COP29 qonaqları üçün xüsusi taksilər olacaq - FOTO/VİDEO

 COP29 qonaqları üçün xüsusi taksilər olacaq -  FOTO/VİDEO
  08 Noyabr 2024    Oxunub:1800
COP29 Azərbaycan Əməliyyat Şirkəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a qatılacaq on minlərlə iştirakçının tədbir məkanları arasında rahat gediş-gəlişini təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.
Bu çərçivədə tədbir iştirakçıları xüsusi marşrut üzrə hərəkət edəcək avtobuslarla yanaşı, “Bolt” və “Yango” kimi şirkətlərin mobil tətbiqlərindən də rahatlıqla istifadə edə biləcəklər.

Bunun üçün adıçəkilən taksi şirkətlərinin mobil tətbiqlərinin sifariş menyularına “COP29” kateqoriyası daxil edilib. Bu funksiya sadəcə sifariş prosesini asanlaşdırmır, eyni zamanda sifarişçiləri ən yaxın taksi dayanacağına yönləndirir. Prosesin təhlükəsizliyini nəzərə alaraq, sözügedən taksi şirkətləri tərəfindən bu kateqoriya üzrə xüsusi avtomobillər ayrılıb və müvafiq stikerlərlə fərqləndirilib.

Bununla yanaşı, rəsmi COP29 tərəfdaşı olan “Baku Taxi” şirkəti də konfrans iştirakçılarına öz xidmətlərini təklif edir. Bu şirkətə məxsus taksilər Heydər Əliyev Beynəlxalq Aeroportundakı “Terminal-1” və Bakı Stadionunun müvafiq ərazilərində xidmət göstərəcəklər. Qeyd edək ki, “Baku Taxi”nin xidmətləri konfransda iştirak üçün akkreditasiyadan keçmiş və ya iştiraka dair təsdiq məktubu almış təkərli oturacaq istifadəçiləri üçün ödənişsiz olacaq.



AzVision.az



Teqlər: COP29   taksi  





Xəbər lenti