"AZAL-ın təyyarəsi vurulub"- Açıqlama

   "AZAL-ın təyyarəsi vurulub"-  Açıqlama
  27 Dekabr 2024    Oxunub:477
"Rusiya hazırda müharibə edən ölkədir. Bu ölkənin ərazisinə, hava məkanına girmək ümumiyyətlə risklidir. İki ilə yaxındır ki, Moskva aeroportlarının özü belə bir neçə saatlığına dron hücumlarını nəzərə alıb, uçuşları dayandırır. Bu baxımdan bizimkilər də bunu nəzərə almalı idilər".
Bu sözləri AzVision.az-a təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl dünən baş verən təyyarə qəzasını şərh edərkən deyib.

O qeyd edib ki, Çeçenistanın hərbi obyektləri, məktəbləri dəfələrlə Ukraynanın dron zərbəsinə məruz qalıb.

Aktauda təyyarə qəzasının TƏFƏRRÜATLARI
"Bakı-Qroznı reysində səhər saatlarında duman olması barədə məlumatlar həqiqətdir. Bunu qəzadan sağ çıxanlar da təsdiqləyirlər. Təyyarə kamikadze dronu ilə vurulmayıb. Belə olsa idi, təyyarə göydə partlaya bilərdi. Güman ki, zərbə zenit raket kompleksindən gəlib. Böyük plemyotlar vasitəsilə vurulma ehtimalı çoxdur.

Ukraynanın da təhlükəsizlik xidməti bəyanatlarla çıxış edib ki, həmin günün səhəri sözügedən əraziyə heç bir dron hücumu olmayıb. Lakin təyyarənin üzərindəki dəliklər deməyə əsas verir ki, təyyarə vurulub.

Bunun Rusiya tərəfindən Azərbaycana qarşı bir təxribat olduğunu düşünmürəm. Ehtiyatsızlıqdan ola bilər. Dezinformasiyalara uymamaq lazımdır.

Təəssüf ki, Rusiya mətbuatının yaydığı ilkin məlumatlar yalan idi. Təyyarənin quş sürüsü ilə toqquşma ehtimalı inandırıcı deyildi. Bu, adətən təyyarə havaya qalxan və ya enən vaxtlarda baş verir. Amma təyyarə yüksəklikdə olub. Quşlar yerdən uzağı 100-200 metr hündürlükdə uçurlar. Təyyarə isə çox yuxarıda vurulub. Rusiya Ukrayna əleyhinə təbliğat aparmaq üçün yeri gələndə bu kimi vəziyyətlərdən istifadə edir.

Qroznı təyyarənin enməsinə icazə verməli, kömək etməli idi. Etməyiblər, əksinə, uzaqlaşdırıblar. Təxribat olduğuna isə mən inanmıram".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   təyyarə   qəza  





Xəbər lenti