Danimarka hərbçilərini Ukraynaya təlimə göndərir

   Danimarka hərbçilərini Ukraynaya təlimə göndərir
  16 Aprel 2025    Oxunub:721
Danimarka əsgərlərindən ibarət bir neçə qrupun Ukraynaya göndərilməsi planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə Danimarka Quru Qoşunlarının rəisi, general-mayor Piter Boysen məlumat yayıb. Onun sözlərinə görə, hərbçilər Ukraynada təlim keçəcəklər. Maraqlıdır ki, təlimlərə quru qoşunlarının müxtəlif alaylarını təmsil edəcək əsgərlər silahsız göndəriləcəklər. Hərbçilərin xüsusi diqqəti isə cəbhədə üç ildir ki, davam edən dron döyüşü təcrübəsinə yönələcək.

ABŞ və Danimarka Qrenlandiyanın taleyini müzakirə edəcəklər
"Sürət həm də daim düşünmək deməkdir. Ordudakı 42 illik xidmətimdə heç vaxt işlərin indiki qədər sürətlə getdiyini görməmişdim",- Boysen TV 2-yə müsahibəsində deyib. O, kəşfiyyat alayının yeni hücum PUA-larını idarə etmək üçün nəzərdə tutulan təlimləri seyr etməsinə də işarə vurub.

Boysenin sözlərinə görə, onun son aylarda Ukraynaya iki dəfə səfər etməsinin səbəbi yeni silah sistemləri və döyüş texnikaları olub. İndi general Ukraynadakı kurslara daha çox əsgər göndərməklə təlim prosesini sürətləndirmək istəyir.

Ukraynada təlim keçəcək əsgərlərin dəqiq sayı hələlik müəyyən edilməyib. Dron kursları da hələ təsdiqlənməyib. Lakin general bəzi detalları açıqlayıb. Qeyd edilib ki, nəzərdə tutulan planda təlimatçılar və əsgərlərin 1-2 həftəlik Ukraynada qalması yer alıb. Təlimlər ola bilsin ki, yayda reallaşsın.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Danimarka   Ukrayna   Təlim  





Xəbər lenti