Tramp insayder ticarəti ilə məşğuldur?

   Tramp insayder ticarəti ilə məşğuldur?
  10 Aprel 2025    Oxunub:747
Senator Adam Şiff Konqresi ABŞ prezidenti Donald Trampın ticarət tariflərini qəfil dayandırdığı zaman insayder ticarəti və ya bazar manipulyasiyası ilə məşğul olub-olmadığını araşdırmağa çağırıb. Belə ki, “ticarət savaşı”nda elan edilən pauza səhmlərin məzənnəsinin yüksəlməsinə səbəb olub.
AzVision.az xəbər verir ki, “Time” qəzetində dərc olunan materialda Trampın elan etdiyi 90 günlük pauzaya qiymətli kağızlar bazarının müsbət reaksiyasi ildırım sürətli olub.

“Trampın qərarından bir neçə dəqiqə sonra ABŞ-nin fond indeksləri 7%-dən çox artdı və çərşənbə gününün sonuna qədər 9%-dən çox dəyər qazandı. İqtisadi yavaşıma qorxusu fonunda yüksələn istiqraz gəlirləri aşağı düşüb. Dəyərini itirən neft yenidən bahalaşıb. Cümə axşamı səhər yüksəliş rallisi Asiya və Avropa bazarlarında davam etdi”, - materialda vurğulanır.

Çərşənbə günü ABŞ-də ticarət sessiyasının başlamasından bir neçə dəqiqə sonra Donal Tramp “Truth” sosial şəbəkəsində “Alış-veriş üçün əla vaxtdır!” ifadəsini yazıb ki, bu da onun insayder ticarəti ilə məşğul olduğu barədə şübhələri daha da artırırb.

Bu baxımdan, Trampın açıqlaması vaxtı və sonrakı bazar sıçrayışları Konqresdə böyük təəccübə səbəb olub.

- Mənim bərbərim soruşur ki, Donald Tramp qısa satışlarla məşğul olur, yoxsa özünə pul qazanmaq üçün belə hərəkət edir. Bu o deməkdir ki, bir çox insanlar baş verənlərə şübhə ilə yanaşır”, - Virciniya ştatından olan senator Tim Keyn bildirib.

“Ticarət savaşı” Trampın özünə də baha başa gəlir
Nevada ştatını ABŞ Konqresində təmsil edən demokrat senator Stiven Horsford da Trampın “tarif fasiləsinin” bazar manipulyasiyası ilə əlaqəli olub-olmadığı barədə ilk sual verənlərdən biridir. Çərşənbə günü o, Ağ Ev administrasiyasının bazarlara qəsdən təsir göstərib-göstərmədiyini öyrənməyi tələb edib.

“Daimi siyasət dəyişiklikləri insayder ticarəti üçün təhlükəli imkanlar yaradır”, - senator Adam Şiff Konqresə müraciətində yazıb.

Əvvəllər hedci-fondun meneceri olmuş ABŞ-nin Maliyyə naziri Scott Bessent bütün iddiaların cavabında bildirib ki, tarif fasiləsi müttəfiqlərlə fərdi danışıqlara imkan vermək və Çini əlverişsiz vəziyyətə salmağa kömək etmək məqsədi daşıyır.

Adam Şiffin tələb etdiyi araşdırmalar adətən Senatın Məhkəmə və Maliyyə Komitələrinin xüsusi panelləri tərəfindən aparılır. Hazırda hər iki komitəyə Ağ Evlə münaqişədən qaçmağa çalışan respublikaçı senator Çak Qrassli və senator Mayk Krepo sədrlik edir. Şiff kimi ayrı-ayrı qanunvericilər yalnız öz ofislərindəki işçilərin köməyi ilə araşdırma apara bilərlər.

Xatırladaq ki, bundan əvvəl “Forbes” jurnalı “ticarət savaşı” nəticəsində Donald Trampın özünün aktivlərinin 500 milyon dollar həcmində dəyərdən düşdüyünü iddia edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   insayder   ticarət  





Xəbər lenti