkəmizə səfər edəcək yüksək səviyyəli qonaqların müşayiəti və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə tədbirin gedişatından asılı olaraq paytaxtın bəzi əsas küçə və prospektlərində fasilələrlə məhdudiyyətlər tətbiq olunacaq, lakin yolların bağlanmasına zərurət yoxdur. Biz sadəcə vətəndaşlarımıza tədbirin miqyasını nəzərə alaraq şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edirik.

Tədbirin sonunda media nümayəndələrini maraqlandıran sualların cavablandırılması üçün sual-cavab sessiyası keçirilib.

Xatırladaq ki, cari ayda COP29 günlərində nəqliyyatın idarəedilməsi sxemlərinin sınaqdan keçirilməsi məqsədilə bir sıra geniş miqyaslı monitorinqlər keçirilib. Nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsönüdrümə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilib.

Növbəti nəqliyyat monitorinqi isə bazar günü, 3 noyabr tarixində saat 11:00-dan 14:00-dək keçiriləcək. Monitorinq tədbirləri Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərini əhatə edəcək. Sözügdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.
AzVision.az


Teqlər: COP29   nəqliyyat   idarəetmə  





Xəbər lenti