Peskov: "Litvanın Rusiyaya qarşı ərazi iddiaları var"

      Peskov:    "Litvanın Rusiyaya qarşı ərazi iddiaları var"
  10 Yanvar 2025    Oxunub:358
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Litva prezidenti Gitanas Nausedanın Kalininqradla bağlı qalmaqallı açıqlamasını şərh edib.
O, jurnalistlərə açıqlamasında prezidentin bölgənin kimə məxsus olmasına dair sözlərini Vilnüsün Rusiyaya qarşı ərazi iddiaları kimi qiymətləndirib.

"Litva ölkəmiz üçün qeyri-dost dövlət sayılır. Yəni onlar bizə qarşı düşmən əhval-ruhiyədə olurlar. Hansı ki, başqa məsələlərlə yanaşı, göründüyü kimi, ərazi iddialarını da ortaya qoyurlar", - Kreml rəsmisi deyib.

Peskov qeyd edib ki, bu hadisə Rusiya rəsmilərinin dərin narahatlıq keçirmələrini, dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün hazırki və gələcək tədbirlərin vacibliyinin əsassız olmadığını sübut edir.

Slutski: "Litva prezidenti psixiatra müraciət etməlidir"
Bundan öncə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski də məsələyə reaksiya vermişdi. Slutski Nausedaya psixiatra müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Litva prezidenti Gitanas Nauseda Kalininqradın tarixi Litva şəhəri olması və ona Karalyauçus adı verilməsi barədə fikirlər səsləndirib.

Nausedanın belə açıqlama verməsinə səbəb Çistye Prudı kəndində Kristijonas Donelaitis Memorial Muzeyinin adının dəyişdirilməsi olub. Litva lideri muzeyin adının dəyişdirilməsi qərarı ilə razılaşmadığını bildirib. O, Litva mədəniyyətinin Rusiya bölgəsində yoxa çıxan izlərini qorumağa çağırıb və həmçinin bildirib ki, “Karalyauçius heç vaxt Kalininqrad olmayacaq”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Litva   Rusiya   Peskov   Kalininqrad  





Xəbər lenti