ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar

   ABŞ və Səudiyyə Ərəbistanı İsraili    “offsayd”a    salırlar
  05 Noyabr 2024    Oxunub:250
Vaşinqton və Ər-Riyad Səudiyyə krallığının İsraillə münasibətlərinin normallaşması şərtini nəzərdə tutmayan təhlükəsizlik sazişlərinin bağlanması imkanlarını müzakirə edirlər.
AzVision.az Amerikanın “Axios” portalına istinadən xəbər verir ki, söhbət İsraillə daha geniş sövdələşməni nəzərdə tutmayan təhlükəsizlik sazişlərinin bağlanmasının mümkünlüyündən gedir.

“Eyni zamanda, bu, Vaşinqton və Ər-Riyad arasında tam hüquqlu müdafiə paktı ola bilməzdi, çünki imzalanma ehtimalı keçən il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl nəzərdən keçirilmişdi”, - informasiya portalı qeyd edir.

Nəşrin ehtimalına görə, Ər-Riyadın Qəzza zolağı və Livandakı münaqişə ilə bağlı mövqeyi İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxın gələcəkdə normallaşdırılmasını hər iki ölkə üçün qeyri-real edir.

“Səudiyyə Ərəbistanının Milli təhlükəsizlik müşaviri Musaed bin Məhəmməd əl-Ayban keçən həftə Ağ Evə səfər edərək həmkarı Ceyk Sallivan və prezident Co Baydenin məsləhətçiləri Brett Makqurk və Eyms Hokstin, habelə Dövlət katibi Antoni Blinkenlə görüşüb. Bu görüşlərdə ölkələr arasında təhlükəsizlik, texnologiya və iqtisadiyyat sahəsində yəhudi dövləti ilə krallıq arasında münasibətlərin normallaşdırılmasına dair müddəaları özündə əks etdirməyən sazişlərin bağlanmasının mümkünlüyü müzakirə olunub”, - mənbənin “Axios” portalına verdiyi məlumatda bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Səudiyyə   İsrail  





Xəbər lenti